SƏNƏT
Astara şəhidlərinin xatirəsi - "41" Tarix : 15 Yanvar 2022, 01:03

- Kamalə xanım, Astaranın 41 şəhidi haqqında kitabınızdan danışaq. Bu hekayələr necə toplandı?

- Müharibə haqqında oxumaq, filmə baxmaq başqadır, yaşamaq bir başqa. Biz müharibəni, qələbə sevinciylə bərabər şəhidlərin ağrısını da yaşadıq. Xəbərləri, videogörüntüləri izləyirdim. İlk Astara şəhidləri haqqında məlumatlara rast gəldim, axtardım, araşdırdım, ünvanlarını, əlaqə nömrələrini tapdım. Bu qürurlu, sevincli, həm də ağrılı günlərə qatqım olsun istəyirdim. Bilirsiniz, elə şəhid var ki, şəkli, ya da haqqında bir məlumat yox idi. Bu yazılar qəzetlərdə, onların saytlarında, "Yeni Səs", "Qadinkimi.az" və s. saytlarda yayımlandı. Ailələr üçün, özüm üçün təskinlik idi. İndi hər biri haqda az da olsa, məlumat var.

- Şəhid ailələri sizinlə danışmağa meyilli idilər?

- Ailələr çox yardımçı olurdular. Bəziləri ilə rayonda görüşmüşdüm, bəziləri ilə ancaq telefonla əlaqə saxlamışdım. "WhatsApp"la danışırdıq. Bir şəkil deyirdin, 5 şəkil göndərirdilər. Bölüşürdülər, ağlayırdılar, qürurlanırdılar. Təkcə ailə üzvlərini deyil, müəllimlərini, məktəb yoldaşlarını, ən əsas isə döyüş dostlarını tapırdım mütləq. Elələri var ki, hərbçidir, hələ də xidmətdədir. 200-300 nəfərlə söhbətləşmişəm. Yorulurdum, amma şəhidləri düşünəndə bu sözü dilimə gətirməyə utanırdım.

- Qəhrəmanların taleyini qələmə alarkən sizi ən çox təsirləndirən nə oldu? 

- Ən çox təsirləndirənmi, ağrıdanmı deyim, ata-anaların, ailə üzvlərinin mənə dəfələrlə təşəkkür etməsi idi. Hər bir qəhrəmanımın həyat hekayəsi də təsirliydi. Kitabın redaktoru Aysel Aydın Əlizadədir. Oxuyanda dedi ki, bu boyda ağrını necə yaşamısan? Elkiyar Məmmədov var, məsələn, uşaqkən valideynlərini itirib, qardaşıyla uşaq evində olub, sonra əmisinin himayəsində böyüyüb. Əksəriyyətinin yaşayışı çox çətin keçib. 

- Kitabın tərtibatı da, çapı da diqqət çəkir.

- Şəhidlərin şəkilləri olmalıydı. Ən keyfiyyətli kağızdan istifadə edilməliydi. Sözün düzü, düşündüm ki, imkanı olan adamlar niyə də dəstək olmasın? "Deputatlara müraciət edin” deyənlər oldu. Dəyərli həkim deputatımız Rəşad Mahmudov çox işlər görür, şəhid ailələrinə, xəstələrə yardım edir onsuz da, ona görə ona müraciət etmədim. Ziyafət Abbasovu isə seçicilər heç tanımır da. Ona nə deyim ki? Bir neçə adamla əlaqə yaratdım. Bir zəngimlə heç tərəddüd etmədən Ruslan Dadaşov "Nprint studiya" MMC-də nəşr edərik" dedi. Sonra öyrəndim ki, Tələt Məmmədov, İlqar Orucov, Şahin Dadaşov, Xaqan Axundov, Ceyhun Bəhramov, Anar Mustafayev də dəstək verib, sevindim. Hər kəsin şəhidlərimizi yaşatmaq arzusu sevindiricidir. Kitabın dizayneri isə İmambaxış Əliyevdir. 



- Kitab hazır olandan sonra şəhid ailələri ilə görüşünüz necə oldu?

- Astarada yaşamadığımdan çətin gəlirdi. Həyəcan keçirirdim. Hamı bilirdi ki, kitab hazırdır, gözləyirdilər. Qapı-qapı gəzməli də olsam, bunu edəcəkdim. İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbəri Firəngiz xanımla əlaqə yaratdım. Gün təyin etdik. Çoxları dəstək oldu: savaş qazisi Turan Həsənzadə, Abbas İbrahimli, polkovnik-leytenant Nail Orucovun ailə üzvləri, mayor Kamran Fərəcovun xanımı Nuranə Fərəcova, rayon ziyalıları Sakitə Ülvü, Təbrizə xanım, Nuranə Həmidova, Lənkəran Dövlət Universitetinin doktorantı Ramin Əliyev... 41 şəhid ailəsindən 70-80 nəfər ailə üzvü - ata-ana, bacı, qardaş, xanımları iştirak edirdi.

- Şəhidlərimizin həyatı haqqında kitablar bildiyim qədər çox deyil. Bu ənənəni geniş şəkildə yaymaq üçün nə etməliyik?

- Çox deyil. Cənub bölgəsi fərqləndi: Lənkəran, Lerik, Masallı şəhidləri haqda kitablar yazıldı. Hər rayonda yaradıcı insanlar var, yazmalıdırlar. Yazmırlarsa, siz, ya mən nə edə bilərik? Bu da bir ürək işi, ruh halı, vicdan məsələsidir. Ən ağrılı bilirsiniz nədir?  Müəllif kitabları yenə satılır. Şəhidlər haqda yazılan kitablar isə qalır... Mənə indi də müraciətlər olur: tanıdıqları qazilər, şəhidlər haqqında yazmağımı istəyirlər. Necə edim? Yazıram. Müxtəlif bölgələrdən olan şəhidlər haqda yazdıqlarımı da ayrı kitabda toplamışam.  


- Sizcə, hansı analar dünyaya qəhrəman övladlar gətirə və yetişdirə bilir? 

- Zəhmətkeş ailələrdə böyüyür belə oğullar. Dövləti, vətəni üçün yaşaya bilənlər yetişdirir belə oğulları. Nəfsi sevgisindən üstün olanlar igid, mərd övlad böyüdə bilməz. Şəhidlər arasında maddi durumu normal olanlar da var, amma azdır. Əksəri zəhmətkeş, kasıb ailələrdir. Bu, həqiqətdir. Vəzifəli, varlı adamların uşaqları yoxdur, ya da çox azdır. Fikri-zikri varlanmaq olan adam torpağını düşünmür. 

"Şəhid anası" şeirimdə demişəm:

Bu torpaq hamıya ana deyil ki,

Namərdin, qorxağın vətəni olmur.
Hər qadın sənin tək igid böyütmür,
Hər ana bətnindən şəhid doğulmur.

- Yazıçı, şair düşünürəm ki, həm də sülh adamıdır, humanist dəyərlərin carçısıdır. Sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Mən sülh adamıyam. Müharibənin  dəhşətini dərk edirəm. "İnsanlığa xəyanətdir" - belə şeirim var. Hələ gəncliyimdən "Qoruyaq bu dünyamızı", "Ürəklərdə ölməyin", "Silək sərhədləri", "Qızcığazlar ana olmaq istəyir" və s. kimi sülhə çağırış ruhlu şeirlərim var. Amma sərhədin, dövlətin varsa, onu qorumalısan. Coğrafi yerimiz xoşbəxtliyimizdir. Qonşular bədbəxtliyimiz. Müəyyən əlaqələrə məcburuq. Amma qonşuluq etməyə, danışmağa yox. Mənim üçün qeyri-mümkündür. Bu, indiki məsələ deyil axı?!.. Əsrlərin xəyanətini unuda bilmərik. Təkcə Ermənistanla deyil, bütün xəyanətkarlarla. Nə qədər torpaq verməli, ölməli, bağışlamalıyıq? Bəsdir daha. 

- Sülh və əmin-amanlıq içində yaşamaq, eyni zamanda gələcək nəsillərə bütöv Azərbaycan qoya bilmək üçün bundan sonra hər birimizin yerinə yetirməli olduğumuz vəzifələr nələrdir?

- Biz əslində sülhsevərik. Dövlət başçısı illərdir bu məsələni müharibəsiz, danışıqlar, sülh yolu ilə həll etməyə çalışdı. Bir şəhid atası söhbətimizdə dedi ki, bizi müharibəyə sürüklədilər. Həqiqətən belə oldu. Biz kiminsə torpağına göz dikməmişik, əksinə, bizim torpaqlarımız parçalanıb. Sülh şəraitində yaşamaq təkcə xalqın özündən asılı olsaydı, məncə, müharibələr  olmazdı bu qədər. Dünyada hegemonluq etmək istəyən qüvvələr, dövlətlər var. Demokratik hesab etdiyimiz dövlətlərdən biri (hərçənd belə hesab etmirəm) ABŞ milyardlar ayırır silahlanmaya. Dünya dövlətləri arasında birincidir. Müharibənin necə faciə olduğunu gərək dünyanı idarə edən siyasətçilər anlasın. Hələ ki bu, yoxdur. Ordusuz dövlət təsəvvür etmirik. Milyardlar xərclənir silah istehsalına. İnsan yetişməlidir, cəmiyyət yetişməlidir o qədər ki, buna "yox" desin. Bax, bu, yaxşı sualdır ki, Azərbaycanı necə qoruyaq. Tariximizi olduğu kimi yazaq, öyrədək. Hansı qonşu dövlətinsə maraqlarına görə həqiqətimizi gizləməyək, deməkdən çəkinməyək. Məsələn, Cənubi Azərbaycanın tarixini ətraflı bilməlidir övladlarımız. Biz dost və düşmənimizi tanıtmalıyıq gələn nəsillərə. Bu qədər unutqanlıq, susqunluq bəsdir.

- Yeni ildə bizi hansı yaradıcı yeniliklərlə sevindirəcəksiniz?

- Əslində, ötən il başqa kitabım hazır idi. Amma ilk növbədə müharibə edən bir ölkənin vətəndaşıyam. Belə zamanda şeirlər kitabı yersiz gəldi. Ona görə "41” yazıldı. Gecələr yatmadım. Başqa bir kitab da hazırdır: vətən mövzulu şeirlər, müxtəlif bölgələrdən olan şəhidlər haqda esselər və müharibə mövzulu hekayələr olacaq.

Ötən il də bir neçə mahnı oldu. 

Bu ili sevimlimiz Elçin İmanovun bəstəsində, Eyyub Yaqubovun ifasında "Bakım" mahnısı ilə başladıq. Bir neçə başqa mahnı da var. Çox istedadlı sənət adamları ilə maraqlı, ciddi iş birliyimiz var. Ömrün elə çağındayam ki, vaxt itkisinə vaxtım yoxdur. İl daha məhsuldar olmalıdır. 

 

Aytən Məftun

PUBLİKA.Az