FEMİNİZM
8 martla bağlı həmcinslərimə həsr olunur... Tarix : 06 Mart 2020, 20:01

Girls. Girls. Girls. Magazine'dən ilhamlanaraq...

Atbalaxanım!
Yaxşı at özünə qamçı vurdurmaz. Qadın pişik kimi olar.

Qadın ol, qadın, xanım ol, yumşaq ol, gülərüz ol.
Qız uşağı ağır olar. Oğlanlarla oynama. Rəfiqə ev yıxandı, nə rəfiqə? 

Tək getmə, tək olma. İşim var, vaxtım yoxdu. 

Yaxşı qadını əri döyməz. Ər döyər də, sevər də. Uşaqlara görə döz. Ana müqəddəsdi, sən anasan. 

Bozbaşını bişir, kişi işinə qarışma. 

Makiyajın çoxdu vulqarsan, makiyajın azdı solğunsan. Pomadan şitdi. Baxımsız olma!
Kimçün bəzənirsən?! 

Açıq-saçıq geymə. Bu nə torbadı əynində? Çəkici ol. Gözə girmə. 

Xanım-xatın ol, xanım. Təmizlə, süpür
ütülə, yedir, yemək bişir, dolma bük! Tezisi unutma! Mədə-yol-ürək! 

Kişinin qəlbinə yol mədəsindən keçir. Kişinin mədəsinə gir. 

Qardaşın, ərin, atan öldürər! Namussan, qeyrətsən. 

Bu nə gen paltardı, külək qaldırır. Bu nə dar paltardı, hər yerin bilinir.

Qadınlar pis sürücüdü. Uşağı məktəbə apar, kursa apar, gəzməyə apar, uşağa bax! Ana müqəddəsdi.

Adama qalan qızdı. Ev oğulundu. Bildin, ev qardaşına qalacaq?!

O evdən meyitin çıxsın. 

Deyingənsən, dır-dırsan. Zırıldama! Niyə susursan? Heç nədən başın çıxmır!

Arvad kimi qorxaqdı. Arvad kimi qeybət edir!
"Bəli, rəis, baş üstə, rəis”! "Bomba şeydi”! 

Qadın nədi idman nədi, qadın kor-kobud  olmaz.
Qadına ağırlıq yaraşır. (Ştanqayla gəzək?) 

İncə ol. Divanı çək, dolabı çək altını sil, zərif ol, zərif. 

Otur evdə. Evdar qadın. Bişir, yığışdır, ütülə. Bütün günü evdəsən neynəmisən ki, yorulmusan? 

Qadın cahil olmaz, oxu, öyrən, təmiz köynək ver. Alim qadın yoxdu!

Kişilər uğurludu, ağıllıdı, qadın beyni kiçikdi, təmiz corab ver. 

Xanım ol, xanım-xatın. Evinin xanımı, evinin qulluqçusu, ana, arvad, məşuqə, övlad. 

Müqəddəs Məryəm, zərif cins, incə ruh. 

Üz vermə, zorlamasınlar, 
Özünü döydürmə! Görən nə edib əri öldürüb? 

Gecə vaxtı küçədə nə işi var? 

Ər çörəyi ye. Ər, ərin, ərdə
Ürək, yol, mədə...Tezisi unutma!

Alim kişi çoxdu, hanı siyasətçi qadınlar, hanı yazıçı qadınlar? Kişilər bacarıqlıdı, beyinləri böyükdü, təmiz tuman ver. 

Kötük kimi uzanma, yaxşı seviş, ərini əlində saxla. Ərinin həm xanımı, həm məşuqəsi ol. 
Ayıbdı! Bunları hardan öyrənmisən?! Fahişə!

Qayınana, qayınata, qayın, baldız...Gəlinbacı ol, gülümsə, xoş davran, bəli-başüstə de, qulluq et, başını aşağı sal, abır, əxlaq, həya! 

Ev qızı! Ev xanımı! 

Birdən almaz, birdən atar. Evinin xanımı etdi, şükr elə. Ər çörəyi.
Səni mən saxlayıram! Əlimə baxırsan!

İşlə, evə kömək et. Qadın da işləyə bilər. Niyə gec gəldin, harda ...(i)din?! Pozğun, əxlaqsız, küçə qızı!

Cavab qaytarma. Kişi olan yerdə danışma.
Sus. İstəmə. Arzulama. 

Belə ol, elə ol. Heç kim ol!

Arvadsan, otur arvad yerində. Sən heç kimsən!

Bu, xəyanət deyil ki! Kişiyə olar. 

Cehiz, divan, soyuducu, qazan dəsti, 
Diplomlu qız. Diplomlu servant.

Evdəqalmış, qarımış, alan yoxdu. Al, almaq, alma. Günah Həvvadadı. 
Almanı dərdirdi. İfritə! Hiyləgər! 

Qabırğasan! Artıqsan!
Qadın Peyğəmbər yoxdu! Yeməyə nə var?

Kişilər arıq sevir, kişilər ətli sevir. Gəncliyində gözəl olub. Nə gündədi?

Ərə ver. Qızı vermisən? 
Ver getsin...

Aysel Aydın Əlizadə
qadinkimi.com