UŞAQ / BÖYÜK
Bir ailədə onun gənc fərdləri üçün nəfəs almaq niyə çətinləşir Tarix : 03 Mart 2021, 06:44

Bir ailəyə aid və sahib olmaq dünyanın ən böyük sərvətidir. Kim buna etiraz edə bilər, axı? İsti bir ev, qaynayan qazan, oynayan, qışqırışan uşaqlar, yorğun, amma səbirli, sevgi dolu iki yetkin fərd. Hələ o evdə nənə-baba da varsa, vəssalam, xoşbəxtliyin ən gözəl tablosu tamamlanıb, deməli. Bəs hər ailə görünüşdə yox, öz içində bir xoşbəxtlik tablosu olmağı, bir-birini tamamlayan rəng keçidlərinə sahib olmağı bacarırmı? Əgər bacarsaydı, ölkəmizdə bu qədər böyük duyğusal böhran yaşanardımı?

Təəssüf ki, yazıçı bu məsələdə çox haqlıdır. Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Çünki xoşbəxtliyin formulu hər ailədə eynidir. O, sevgi, sədaqət, mərhəmət, səbr və əməkdir. Bədbəxtlik isə hər cür olur. Ən əsası da, bu yuxarıda sadaladıqlarımızın olmadığı ailələrdə hər cür bədbəxtlik üz verə bilir.

Sevil Atakişiyevanın ölümünün ardından yayılan yazışmaları və əgər başına bir iş gələrsə, bundan valideynlərini məsul tutması çox ağrılı haldır. Həm də ona görə ki, biz bilirik ki, o, tək deyil. Bu cəmiyyətdə ailəsiylə yaşayan gənclərin qızlı-oğlanlı əksəriyyətinin yaşadığı duyğusal, psixoloji boğulma halını Sevil səssizcə öz mesajında belə təsvir edir: "Nəfəs almaq çətindir".

Bir ailədə onun gənc fərdləri üçün nəfəs almaq niyə çətinləşir? Keçdiyimiz günlərdə vəfat edən türk psixoloq və akademik professor Doğan Cücəloğlu bir məqaləsində bunun əsas səbəbinin sürətlə dəyişən dövrlə ayaqlaşa bilməyən, yeni dönəmdə hələ də köhnə tərbiyə üsullarını təkidlə tətbiq etməyə çalışan valideynlərdə olduğunu yazıb. O deyir: "Birinin digərini idarə etməsi mənasına gələn "güc" anlayışından başqa heç nə ifadə etməyən qorxu mədəniyyətində uşaq tərbiyəsi uşağın güclülər tərəfindən utandırılmasına və döyülməsinə əsaslanır. Belə tərbiyə üsulu ya "arsız", ya da "qorxaq" insanlar yetişdirir".

Fikir verin, nəsillər boyu qorxu mədəniyyəti ilə mayalanmış, "mən-sən" davasıyla böyüyən valideynlər indi texnoloji mühitdə böyüyən yeni nəsil yetişdirməyə çalışırlar. "Hakimiyyət" anlayışının tərifi elmi düşüncə və demokratiyanın inkişafı ilə dəyişdi. Bu gün davamlı gücün təməli yalnız insan ağlına və yaradıcılığına hörmətdən keçir.

Bəs valideynlər bu cür gücü öz həyatlarına və ailələrinə gətirə biləcəklərmi?

Buna nail olan bacarıqlı analar və atalar əlbəttə, var. Onlar əvvəlki nəsildən miras qalan qorxu üstünə qurulmuş "mən-sən" mədəniyyətinin yanlış olduğunu görən və bunlardan qurtulmağa, yeni perspektivlər qazanmağa çalışan, "biz" deməyi bacaran valideynlərdir. Heç şübhəsiz, bu valideynlər şüurlu şəkildə mübarizə aparan, şəxsiyyət bərabərliyinə inanan və övladlarını da bu istiqamətdə böyüdən, onların sağlam düşüncəli fərdlər olmasına çalışan insanlardır. Digər tərəfdə isə bu qorxu mədəniyyətinin qəliblərindən xəbərsiz, insanları təbii bir hal kimi vasitə olaraq görən və özlərinə də övladları qədər hörmət etməyən valideynlər toplumu var. Sanki onlar üçün yalnız iki seçim var: ya uşaqlarını adam yerinə qoymurlar, ya da daima onlara nəzarət etmək istəyirlər. Uşaq yetkinlik yaşına çatanda və bir az güclənəndə onları sözə baxmamaqda, özbaşınalıq və əxlaqsızlığa meyillilikdə günahlandırırlar.

 

 

 

 

Əxlaqlı, nə etdiyini bilən, tərbiyəli uşaq böyütməyin tək yolu gənclərə sərt məhdudiyyətlər qoymaq, bu qadağalardan kənara çıxanda onlara qarşı sərt cəza tədbirləri görməkdənmi keçir? Məgər bu, psixoloqun da qeyd etdiyi kimi, insan ləyaqətini, şəxsiyyətini alçaldan addım deyilmi? Bu, insan psixologiyasını pozmurmı? Quldarlıq dövründə sahiblər sözə baxmadıqlarına görə öz qullarını bərk kötəkləyir, amma mərhəmət göstəricisi kimi sonra onlara bir qab yemək və təmiz paltar verirdilər. Sosial şəbəkələrdə valideynin övladını döyməsinin düzgün tərbiyə üsulu olduğu fikrinə haqq qazandırmağa çalışan, uşağı, gənci fərd olaraq görməyən insanların sahib olduqları təfəkkürün həmin dövrə nə qədər yaxın olduğunu müşahidə etmək o qədər də çətin deyil. Bu insanlar üçün dəyişən dünya sistemində doğru tərbiyə üsulunu mənimsəmək, sağlam fərd kimi uşaq yetişdirmək də çətinləşir. Bugünkü mənzərə onu göstərir ki, belə düşüncəyə sahib valideynlər dəyişən dünya ilə, içərisində olduqları sosial şərtlərlə ayaqlaşa bilmir və bunun qəzəbini uşaqlardan çıxırlar.

Professor Doğan Cücəloğlu bir ailədə uşağın sağlam böyüməsi, elə ailənin digər fərdlərinin də psixoloji olaraq güclü qala bilməsi üçün altı əsas hissi ehtiyacdan bəhs edir, bunların insan psixologiyası üçün ən təməl ehtiyaclar olduğunu xüsusi vurğulayır. O yazır ki, insan daima ünsiyyət prosesində olduğunun fərqinə varmalıdır. Yəni uşaq doğulduğu andan etibarən daima bir ünsiyyət prosesi içində olur. Davamlı olan bu ünsiyyət prosesində insanın, yəni şüurlu canlının altı əsas ehtiyacı var ki, bu, mütləq təmin olunmalıdır. Bu ehtiyaclar qaşılanmadıqda, insanın daxilində yaradılışıyla, varlığıyla bağlı qəzəb yaranır. Psixoloq vurğuladığı bu "var olmaq qəzəbi"ni insanı və onun aid olduğu ailəni, yaşadığı cəmiyyəti parçalayan ildırım kimi təsvir edir. Bu, həqiqətən də belədir. Gənc Sevil Atakişiyevanın ölümü ilə ailəsinin evinə düşən ildırım kimi.

Professorun qeyd elədiyi bu əsas hissi ehtiyaclardan birincisi balansdır. Uşaq hiss etməlidir ki, o, həm ailəsinə aiddir, həm də müstəqil bir fərdir. Əlbəttə, körpələr üçün, hətta yetkinlik yaşına çatmayanlar üçün ailəyə aid olma hissi daha güclü olur. Burda aidlik hissi uşaqda zorakı aidlik yox, qorunmaq, mühafizə olunmaq ehtiyacından yaranır. Bəslənmə, qorunma baxımından təbiətin ən aciz canlısı insan övladıdır. Körpə doğulduğu andan etibarən şüurlu şəkildə yox, hissi səviyyəsində bunun fərqində olur. Buna görə qorxanda, diqqətdən kənar qalanda qəzəblə ağlıyar. Çünki körpədə başlıca instinkt olaraq aid olmaq istəyi, hissi var.


İkincisi qayğı görmək, üçüncüsü isə qəbul olunmaq istəyidir. Görünüşüylə, cinsiyyətiylə, olduğu kimi ailə tərəfindən qəbul olunub qayğı və sevgi ilə əhatə olunduğunu hiss etmək istəyir uşaq.

Dördüncüsü dəyərli olmaq hissidir. Psixoloq bunu izah edərkən vurğulayır ki, dəyərli olmaq hissi əslində, ailənin bir parçası kimi qəbul olunub sevilmək deməkdir. Yəni hər səhvində ailənin sənin üçün təhdid ünsürü olduğunu hiss etmədən, canına zərər vermədən sənə o ailənin həqiqi bir fərdi olduğunun hiss etdirilməsidir.

Beşincisi ailədən motivasiya almaqdır. "Sənə güvənirəm, sən bacararsan" sözlərini eşitmək ailədən güc almaqdır. Bu, uşaqda "mən bacararam, mən özümə güvənirəm" duyğusunu formalaşdırır. Yalnız bu cür dəyər görən uşaqlar qorxmadan, çəkinmədən öz potensiallarını reallaşdıra bilirlər.

Altıncısı isə "sən sevilməyə layiqsən, sənin inkişafın üçün əmək və zaman verirəm" hissini uşağa ötürməkdir. Uşaq bunu valideynin davranışlarından hiss edərək ürəklənir.

Bütün bunlar hamısı ailə içində davranışlarla, xitab şəkli, ünsiyyət üslubu ilə uşağa, gəncə hiss etdirilərsə, o ailədə yetişən uşaq da bu əsas altı müsbət, bərpaedici hissi duya bilər. Yəni bu elementlər bir insanın bütün şərtlərdə sağlam psixologiyada yetişə bilməsi üçün ona verilməli olan ruhun qidasıdır.

Çox təəssüf ki, cəmiyyətimizdəki əksər valideynlər uşağın ruhunu məhz bu cür qidalandıra bilmədikləri üçün, onların gözdən kənarda qalan kimi əxlaqsızlığa meyl edəcəklərini düşünürlər. Onlar əslində, uşaqlarından yox, onlara verə bilmədikləri mənəvi dəyərlərə görə xof içində olurlar.

Valideynlər anlamalıdırlar ki, qucaqlarında tutduqları can, təkcə onların öz övladları deyil, həm də ölkənin və insanlığın gələcəyidir. Çağdaş, mədəni ailə olmadan, çağdaş, mədəni ölkə də ola bilməz. Bu, mümkün deyil. Azərbaycanda sağlam bir cəmiyyətin bərqərar olmasının təməlində uşaqların sağlam ailələrdə yetişməsi amili dayanır.

 


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

 

Natəvan Abdulla