DƏB VƏ BAXIM
Böyük Britaniya kraliçası II Yelizaveta və sevimli çətirləri Tarix : 08 Oktyabr 2018, 17:56
Yazar : Qadinkimi.com
Kraliça olmaq və Londonda yaşamaq təbii olaraq yağışa qarşı hazırlıqlı olmağı tələb edir. Bu səbəbdən Kraliça II Yelizavetanı səfərləri zamanı tez-tez çətirlə görmək mümkündür. Bəs 92 yaşlı kraliçanın böyük çətir kolleksiyası olduğunu bilirsinizmi? 

Hər geyiminə uyğun bir çətir götürən kraliça bununla özünəməxsus dəb trendi yaradıb.  Kraliçanın 1993- cü ildən bu yana kolleksiyasını topladığı bu çətirlər hamısı şəffafdır, yalnız rənglərinə görə bir-birindən fərqlənirlər. Çətirlər model olaraq "Birdcage” adlanır və markası "Fulton”dur. Kraliça çətirlərini seçərkən, onların, geyindiyi kostyuma və şlyapaya uyğun olmasını əsas götürür. Beləliklə də o, yağışlı havada belə mükəmməl görünüşə sahib olmağı bacarır. 

2006- cı ildə hətta "Fulton” markası yüksək keyfiyyət və eksklüzivliyinə görə "Royal Warrant” mükafatına layiq görülmüşdür. 
Kraliçanın hər zaman "Birdcage” modelini seçməsinin daha bir səbəbi var. Belə ki, "Fulton”un nümayəndəsi öz izahında söyləyib ki, şəffaf qübbəli çətir kraliçanı İngiltərənin kaprizli havasından ideal qoruyur və onun digər insanları görməsinə məhdudiyyət yaratmır. Həmçinin, belə çətirlərin hazırlanması göründüyü kimi sadə deyil. Bir neçə ay öncə kraliçanın geyinəcəyi geyimlərin parçalarının nümunələri "Fulton”a göndərilir, bundan sonra çətirlərin və onların tutacaqlarının rəngi eləcə də materialı seçilir. Yalnız bu prosesdən sonra komanda çətirlərin hazırlanmasına başlayır. Həmin gün havanın yağışlı olacağı məlum olmaya bilər, lakin  kraliça tərzinə uyğun gəlməyən aksesuarla heç vaxt heç bir tədbirdə görünə bilməz.