SƏNƏT
Flora Hüseynova yazır: Dörd divar arasında çürüyən sənətkarımız... Tarix : 08 İyul 2018, 17:28
Yazar : Flora Hüseynova
Müsahibə də almaq olardı. Gedib canlı-canlı müsahibə götürə bilərdim. Amma o, bütün sözlərini bu axır zamanlarda verdiyi müsahibələrində deyib. Sadəcə bu müsahibələrdən nəticə çıxmayıb. Bəli, verdiyi müsahibələri bircə-bircə incələdim. Qonaq olduğu verilişlərdə ( sayı az olsa da) bütün danışıqlarını dinlədim.

Və anladım...anladım ki, Səfurə xanım qadın kimi qadındı. Məğrur, qürurlu, şəxsiyyətinə hörmətlə yanaşan əsil sənətkardı. Sənət sferasında yeri görünən aktrisa. Heç vaxt "əvəz olunmaz kimsə yoxdur" deyimi ilə razılaşmamışam. Əvəz olunmayan şəxsiyyətlər olub, var və olacaq da. Səfurə İbrahimovanı xalqının sevimli aktrisasını da xalqı üçün, tamaşaçıları üçün heç kim əvəz edə bilməzdi və etmədi də. Fərqlidir, bəlkə də zaman dediyimiz məvhumla ayaqlaşa bilməyən fərqli bir sənətkardı.

Bu yaşında belə, zərifliyini, utancaqlığını itirməyib. Zamanın ondan aldıqları ilə , ona verdikləri ilə razılaşdığını deyir. Sadəcə yaşadıqlarını danışır. Gördüyü haqsızlıqlardan, küsdüyü sənət yoldaşlarından, teatrdan getməyindən danışır, amma deyinmir, gileylənmir, şikayətlənmir. Heç bir müsahibəsində buna rast gəlmədim. Övladı olmadığına görə 5 ildən sonra yoldaşından ayrılmasından da çox sakit , rahat danışaraq "bu belə olmalı idi, mən onu övlad sahibi olmaqdan məhrum edə bilməzdim" deyib ondan ayrılan həyat yoldaşına haqq qazandırır. Baxmayaraq ki, bunu faciə kimi qəbul edib , bu səbəbdən ondan ayrılan həyat yoldaşına dünyanın qalmayan ağrı acısını yaşadan qadınlar da var. Amma qisməti ilə barışan insanlardandı Səfurə xanım- sakit, səssizcə, mübahisəsiz.

Teatrdan küsüb getməyi haqqında da sakit danışır, ona olan hörmətsizliyi qəbul edə bilmir, şəxsiyyətinə sığışdırmır, mənliyini, qürurunu sındırmır. Bir istedadlı , sevilən, özünə güvənən aktrisanın teatrdan getməyi xalqı , sevənləri üçün böyük itkidirsə, onun özü üçün faciədir. Amma, o hər şeyi gözə alıb gedir. İllərlə özünə qapanır. Heç şübhə etmirəm ki, bütün yaşadığı ağrı, acıya , məhrumiyyətlərə qarşı daxılındə bir üsyan olub- özlüyündə. Bunu ətrafa yansıtmayıb. Daxilində yaşadıqlarını da özündə saxlamayıb , qəlbini ruhunu təmiz saxlayıb. Kin-küdurət insanı zamanla çirkinləşdirir. O, daxilində heç bir kin saxlamayıb, Səfurə xanım bu yaşında belə saf, məsum gözlərlə baxır dünyaya.

Bu bir həqiqətdir ki, azərbaycanlı xanımlar yaşlarının üstünə yaş gəldikcə gözəlləşirlər. Heç bir plastik müdaxilə olmadan simasının zərifliyini, gözəlliyini saxlayıb bizim dəyərli aktrisamız. Çox aktrisamıza örnəkdir, lütfən, baxın və yaşlanmağın gözəlliyini görün. Təvazökarlığı ilə adamı heyran qoyur Səfurə xanım. Əslinə qalanda məqsədim Səfurə xanımı tamaşaçılara eləcə tərifləmək deyil. Bunları qeyd üçün yazdım. Məqsədim tam başqadır.
 


Son zamanlarda verdiyi müsahibələri, haqqında çəkilən reportajları çox diqqətlə izlədim və...Və bu qədər mesajı heç kim duymadı deyə çox təəssüfləndim. Səfurə xanım heç bir müsahibəsində aktrisalığı ilə bağlı keçmiş zamanda danışmır, rollar ona veriləndə necə yanaşır, obraz üzərində necə işləyir, onu necə mənimsəyir - bunlar haqqında danışır həm indiki zamanda... Bəlkə də illərin küskünlüyünə son qoymaq istəyir deyə media nümayəndələrinə, televiziya işçilərinə qapısını açır. Bəlkə dedim...Xeyr mütləq belədi.

Həm də haqqı var. O , həqiqətən Azərbaycan kinosuna canını fəda edən aktrisalardandı. Çəkiliş zamanı atdan yıxıldığına görə indiyə kimi ağrılar çəkir, soyuq payız ayında buz kimi suyun içində, ayaqyalın "Alma - almaya" bənzər tamamlansın deyə canını qoyur...neçə belə hadisəyə görə bəlkə sevimli Səfurə xanım ana olmaqdan məhrum olub. Kim bilir?... Amma bilinən bir həqiqət var. Səfurə xanım Azərbaycan kinosuna lazımdır. Bu qədər film çəkilir, bu filmlərdə heçmi Səfurə xanıma yer yoxdur? Axı hər hansı rejissor Səfurə xanımı filminə cəksə, onun yaradıcılığının unudulmaz, tarixə düşən səhifəsi olacaq. Axı Səfura xanım da özündən sonra tarix olacaq...Ona bir şey olsa, biz yenə " böyük aktrisamızı itirdik" deyib kədərli sözlər danışacağıq. Niyə sağ ikən, həm də rol almaq eşqi canında çırpınırkən ona yer verməyək? Diqqət göstərməyək? Səfurə xanım çəkilmək istəyir. Bunu bütün aktyorlar istəyir. Və o " bütünlərin" içində ən yaxşıları unutmaq ədalətsizlikdi.
 



Düşündüm bu mesajdan sonra rejissorlar bir-birinə aman verməyəcəklər. Çox heyif, deyəsən biz hələ də çox şeyi görə bilmirik, nələrdən özümüzü məhrum etdiyimizi dərk etmirik. Məşhur amerikalı aktrisa Qloriya Styüart kino karyerasına 30 il fasilə verdikdən sonra yenidən qayıdır. Ən gözəl obrazlarını da bu dönəmdə yaradır və belə deyirlər ki şöhrət Qloriya Styüartı 80 yaşından sonra tapdı. Nə xoş amerikalılara, deyilmi? İllər sonra sevimli aktrisalarını yenidən ekranlarda gördülər. Bəs biz? Biz nə olacağıq bu laqeydliklə? Tamaşaçılar yenidən sevimli aktrisalarını ekranlarda, televiziyada görməsinlər? Yoxsa bizə elə həmişə "heyif, kaş ki" demək qalacaq?.. Qloriya Styüartdan fərqli olaraq Səfurə xanım cəmi 13 il fasilə verib... ,"Arşın mal alan"da Telli. "Qatır Məmməd"də Həbibə. "Sevil"də Dilbər.