YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ, GENDER
Erkən nigahın fəsadları Tarix : 05 Fevral 2022, 20:30
Cəmiyyətin yeni müzakirə mövzusu, hədəf obyekti Əfsanədir, telekanalların birində efir zamanı cinayətdə əli olduğunu etiraf edən 24 yaşlı bir qadın. Efirdə baş verənlər, cinayətin üstünün bu şəkildə açılması bir başqa məsələ...
 
Məni daha çox narahat edən 24 yaşlı qadının bu taleyi yaşamasına gətirib çıxaran o 14 yaşdır, bu yaşda ailə qurmasıdır, erkən nikahın bu qədər aydın və sərt şəkildə görünən fəsadlarıdır. Ən təhlükəlisi isə, erkən nikahın faciələrlə nəticələndiyini gördükləri halda hələ də övladlarını məsuliyyətsiz və düşüncəsiz şəkildə həyatın çətin sınağı qarşısında qoyan valideynlərin olmasıdır. Yəni problemin kökü birbaşa həmin qızların valideynləri, yetişdiyi mühitlə bağlıdır. Bu yaşda ərə getmək insanın təməl haqlarından məhrum olması, birbaşa hüquq pozuntusudur. Ona görə də qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Prosesdə iştirak edən valideynlər hüququn aliliyindən kənarda qalmamalıdır. Əlbəttə, qanunların kəsdiyi cəza da tam olaraq həll yolu deyil. Bu yöndə dövlətin ciddi və sistemli şəkildə konsepsiyası hazırlanıb işlənməli, bu konsepsiya qanunvericiliklə yanaşı, televiziyaların efir siyasətində, vətəndaş cəmiyyətinin fəaliyyətində öz əksini tapmalıdır.
 
Valideynlər anlamalıdır ki, qızının maddi ehtiyaclarını təmin edə bilmirsə, onun təhsil almasına, hər hansı bir peşəyə yiyələnib öz ehtiyaclarını təmin etməsinə, özünün ayaq üstdə dayana bilməsinə şərait yaratmalıdır. Valideynlərin övladlarına uşaq yaşdan cinsi tərbiyə verməsi, onlarla bizim cəmiyyətdə ayıb sayılan intim, məhrəm mövzular haqda danışması, sağlam təfəkkür, fikir aşılaması lazımdır. Problemi həm də valideynlərin düzgün şəkildə istiqamətləndirilməsi, maarifləndirilməsi, onların qız uşaqlarına sevgi və sayğıyla yanaşması ilə yenmək olar. O, evdə həyata hazırlaşır, oxuyur, təhsil alır, özünə sağlam mühit formalaşdırır, peşə, iş sahibi olur. Valideynli-uşaqlı hər kəs dərs etməlidir ki, 14-15 yaş ərə gedəcək, ərə veriləcək yaş deyil. Bu yaşda heç kim sağlam qərarlar verməyə, ailə qurmağa, ailə idarə etməyə, övlad tərbiyə etməyə qadir deyil.
 
O bilməlidir ki, bunun üçün qızının həm fiziki cəhətdən,həm psixoloji, həm mənəvi cəhətdən formalaşma dövrü olmalıdır. Qızın həyat təcrübəsi, təhsili və sağlam düşüncəsi 14 yaşında ikən bir evdən digər evə gəlin köçməsi ilə əldə olunmur.
 
14-15 yaşlı qız uşağı özü düşüncəsizlik edib ailə qurmaq istəsə belə, burda valideyn məsuliyyət daşıyır. Çünki o, uşaq-yeniyetmə hesab olunur və uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. 15 yaşında qızın ərə getməsi, ana olması onun həm fiziki-mənəvi inkişafına, həm də psixi sağlamlığına xələl gətirir ki, valideynlərin də öz hüquqlarından istifadə edərək buna yol verməsi qanunaziddir. Məsələ burasındadır ki, bizdə ailə-məişət məsələlərində vətəndaş qanundan, hüquqdan çəkinmir. Çünki bizim cəmiyyətdə mental dəyərlər hüquq sistemini üstələyir və qanunvericiliyin özündə də bu mənada boşluqlar var.
Erkən nikah problemi özündə tarixi ənənələrin də yükünü daşıyır. Bu ənənəni dəyişmək üçün valideynlərin düşüncə tərzinin dəyişməsi, dünyagörüşünün formalaşması istiqamətində ciddi işlər görmək lazımdır. Onlar erkən nikahın fəsadlarından, acı nəticələrindən dərs çıxarmalıdırlar. Hər halda bu barədə media və sosial şəbəkələrdə kifayət qədər həyat hekayələri, faciələr var. Hələ həyat təcrübəsi olmayan, müstəqil şəkildə qərar verə bilməyən bir qızın ərə gedib, övlad dünyaya gətirməsinə heç bir sağlam düşüncəli insan razı ola bilməz.
 
Belə olan halda qız uşaqları yaxşı bir mütəxəssis olmaq barədə, uğur qazanmaq, cəmiyyətdə öz yerini tutmaq barədə düşünmür. Sağlam mühitdə yetişməyən bir qızı bu düşüncələrdən ayırmaqda məktəbin, müəllimlərin üzərinə böyük düşür. İnanıram ki, təhsil alan, mütaliə edən, böyük hədəfləri olan insan 15 yaşında beşik yürüməyi ağlının ucundan keçirməz. O başa düşər ki, yaxşı ana olmaq, sağlam övlad böyütmək üçün də, ilk növbədə, savad almaq, inkişaf etmək lazımdır. Ümumiyyətlə, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.
 
Erkən nikaha daxil olan qız təhsilini başa çatdırmır, cəmiyyətdən təcrid olunur. Əksər hallarda cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Yəni özünü realizə edə bilmir. Erkən nikahın qurbanı olan gənc ananın mənəvi gücü də olmur, bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin yükünü zərif çiyinlərində daşımağa gücü çatmır.
 
Təhsilsiz və nikahsız gənc ananın problemi cəmiyyətin probleminə çevrilir. Buna görə də erkən nikahın fəsadlarıyla bağlı maarifləndirmə işlərində hər kəs bacardığı qədər iştirak etməlidir. Çalışaq ki, bu, əzəli və əbədi problem olaraq qalmasın. Buna görə hüquq, təhsil sistemindəki boşluqlar aradan qalxmalıdır. Ailənin qızı yük hesab etməməsi, qızın ailəsindən iqtisadi asılılığın olmaması üçün maddi durum yaxşılaşdırılmalı, işsizlik problemi həllini tapmalıdır. Mənə görə isə, ən əsası beyinlər sağlamlaşdırılmalıdır. Çünki sağlam düşünəndə hər bir problemin öhdəsindən gəlməyə mənəvi güc və həll yolu tapmaq olur.
 
 
 

Sevinc Fədai
AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini