FEMİNİZM
Əziz atalar, feminist olun Tarix : 26 Yanvar 2021, 15:48

"Qızlar ağlamaz" kitabından parça

 
Qonşumuzda Qasım kişi vardı. Hər gecə içib gələr, ailəsini döyüb çölə atardı. Arvadı boşanmırdı. Əksinə, Qasım evə gəlməyəndə küçələrə düşüb onu axtarardı. Sonra Qasım biryolluq qayıtmadı. Uşaqların canı qur-tardı. İndi yetkin adamlardı. Hələ də analarını bağışlaya bilmirlər: Bizə o həyatı yaşatmağa nə haqqın vardı? Niyə ayrılmırdın? 

"Uşaqlarıma görə ayrılmıram” deyən qadınlara dəfələrlə səslənmişəm: Uşaqlarınıza görə ayrılın! O səhnələri övladlarınıza yaşatmağa haqqınız yoxdu. Onları zəhərləməyin. Ömürlük bədbəxt etməyin. Travmalardan çox az adam qurtula bilir. Özləri ilə həyatlarına daşıyırlar adamlar zərbələri. Münasibətlərinə daşıyırlar. Seçimlərinə daşıyırlar. Hər kəsin cəsarəti çatmır qurtuluşa.
Qurtuluş çox ciddi dönüş nöqtəsidi insanın. Qurtuluş – azadlıqdı.
Azadlığı hər kəs üzərinə götürə bilmir. 

Dedik, axı, azadlıq böyük məsuliyyətdi. Toparlanacaq-san, imtina edəcəksən səni bədbəxt günə qoyan şeylərdən. Bədbəxtliyi tərgidəcəksən. 
Hədəf seçəcəksən. Məqsəd qoyacaqsan qarşına – xoşbəxt olacam! Uğur qazanacam. Bacaracam! İrəliləyəcəksən. Bütün seçim və qərarlarına görə özün cavabdeh olacaqsan. Kimsəni suçlamayacaqsan. Hər şey başlanğıcını səndən götürəcək həyatında. Sənin ağlın, ürəyin, duyumun, vicdanın qərar verəcək. 
Gözünün önündə anası döyülən uşaqdan adam olmaz. Uşaq üçün bundan əzablı heç nə yoxdu. Uşaq üçün ana hər şeyin başlanğıcıdı, dünyanın özüdü. İlk şeirini anaya yazır, dil açanda adını deyir, rəsm çəkəndə ananı çəkir. 
Kişi tanışımın qızı onu öyür: "Sən nə yaxşı anasan”. Onun üçün hamıdan yaxşı atası belə, anadı.
Əziz atalar! Yaxşı ana olmağa çalışın.

Övladınıza verə biləcəyiniz ən böyük şey budu.
Nə var, nə pul, nə sərvət, nə bahalı əşyalar, oyun-caqlar, pullu məktəblər əvəzləyər.

Yaxşı ata = yaxşı ana. Bu qədər sadə...
 
Feminizmə qarşı çıxanda bir an düşünün. Qızınız bö-yüyür. Onu kimsə incitsə, döysə, adam yerinə qoymasa, sevdiyi sənətindən, dostlarından, dünyasından ayırıb – özünə qul etsə, dözərsizmi? 

Dözərsizsə ata – valideyn deyilsiz. Heç adam da deyilsiz. Valideynlik sonsuz sənətdi. Hər an, hər gün öyrənirik, bitmir.
Valideyn övladının incidilməsinə dözmür. Belədi, sadə və ağırdı. Ağır sadəlikdi. Həqiqəti elə aydındı ki, heç bir mentallığın arxasında gizlənə bilməz.
Qızını tələsik ərə verib canını qurtaran ata yaxşı ata deyil. Ana da müqəddəs ana deyil.

Əziz atalar! Feminist olun. 

Heç olmasa qızlarınızın xatirinə. Onda dünyaya ayrı cür baxacaqsız. Döyülən heç bir qadına görə susa bilməyəcəksiz. Kömək edəcəksiz, polis çağıracaqsız, imkanınız çatırsa, maddi dəstək verəcəksiz. Davamlı bu mövzunu gündəmə gətirəcəksiz, çevrənizdə, ailənizdə müzakirə edəcəksiz. Qadınlarını əzən kişilərə baxanda ürəyiniz bulanacaq. Gözünüzün önünə qızınızı gətirəcəksiz. Öldürmək istəyəcəksiz o adamı. Öldürməyin. Qanuna təhvil verin, ictimai qınağa yem edin. Yardım edin, əl uzadın əzilən qadına. O kişinin önünə keçib izah edin: Belə kişilik olmaz!
 
Aysel Əlizadə "Qızlar ağlamaz"
qadinkimi.com