FEMİNİZM
Əziz qadınlar, xoşbəxtliyimiz kimdənsə asılı ola bilməz, uydurmadı Tarix : 03 Avqust 2020, 17:01
"Qızlar ağlamaz" kitabından parça 

 
Ayrılıq heç də ağrısız proses deyil. Təəccüb etməyək. Ürək sancısı kimi arabir tutub buraxmağı var. "Sanki hamilə qalırsan, uşağı aylarla gözləyirsən, bütün orqanizmin onun doğuşuna köklənir və bir gün də abort etdirirsən”. Dərd çəkildiyi qədər dərddi. Qərar verdinizsə, geriyə baxmayın. Bitib. Geri qayıdıb öz qəlbini dayanmadan deşmək nə qazandırır?
 
Bitir. Beynində, dilində bitir. Özünə "yox” deyə bilən insanları sevirəm. Boş verin. Heç kim heç kimi aldatmır. Kim aldadırsa, özünü aldadır. Xoşbəxtliyimiz kimdənsə asılı ola bilməz. Olmur belə, uydurmadı.

Kədərli musiqi dinləməyin!
Keçmiş haqda düşünməyin! 
Onu yadınıza salmayın!
Ağlınıza gəldiyi an başqa mövzuya keçin!
Bir də unutmayın: Qadınlar ağlamaz!
Özünüzə baxın.
Çəkinizə diqqət edin. Faydalı yeyin.
Uğura köklənin.
Ev işlərinə qapılmayın.

İşinizlə bağlı gecənin bir aləmi ağlınıza nəsə gəlsə, özünüzü qaldırın yataqdan, durun, o işi görün. İş planıdırsa yazın, qeyddirsə aparın, sxemdirsə çəkin.
Uğurlu qadın olmağın yolu ərdən keçmir. Yaxşı ər də olarsa, nə gözəl, olmazsa, eybi yox.
Sağlam çevrə qurun. Yaxşı dostlar qazanın. Dil öyrənin, peşə öyrənin.

Youtube-da çox yaxşı mühazirələr, audiokitablar var, dinləyin. Kitab oxumağa həvəs və vaxt yoxdursa, ən yaxşısı audiokitabdı. Hətta işinizi görə-görə, hətta yeməyinizi bişirə-bişirə dinləyə bilərsiz. Pessimist, ruhsuz, yorğun, məqsədsiz, deyingən adamlardan uzaq olun.
 
Evlilik gözəldi. Bir-birinə ehtiyac duyan adamların birgəliyindən yaxşı nə ola bilər? Sevgi, sayğı mühitində, öz ailə adətlərini yaratmaq, birgə pikniklərə getmək, gülüb-əylənmək, sorunları birgə çözmək, işlərinlə bağlı danışmaq, paylaşmaq, özünə arxalanacağın qala divarı tikmək, düzən yaratmaq, əlbəttə, yaxşıdı. Bütün bunları birgə etdikdə cənnət olur. Birgə etmədikdə cəhənnəm. Kitab boyu dediyimiz budur. Alınmayanda, üzülməyin, qorxmayın. Dünyanın sonu deyil. 

Evlənmək varsa, boşanmaq da var. Dərd çəkməyin. Heç nə bitmir. Yeni başlanğıca addım atırsınız. Düşmən olmadan.
Dostumun bacısı boşanıb. Bütün nəsil oğlanı söyür. Ailənin mövzusu həmin oğlandı. Qızın həyatını zəhərə döndəriblər. Boşanmadan çox ailənin qulağının dibində üyüdüb tökdüyü sözlərdən əzab çəkir qız. Nə qədər bu oğlandan danışmaq olar?! Pisdi, şərəfsizdi, nankordu, əclafdı. Bütün günü yalnız bu söhbətləri eşidir. 

Qızlar belə görürlər, elə bilirlər belə də olmalıdı. Ayrıldınsa, həyatını o adamı lənətləməklə keçirməlisən. Ona var-gücünlə nifrət etməlisən. Yuxudan ona nifrətlə oyanmalı, gecə ona nifrətlə yuxuya getməlisən. Özünü dünyanın ən bədbəxt insanı hesab etməlisən. Ağlamalısan. Rastına çıxan hər adama onun əclaflığından danışmalısan. Kədərli mahnılarla bitirməlisən özünü. İçində olan-qalan işığı da nifrətlə söndürməlisən. Dörd divar arasında gəbərməlisən. Həkimə düşməlisən. Xəstəlik tapmalısan. Səni bədbəxt ediblər! Gecə-gündüz belə düşünüb özünü çürütməlisən. Bütün nəsil bir-birinə dəyməlidi. Bu nəsil o nəslə girməlidi. Bizdə iki şəxs evlənmir, axı, bizdə iki nəsil evlənir. İş-güc yox, əllərinə bir oğlan, qız düşür, vəssalam; anası belə dedi, atası belə baxdı, özü bu cür etdi. Bekar, avara, mənasız söz-söhbətlə o qızla oğlanın həyatını dəhşətə döndərirlər. Beyinlərini pozurlar.

Əziz qız! Yox!
Səni heç kim bədbəxt etməyib. Heç, heç bədbəxt deyilsən. Sizinki tutmadı. O, sənin ölçünə uyğun gəlməyən paltar kimiydi. Geyindin. Çıxardın. Yaramadı. Yaraşmadı. Sınadın, olmadı. Yoxladın, alınmadı. Özünü də qınama. Bu məqamda tək gerçək indindi. Ayrılıq artıq keçmişindi. Xatirələrdən sallanma. Keçmişi çözələmə. Davam et gözəl ömrünə. Toparlan. Güclən. Səndə hər şey alınacaq. Dünyanın dörd yanı həyatla doludu. Yaşa. Ağlama. Qızlar ağlamaz...

Aysel Əlizadə "Qızlar ağlamaz" kitabından
qadinkimi.com