KİŞİ KİMİ
Feyziyev Əlinin son şəkli Tarix : 12 Aprel 2021, 21:00


Feyziyev Əli 11 iyul 1994 - cü ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. Ərçivandakı 1 nömrəli məktəbin məzunudu. Ailədə üç uşaq olublar: iki qardaş və bir bacı. Bütün uşaqlar kimi Əli də yeddişüşə, gizlənqaç, valeybol, futbol oynamaq istəyib.

Amma atası xəstə olduğundan qazancı çox olmayıb. Ailəsinə kömək etmək üçün Əli 5 – ci sinifdə oxuyarkən sürücü olan əmisinin yanında işləməyə başlayıb.

Uşaq olmadan böyüyüb Əli...

Onu hamı tanıyırdı.

Hamı da ondan sevgiylə danışır.

Məktəbi bitirəndən sonra Ərçivan-Astara sərnişin avtobusunda, sonra taksidə sürücü işləyir. Hamının köməyinə gedərdi Əli. Qəsəbə adamları deyir ki, hər birimiz Əliyə istənilən iş üçün müraciət edə bilərdik. Bilirdik ki, kimsəyə "yox” deməz.

Vətənə "Yox” deyə bilməzdi ki, Əli...
O, Ağdamda Həqiqi Hərbi Xidmət keçmişdi.Orda da ən nümunəvi əsgərlərdən olub. Hərbi Xidmətdən köz-köz Qarabağ yarası ilə qayıdır.

Vətən savaşı başlayanda könüllü olaraq cəbhəyə yollanır.

Döyüş yoldaşlarının sözlərinə görə səngərdə əyilmirdi. ”Düşmən qarşısında əyilmərəm” – deyirdi. Ona "Şir ürəkli” deyirdilər.

Güllə altında belə qorxmazdı, yaralıları, şəhidləri 5-6 km məsafədən gətirərdi Əli…

"Vətən uğrunda”,”Xocavəndin azad olunması uğrunda”, "Şuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.

Əlinin iki övladı var: iki yaşlı qızı Mələk və 4 yaşlı oğlu Ayxan.

Gözəlgözlü Afaq xanımın söylədiklərindən: Əli çox fərqliydi. Sevgidoluydu. İlk dəfə elçiliyə özü gəlmişdi. Bir-birimizə çox bağlıydıq. Qayğıkeş, diqqətli idi... Fikri – zikri uşaqlarını gözəl yaşatmaq idi. Ehtiyaclarımızı qarşılamaq üçün gecə-gündüz işləyirdi. "Onlara hər cür şərait yaradacam” deyirdi. Ayrıca ev tikmək istəyirdi. Çox vətənpərvər idi. Həmişə " Əvvəl torpaqlarımızı azad edək gərək” deyirdi. Cəbhə bölgəsindən gələn xəbərləri izləyirdi. Gərgin olurdu... Könüllü yollandı cəbhəyə ən xoşbəxt günlərimi yaşadanım”.

Doğmaları ilə əlaqə saxlayanda heç vaxt şikayətlənməzdi Əli.

"Müharibədi, hər şeyə hazır ol. Övladlarım sənə əmanətdi. Hər şey yaxşıdı və daha gözəl olacaq. Qələbə bizimdir. Qarabağı azad edəcəyik. Şəhidlik mənim üçün xoşbəxtlikdi.” deyirdi hər zəng edəndə. Mənə qardaş yox, ata əvəzi olub Əli”- dedi qardaşı Müslüm.

Əzizlə dost olublar, döyüşə də birlikdə gediblər: İlk Beyləqana, ordan Fizuliyə getdik. Sonra Cəbrayıl uğrunda döyüşlər oldu. Döyüşlər ağır idi. Elə olurdu minemyot atəşindən tərpənə bilmirdik. Bir də görürdük Əli yemək, meyvə, su gətirib. O qədər cəld, qorxmaz idi. Onunla daha ürəkli olurdun. İnamlı olurdun. Həmişə birinci olardı, kimsəni özündən önə buraxmırdı. Bir yerdə olduq. Hərdən hücum zamanı ayrılmalı olurduq. Cəbrayılda dedi ki, gəlin şəkil çəkdirək. Çox şəkil çəkdirən deyildi. Hiss eləmişdi elə bil...Son şəkil oldu. Ayın 8-də Şuşaya gedəndə görüşdük. "Qələbə bizimdir. Özündən muğayat ol” dedi. Özünü qoruya bilmədi. Orda hər birimiz ölümlə üz –üzə idik. Ölüm haqdı. Torpaq azadlığı üçün Şəhid olmaq hamıya nəsib olmur. Onun taleyinə yazılıbmış Şəhidlik, mənə nəsib olmadı. Sadəcə bircə gün qalmışdı. 8-də Şəhid oldu, 9 – da gecə müharibə bitdi. Birlikdə getmişdik, birlikdə qayıtmadıq”.

Əziz uşaqlıq dostundan danışanda gah gözləri doldu, gah gülümsədi. Uşaqlıqlarını xatırladı, döyüşlərdən, Əlinin cəsurluqlarından söhbət açdı.

"Döyüşə Astara uşaqları ilə yollandım. İlk Ağcabədiyə getdik. Həyəcanım vardı. Orda elə bildim Ərçivandayam. Bir yerdə böyüdüyüm uşaqlar çox idi. Əlini görəndə həyəcanım tamam keçdi. Bizi ayaqda tutan Əli idi. Həmişə öndəydi, elə bil heç qorxusu yoxdu. Yaşı çox olmasa da bizdən böyük idi, ağsaqqal kimiydi, hamı onu eşidirdi, hər vəziyyətdən çıxış yolu tapırdı. Bölükdə hamı üçün fərqliydi. Şuşaya qalxanda bizə elə ürək-dirək verdi ki. Təsəvvür edin ki, düşmən güllələri dayanmırdı. Amma irəli gedirdik. Son nəfərə kimi döyüşəcəkdik. Biz torpağı almağa getmişdik, dayana bilməzdik. Şuşada qələbə xəbərini eşidəndə sevincdən ağlayanlar, qışqıranlar vardı. Birdən Əziz "Əli şəhid olub” dedi. İnanın, hamının dili tutuldu elə bil. Düzdü, hər an ölümə hazır olsaq da, ağır oldu. Həm də Qələbə günündə-son gündə Şəhid olmasına üzüldüm. Qələbəni elə gözləyirdi ki...-Emilbunları dedi.
Əli arada qonşu rayonlara sərnişin aparırdı. Savaşa yollananda anası Rəvayət xanıma da Cəlilabada gedəcəyini deyib. "Hərbiçi olmaq istəyirdi. Bir – neçə dəfə sənəd vermişdi. Bilirdim ki, müharibə olsa, mütləq gedəcək. Torpaqlarımızın ermənilərdə olması ilə heç cür barışmırdı. Əslində çox sözəbaxan olub. Bəlkə də düşünüb ki,”getmə” deyərəm, ağlayaram. Amma heç vaxt da "getmə” deməzdim. Torpaqlarımızın azad olması hamımızın arzusu idi. Bu yolda canından keçməyə hazır idi mənim oğlum. Ləyaqətli idi”.

"Onsuz da torpağını sevən hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi hər an. Hamımız şəhid olmağa hazır idik. Bir nəfər də qalsa, torpaqları almalıqdıq” – dedi döyüş yoldaşları-ərənlərimiz.

Əlinin uşaqlıq dostu, döyüş yoldaşı olan Şəmistanın söylədiklərindən: Müharibəni danışmaqla təsəvvür etmək olmaz. Çox ağırdı. Cəbrayıl uğrunda çox çətin döyüşümüz oldu. Səngərdən tərpənmək olmur, hava yağışlı idi. Atışma ara vermirdi,. Soyuq, səngərdə su içində idik, oturmaq olmurdu. Əli "heç kim yerindən tərpənməsin” dedi. Nə vaxt səngərdən çıxdı bilmədik. Su, yemək gətirdi. Gecə səngərdə qalmalı olduq. Yenə çıxdı, düşmən əsgərlərinin paltarlarını gətirdi. Onları səngərlərə sərib oturduq. Müharibədi, başqa yol yoxdu. Belə igid idi. "Şir ürəkli” idi həqiqətən. O güllə yağışında heç nə olmadı ona. Şuşa alınan gün minamyotun qəlpəsi dəymişdi. Son dəfə ”Ürəyim sızıldayır” deyib. Təəssüfki yanında olmamışam. Elə bilirəm Şuşanın alınma xəbərini desəydim, ürəyi sızlamazdı... Çox can atırdı Şuşaya. Biz nə qədər bir-birimizi tanısaq da döyüş ayrıdı. Döyüşdə, güllə, minamyot atəşləri altında öz xalqını, onu oğullarını tanımaq bir başqadı. Qürur duyursan. Qələbəyə inanırsan.

 

 Astaranın 41 qəhrəman övladı | Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti


Hər birimizin fəxri olan igidlərimiz. Siz də bizə özümüzü yenidən tanıtdınız. Sizi tanıdıqca tanıdıq özümüzü!

P.S. Əli torpaqların azad olunması uğruna Şəhidlik zirvəsinə qalxdı. Arzusuna qovuşdu. O həm də hazırda qardaşı Müslümün yanında yaşayan övladlarına ev tikmək istəyirdi. İnanmaq istərdim ki, səlahiyyətli qurumlar onun bu arzusunun yerinə yetməsinə çalışacaqlar.


 Şəhid Feyziyev Əli Malik oğlu haqqında döyüş yoldaşları və ailesi danışdı - YouTube

 

 

Kamalə Abiyeva

qadinkimi.az