BİLİM / DİN
Gənc alim Reyhan Camalovanın növbəti uğuru Tarix : 30 Noyabr 2019, 13:53

Bakı şəhəri 283 saylı orta məktəbin XI sinif şagirdi Reyhan Camalova növbəti uğura imza atıb. O, İstanbulda yeni mükafata layiq görülüb. "TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu kəşf etdiyi üçün "Gənclik” mükafatına layiq görülüb. Mükafatı ona Türkiyənin sevilən müğənnisi və aktivisti Haluk Levent təqdim edib. Qeyd edək ki, mükafatlandırma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.
 
Reyhan Camalova 15 yaşında iqlim dəyişikliyinə qarşı alternativ enerji qaynaqları üçün aktiv mübarizə aparan gənclərdən biridir. İxtirası ilə bağlı Reyhan bunları  deyib: "Bir gün düşündüm ki, nəyə görə yağış sularından alternativ enerji mənbəyi kimi istifadə edilməsin? Bu da məni "Rainergy” layihəsinə yönəltdi”. 

Rainergy layihəsinə görə yağış yağdığında sular bir hovuzda toplanır. Daha sonra bu sular enerji istehsal edən bir generatorla yüksək sürətlə axmağa başlayır. Sonra yağış yağmasa da, bu enerji elektrikə çevrilərək işıqlara və kiçik cihazlara güc verir. Reyhan deyir: "Bu fikri anlamaq üçün enerji təminatı olmayan yağışlı uzaq bir kənddə yaşayan ailə düşünün. Bu vəziyyət uşaqların sağlamlığına və təhsilinə mənfi təsir göstərir. Bu kənd enerji çatışmazlığı səbəbilə hər cür inkişafdan geri qalır. Sloqanımız belədir - "Hər dəfə bir ev aydınlat”.
 
Bu gün dünyada həddən artıq yağış düşən və elektik enerjisi olmayan bölgələrdə təxminən 1,5 milyard insan yaşayır. Buna görə "Rainergy” layihəsi Birləşmiş Millətlər və ClimateLaunchPad da daxil olmaqla, bu sahədəki bir çox şirkətin diqqətini çəkib. Onun layihəsi hazırda Azərbaycanda "Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” tərəfindən dəstəklənir.
 
Xatırladaq ki, Reyhan Camalova 2018-ci ildə Forbesin 30 yaşdan aşağı 30 Asiyalı siyahısına daxil olub. O, bütün dünyada enerji qaynaqları ilə maraqlanan və işlər görən ən gənc insan hesab edilir.

Xumar Hüseynova
qadinkimi.com