BURA / ORA
İranda futbol azarkeşi olan Səhər özünü yandıraraq həyatını itirdi Tarix : 11 Sentyabr 2019, 14:35

 

İranda futbol izləmək üçün stadiona girməyə çalışdığına görə haqqında həbs qərarı verilən və buna etiraz olaraq özünü yandıran futbol azarkeşi 29 yaşlı Səhər Xudayari yenidən gündəmdədir.

 

İran mediasına görə, keçən həftə paytaxt Tehranın məhkəməsi önündə özünü yandıran İstiqlal futbol komandasının azarkeşi Xudayari xəstəxanada bütün müdaxilələrə rəğmən dünən dünyasını dəyişib. İstiqlal komandasının forma rənginə uyğun olaraq "Mavi qız” olaraq tanınan azarkeş mart ayında komandasının Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin Əl Ayn klubu ilə oynayacağı oyunu izləmək üçün Tehrandakı Azadi stadionuna girməyə çalışıb. Həmin zaman həbs edilib. Veramin həbsxanasında 4 gün saxlanıldığı deyilən Xudayari haqqında cinayət işi açılıb.


 

İran mediasında yer alan xəbərlərdə Xudayarinin keçən həftə Tehrandakı Devrim məhkəməsinin qərarı ilə 6 ay həbs cəzası aldığı bildirilirdi. Bu qərardan sonra o, özünü məhkəmə binasının önündə yandırıb. İranın məsul şəxslərindən Səhərin aldığı cəza və eyni zamanda hadisənin ayrıntıları ilə əlaqəli hələlik heç bir açıqlama yoxdur. Bu üzücü hadisədən sonra bir çox iranlı futbolçudan hadisə ilə bağlı sərt etirazlar mediada yer alıb.


 

İran Milli Komandası və İstiqlal Futbol Klubunun keçmiş oyunçusu Muhammed Takavi sosial media hesabından paylaşdığı mesajında hadisə ilə bağlı üzüntüsünü belə ifadə edib: "İran futbolunun "Mavi qız”ının ölümü hər kəsi üzdü. Bu üzücü hadisənin məsuliyyəti kimdədir? Bu gənc qızın tək arzusu öz komandasının oyununu stadionda izləmək idi. Ruhun şad olsun və sənə kömək edə bilməyən bizlərə yazıqlar olsun”. İranın öncül futbolçularından Cevad Kazımi də sosial mediada paylaşdığı "Bizi bağışla” mesajı ilə etirazını bildirib: "Sənin üzünə qapıları bağlı olduğu üçün özünü yandırmağına səbəb olan stadionlarda oynamaqdan utanıram. Səni yandıran atəşlər sadəcə səni yandırmadı, hamımızı kül etdi. Bir gün İranda stadionun qapıları qadınlara açılsa və kişilərlə yan-yana futbol izləsələr də, sənin oturacağın sonsuzadək boş qalacaq. Sənin xəyallarını gerçəkləşdirmək üçün heç nə edə bilmədiyimiz üçün bizi bağışla”.


 

400 mindən çox izləyicisi olan İranın milli futbol komandasının kapitanı Masoud Shojaei instagram hesabından paylaşdığı mesajda "Bu gün qadınlar üçün qoyulan köhnə qadağalara görə şok olduğumuz kimi, gələcək nəsillər də qadınların bizim zamanımızda stadionlara girmələrinin qadağan edildiyini öyrəndikdə dəhşətə gələcəklər. Bu qadağaların mənbəyi keçmişin çürük və iyrənc düşüncəsidir və gələcək nəsil üçün anlaşılmaz olacaq”. Təxminən 40 ildir davam edən qadınlara stadion qadağası aradan qalxmasa, İranın FİFA beynəlxalq yarışlarına buraxılmayacağı da son günlərin müzakirə mövzusudu.

 

qadinkimi.com