HƏR ŞEY / HEÇ NƏ
Ölkəsindən, evindən, işindən narazı adamlar Tarix : 04 Dekabr 2019, 13:42

İnsan kamilləşə bilər, cəmiyyət NECƏ kamilləşməyə doğru gedirmi?!

Zaman və təcrübə aparır insanı bu zirvəyə. Təcrübəni isə özünün və ya başqalarının səhvlərindən öyrənmək də olar. 

Özgənin dərdidi deyə çəkmək də bir o qədər çətin deyil. "Dünya böyükdür" söyləyərkən, kiçildiyini get-gedə internetlə hiss edirik. 

Qəlbimiz böyükdür deyərkən, öz içimizin kiçilməsinin səbəbini anlamaq istəmirik. 

Əsl insan götürmədən verən, sevilmədən də sevəndi. İlk düşündüyümüzdə boş danışmayan, sözündə bütöv, ləyaqətli bir insan canlanır. Kamil insan hər istiqamətiylə ideal və nümunəvi insandır. Heç kimi alçaltmaz, insanlar arasında ayrı-seçkilik etməz. Belə insanlarla qarşılaşırıqsa, nə xoş bizə. Gördüyüm bu cəmiyyətdə doğrunun doğruluğunu sübut etməsi çox müşküldür. Həyatımızda baş verən balanssızlıq, kamil olmayan insanların davranışlarındakı ədalətsizlik içimizdə olan daxili tarazlığı da pozmuş olur. Belə insanlarla şəxsi münasibətlərdə ədalətli olmaları gözlənilə bilməz.  
 
Elə adamlar da var ki, hər şeydən daima şikayət edərlər. Mübaliğə edirəm kimi düşünməyin. Çünki onlar bildiyiniz hər şeyə bir qulp qoyarlar. Günəşli gözəl bir günə "Çöldə necə dəhşətli bir istilik var", deyə bilərlər, ya da havanın nə qədər soyuq olduğunu tez-tez təkrarlayarlar. Hətta yaz fəsli də onlar üçün bir o qədər də gözəl deyil. Payızdan isə heç danışmağa dəyməz - sel, su, yagış, gölməçələr, kədər, nisgil deyib sızlarlar. Hər fəsildən elə hey şikayət edərlər. 

Onların hayata baxışları hər şeydən narazı, məmnun olmamaq vərdişidir. Hər şeyin sönük, gərəksiz olduğunu təkrarlamaqla, bədbin düşüncələri və bu yaşam tərzləri ilə yalnız özlərinə deyil, əhatələrinə də zərər verdiklərinin çox vaxt fərqində olmurlar. 

Məmnun olmayan insanlara görə sevinməli heç nə yoxdu: "Hər gün qəzalar artır, havalar pis keçir, xəstəliklər yayılır, qrip olmuşam, yuxusuz qalıram, başım ağrıyır, enerjım azalıb, bir çox təxirə salınan işlər var, həyat çox pisdi, evdə mənimlə yola getmirlər və s".

Bu tip şikayətçilərin həyatdan məmnun ola bilmək ehtimalı daim sıfıra bərabərdi. Günün çox hissəsini şikayət etməklə keçirənlər hər dəqiqə onları narahat edə bilən nələrsə axtarırlar. Və hər zaman şikayətçi olmağa hazırdılar deyə özlərini bəxti gətirməyən - şansı olmayan hesab edirlər. 

Həyat onlara maraqsız təsir bağışlayır, ondan zövq almağı bacarmır, özlərini bəxtsiz hiss edir və bunu şikayətlənərək tez - tez ətrafında olanlara fikirləri, hərəkətləri, narazı baxışları ilə hiss etdirir, deyinir, gərginlik, pis abu- hava, narahatlıq yaradırlar. 

Belə adamlara sevdiyi bir şeyi bağışlasan belə yenə etiraz edib şikayət edər. Ölkəsindən, evindən, işindən narazı insanlar əhatəsindəyik. Onları dəyişdirmək çox çətindi. 

Bir sıra çətinliklərə  baxmayaraq həyatlarından məmnun insanlar da var. Onlara narazılardan mənfiliyin keçmə ehtimalı da labüddür. Razı olan insanlar! Narazıların ömürlərinizi - bəlkə də özləri də dərk etmədən, - tükəndirmək istəyinə imkan verməyin. 

Həyatınızı - insanları sevin, o zaman narazılıqlarınız da bitəcək. Sevgi, hörmət, ehtiram, məhəbbət nəzakət insanı həlimləşdirir, yumşaldır, rəğbət oyadır. 

Rəğbət insanın qəlbində sevgi, hörmət, mərhəmət yaratdığı halda sərtlik müqavimət doğurur. Bir mehriban təbəssümün, səmimi ünsiyyətin, anlamlı münasibətin insana müsbət tərəfləri olduğunu bildiyimiz halda bəzən sərtlik göstərir, mübahisə yaradır, qəlb qırır, YARADANın bizə bəxş etdiyi sözün qüdrətindən səmərəsiz istifadə edirik. Səbəblər isə müxtəlifdir. 

Hər bir hadisəyə hər kəs öz prizmasından yanaşır. Bu, həyatın dəyişməsi mümkün olmayan qanununudur.

Qorxu, narahatlıq, günah- neqativ duyğulardı, insanı xoşbəxt olmağa qoymur. Daşıya biləcəyi yükü çəkməlidi insan. Artıq olanda həyata üsyan edər. Çəkə bildiyi qədər çəkilər çəkilən üzüntülər. Xoşbəxt olmaq üçün gərəkdir - qorxusuz olmaq, hüzurlu olmaq, vicdanlı olmaq, günahsız olmaq.

Yazdı:Yeganə İskəndərova
Qadinkimi.com