HÜQUQLARIMIZ
"Müsavat partiyasında qadın başqan olacaq" - İsa Qəmbər Tarix : 15 Noyabr 2019, 10:30
Yazar : Qadinkimi.com

 "Müsavat partiyasında qadın başqan olacaq” - İsa Qəmbər 


- İsa bəy, Azərbaycanda dövlətçi qadınlar yoxdurmu? 
 
- Azərbaycanda savadlı, intellektual, yüksək səviyyəli qadınlar az deyil və onlar dövləti, cəmiyyəti idarə etməyə, müxtəlif sahələrdə rəhbər olmağa tamamilə qadirdirlər. Mən bunu Müsavat partiyasının təcrübəsindən də bilirəm. 20 ilə yaxındır ki, Müsavatda nizamnaməyə əsasən bütün seçkili orqanlarda yerlərin ən azı 25%-i qadınlara ayrılıb və bu, bütün strukturların daha yüksək səviyyədə, daha məsuliyyətli fəaliyyətinə zəmin yaradır. Əminəm ki, digər ictimai-siyasi qurumlarda, vətəndaş cəmiyyətində, mediada, təhsildə, səhiyyədə, başqa sahələrdə də belə xanımlar az deyil.
 
- Az deyilsə, hardadır onlar? Nəyə görə dövləti təmsil edən qadınlar yox dərəcədədi? Nazirlər Kabinetinin  kişilərdən ibarət olmasını necə izah edə bilərsiz?  Dünyavi dövlət olduğumuzu iddia etdiyimiz halda, kabinetin gender bərabərliyinə yaxın düşməyən görüntüsü bizi bu məsələdə geridəqalmış ölkə kimi təqdim edirmi, sizcə?
 
- Qadınlar ölkədə böyük potensialdı. Bu böyük potensialdan istifadə edilməməsinin bir neçə səbəbi var. 
1. Mövcud hakimiyyətin qeyri-demokratik mahiyyəti 
2. Cəmiyyətdə azadlıqların məhdudlaşdırılması 
3. Bəzən kişilərin, bəzən də qadınların özlərinin qadın yüksəlişinə qısqanc yanaşması.
Yeri gəldi-gəlmədi, qürurla təkrar etdiyimiz bir fakt var, Azərbaycan Cümhuriyyətində qadınlara səs hüququnun 100 il əvvəl, əksər Avropa və Amerika ölkələrini qabaqlayaraq verilməsi. Mən isə əlavə etmək istəyirəm ki, həmin cümhuriyyət, həmin dəyərlər davam etdirilsə idi, indi qadınların ictimai və dövlət işlərində iştirakı göstəricisində Azərbaycan ən inkişaf etmiş Şimali Avropa ölkələri ilə bir sırada dayanardı. 
 
- Bir detala aydınlıq gətirək. Hakimiyyətin qeyri-demokratikliyi qadınlara hansı formada əngəl olur? Bu əngəldə patriarxal cəmiyyətin təsiri nə qədərdi? 
 
- Mən Azərbaycanı patriarxal cəmiyyət hesab etmirəm. Bu gün obyektiv-subyektiv səbəblərdən ölkəmizdə elə vəziyyət yaranıb ki, təhsil, səhiyyə və başqa sahələrdə qadın kişidən çoxdur. Hakimiyyət azadlıqları boğur, azad seçkiyə, iqtisadi azadlıqlara imkan vermir. Ölkədə azad seçki, azad iqtisadiyyat olsa, tədricən güclü qadınlar önə çıxacaq.
 
- Müsavat partiyasının qadın rəhbəri ola bilərmi gələcəkdə, belə bir perspektiv gözlənilirmi?
 
- Müsavat partiyasında bu gün Məclis sədri də, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri də qadındır. Yaxın bir neçə qurultay müddətində qadın başqan da olacaq.
  
                                                                           

Hazırladı: Aysel Əlizadə