YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Natəvan Abdulla yazır: Özünüzə yaxşı baxın Tarix : 23 İyul 2021, 14:15

Koronavirus pandemiyası ilə gələn çətin sosial şərtlər cəmiyyətimizdə gərginliyin getdikcə artmasına səbəb olan əsas faktor oldu. İkinci Qarabağ müharibəsi zamanı həyatımızda bir çox xoş, qürurverici hadisələr baş versə də,  çətinliklər, pandemiya səbəbindən qapanma və məhdudiyyətlər cansıxıcıdı. Bu gün həyatımızın bütün sahələrində çətinliklərlə qarşılaşmaq ehtimalımız yüksəkdir.

Həyatın bir dəniz olduğunu təsəvvür edək. Öz qayığımızla irəlilədiyimiz bu yolda önümüzə çıxan anlıq çətinliklərə qarşı əlimizdəki kürəklərlə dözüm gətirib yolumuzu tapmağa, maneələri aşmağa çalışırıq. Dəniz isə bəzən dalğalı, bəzən burulğanlı ola bilər. Bəzən də bu dənizin dayaz hissəsində də batıb qalmaq mümkündür. Belə məqamlar üçün bəzilərinin xilasedici vasitələri olur. Bəziləri ətrafdakılardan kömək ala bilir. Digərləri isə bataqlıqlardan təkbaşına çıxmalı olurlar. Bunun qarşılığında isə mənəvi və fiziki olaraq güclənir, qazandığı həyat təcrübələri ilə yoluna davam edirlər. Bir qrup insan isə ya o dayaz suların, ya da böyük dalğaların qurbanı olur. Bilinməzlərlə dolu bu həyat yolunda davam etməyi və irəliləməyi, qazandığı təcrübələrdən hansı səviyyədə yararlandığı isə insanın psixoloji sağlamlığı ilə bağlıdır.

 


Bəs psixoloji sağlamlıq nədir və o hansı hallarda pozula bilər?


İnsanın psixoloji sağlamlığı geniş müstəvidə həyatın gətirdiyi bütün hadisələrə qarşı duruşu və reaksiyası ilə yaxından əlaqəlidir. Bir çox mənfi hadisələrlə qarşılaşa, özümüzə qarşı təhdid olaraq gördüyümüz davranışlara şahid ola, bir anda önəmli dəyişikliklərin eşiyində qala bilərik. Bütün bunların öhdəsindən gəlmək, uyğunlaşmaq, çevik olmaq, davam edə bilmək, özünü toplamaq və mental tarazlığı qoruya bilmək – ümumən hamısı psixoloji güclə bağlı anlayışlardır. Başımıza gələn fəlakətlər və mənfi hadisələr isə psixoloji sağlamlığımızın pozulmasına səbəb olan risk faktorlarıdır. Psixoloqlar bu risk faktorlarını fərdi, ailəvi və ətraf mühitlə bağlı olaraq üç qurupa ayırır:

Erkən doğuş, xroniki xəstəliklər, genetik pozuntular, yaşanmış mənfi hadisələr və s. kimi hallar fərdi risk faktorları hesab edilir. 

Valideynlərdə hər hansı xəstəliyin, yaxud psixopatoloji əlamətlərin olması, onların boşanması, ölümü, tək valideyn ilə yaşamaq, erkən yaşlarda valideyn olmaq, uşaq istismarı və sair hallar da ailəvi risk faktorları hesab olunur. 

Sosial risq faktorları isə yoxsulluq, devalvasiya, müharibə, pandemiya, terror, təbii fəlakətlər, zorakılıq və s. kimi ətraf mühitlə bağlı hallardır.
Bütün bu risqli hallarda insanın öz daxili müdafiə sistemini hərəkətə gətirməsi psixoloji sağlamlığını qoruması üçün çox vacibdir.

 

 

Psixoloji sağlamlığımızı qoruyan faktorlar hansılardır?


İnsanın bəzi fərdi keyfiyyətləri psixoloji sağlamlığını qoruya bilməsi üçün qoruyucu faktor rolunu oynayır: zəka, yaşın gətirdiyi yetişkinlik, məsuliyyət, akademik uğur, müsbət keyfiyyətlər, daxili intizam, özünə hörmət, özü ilə barışda olmaq, hər hansı bir həyat qayəsinin olması, gələcəklə bağlı müsbət fikirlərinin olması, problem həll etmə qabiliyyəti, nikbinlik, ümidli olmaq, sosial bacarıqlar, yumor hissinə sahib olmaq və s. psixoloji sağlamlığı qoruyan fərdi faktorlardır.


Dəstəkləyici keyfiyyətlərə sahib valideyn, yaxud bir ailə fərdi ilə yaxın ünsiyyətdə olmaq, uşağa qarşı ailənin gözləntilərinin real olması kimi faktorlar da bu baxımdan önəmlidir. Sosial dəstəyə sahib olmaq, arxalı, dost-tanışlı olmaq, müsbət keyfiyyətə sahib insan quruplarının içində özünə yer tapmaq kimi sosial faktorlar da psixoloji sağlamlığı qoruyan əsas amillərdir.

Bəlli hallar, yaxud hadisələrə reaksiyamızda içində olduğumuz psixoloji durum mühüm rola malikdir. İstənilən halda biz özümüz psixoloji sağlamlığımızı qoruya və daha da gücləndirə bilərik.


Öz psixoloji sağlamlığımızı necə qoruya bilərik?


- İnsanlarla sağlam ünsiyyət qurmağı öyrənmək lazımdır. Çətinliklərlə başa çıxa bilmək və psixoloji sağlamlığı qoruya bilmək üçün başqaları ilə, xüsusilə ailə fərdləri ilə pozitiv ünsiyyət qurmağa çalışmalıyıq.

- Gərginlik və kriz hallarının içində sıxılıb qalmaq olmaz. Hər kəs həyatında bir sıra çətin anlar yaşayır. Bu reallığı dəyişdirə bilmərik. Amma hadisələrin içində öz ruh halımızı dəyişdirdikcə onlara verdiyimiz reaksiyalar da dəyişəcək. Həyatın mənfi tərəflərini çıxılmaz qaranlıq quyu kimi yox, aşmalı olduğumuz maneə kimi görməliyik.

- Dəyişikliklərin qaçılmaz olduğunu qəbul etmək lazımdır. Dəyişikliklərlə mübarizə aparmaq, dəyişən hallar qarşısında aciz hiss etmək yerinə axışa uyğunlaşmaq, ayaqlaşmaq insanı daha sağlam ruh halına aparır. Bəzən dəyişikliklərlə birlikdə yenilənə bilmək mənəvi-psixoloji dözümlülüyün göstəricisidir.


- Məqsədlər qoymaq lazımdır. Ən qədim filosoflar da məqsədsiz keçən ömrün boşa yaşanmış bir həyat olduğunu deyiblər. Qarşınıza sizə ilham verən məqsədlər qoymağınız, yeni günə oyanmaq, işləri vaxtında görmək, müsbət ruh halında qalmaq üçün stimul olacaq. Məqsədlər həyata davam etməyin ən  sağlam yoludur. İnsanın bir məqsədinin olması onun həyat yolunda dəniz fənəri rolunu oynayır, onu düşüncələrin, qərarsızlıqların içində itib-batmaqdan xilas edir.


- Atdığın addımlarda qərarlı olmaq vacidir. Problemlər qarşısında passiv qalmaq, problemlərin öz-özünə həll olunmasını gözləmək dözümsüzlüyün göstəricisidir. Bunun əksi olaraq, hər hansı bir problemlə qarşılaşdıqda onun həlli istiqamətində əmin addımlar ata bilmək isə dözümlülükdən xəbər verir.


- Problemlər özünü kəşf etməyin bir yoludur. Buna görə də dözümlü insanlar problemləri özlərini tanımaq üçün bir vasitə olaraq görürlər.

- İnsan özü haqqında müsbət düşüncələrə sahib olmalıdır. Problemlərini həll edə biləcəyinə inam da dözümlülüyün göstəricilərindən biridir. İnamsızlar problemlə qarşılaşdığı zaman onu aşmaq üçün heç bir cəhd etməyəcəklər. Bu səbəbdən cəhd göstərdiyiniz, qazandığınız kiçik bir nailiyyətinizin belə qiymətini bilin. Daha yaxşısı ola bilmək yolunda öz uğurlarınızı və öz dəyərinizi gözardı etməyin. Heç nə ilə qane olmayan və daima narazı qalan şəxslər daxili dincliyə də çata bilmirlər.

 


- Hadisələrə geniş zaman dilimindən baxa bilməyi öyrənin. Baş verən hadisələrə bəzən gələcəkdən durub baxmağı bacarmaq lazımdır. O anın içində baş verən hadisə olduğundan daha böyük, daha dəhşətli görünsə də, irəliləyən zamanlarda bəlkə də əhəmiyyətsiz bir şey kimi unudulub gedəcək. Buna görə də hadisələrə gələcəkdən baxmaq onların həyatımızda nə dərəcədə təsir gücünə sahib olduğunu anlamağımıza yardım edəcək. Bu da bəzi mənfi hadisələri yersiz şişirdib özümüzə dərd etməkdən bizi xilas edə bilər.

- Nikbin olmaq sağlam psixologiyanın əsas şərtidir. Nikbin insanlar həyatda yaxşı hadisələrin baş verəcəyinə fokslandığı halda, bədbinlər hər zaman pisi görür və mənfi halların baş verəcəyinə inanırlar. Gedişat nə qədər çətin və ağır görünsə də, həyatda hər zaman gözəl hadisələr də baş verir. Həmin o yaxşı hadisələrə fokslanmaq insanın ruh sağlamlığı üçün çox vacibdir. Əks halda mental olaraq pis hiss edən insanlar psixoloji olaraq da dinclik tapa bilməyəcək və hər pis hadisə onları bir az da gücdən salacaqlar.

- Özünüzə yaxşı baxın. Bu ifadəni biz tez-tez sevdiklərimizə xatırladırıq. Görüşəndə, sağollaşanda "Özünə yaxşı bax!” ifadəsini işlətməyimizin məna dəyəri çox böyükdür. İnsanın öz hislərinə və ehtiyaclarına qarşı diqqətli olması, özünə vaxt ayırması, sağlam qidalanması,idmanla məşğul olması, sosial tədbirlərdə iştirak etməsi onun özünə yaxşı baxması kimi dəyərləndirilir. İnsanın öz ruh və bədən ehtiyaclarını düzgün dəyərləndirməsi psixoloji sağlamlıq üçün ən vacib faktorur. Həm fiziki, həm də ruhən gümrah olan insanlar problem həll etməkdə də daha çevik və istəkli olurlar.


- Son olaraq, dözümlülüyü artıran əsas faktorlardan biri də rutin bir məşğuliyyətə sahib olmaqdır. Bu, dua etmək, yoqa ilə məşğul olmaq , fitness, yaxud başqa bir hobbi ola bilər.

 

 

 



Natəvan Abdulla