HƏR ŞEY / HEÇ NƏ
Paxıllıq edirəm - Flora Hüseynova yazır Tarix : 08 İyul 2018, 16:11
Yazar : Flora Hüseynova
Mən paxıllıq edirəm - özlərini sevən millətlərə, xalqlara.

Mən paxıllıq edirəm - öz uğurlarını şişirdib bütün dünyaya car çəkən dövlətlərin vətəndaşlarına.

Mən paxıllıq edirəm - öz qüsurlarını içlərində saxlayıb, elə içlərində də həll eləyən bütün varlıqlara.

Lap əzəldən hər kəsi özümüzdən çox sevməyi öyrətdilər bizə. Axı biz qonaqpərvər millətik... Evimizin ən yaxşı təamlarını uşaqlarımızın gözü qala-qala gələcək naməlum qonağa saxlamaq kimi adətimiz var. Evimizin ən yaxşı nəyi varsa,  bizə, uşaqlarımıza deyil, gələcək naməlum qonağa aiddir. Beləcə özümüzü yox, gələcək naməlumları sevməyi öyrətdilər bizə. Qanımıza, canımıza işlətdilər bu naməlumlara olan lənətə gəlmiş sevgini. İçimizdən yedi bizi bu naməlumluq "eşqi".  Çünki özümüzdən yaxşılar var, hər şeyin yaxşısına layiq olanlar var. O, biz deyilik, kimlərdisə. Zərrə-zərrə yığılıdı özümüzə qarşı kin, nifrət, aqressiya. Özümüzü sevmədik. Sevinə bilmirik bir - birimizin uğuruna. Çünki sevmədiyin birinin uğuruna sevinə bilməzsən.

Mən paxıllıq edirəm Amerika Kino Akademiyasının "Oskar" mərasiminə tamaşa edəndə. İlahi uğurun iki addımlığında olan insan iki dəqiqə sonra mükafatın ona yox, yanında əyləşən sənət dostuna verildiyini eşidəndə sevinc göz yaşlarına boğulur, həmkarını az qala ürəyinin içinə qoysun. O da layiq idi, amma nə olsun? Sevinə bilir. Xoşbəxt insan odur ki, sevinə bilir.

İçimizdə yaranan o aqressiyaya görə bir-birimizin uğuruna sevinə bilmirik. Az qala müharibə elan edək bir - birimizə kimsə bir uğura çatanda. Cılızlaşıb hələ bir ismarıclar da göndərirlər, "mən hamıdan yaxşıyam, mən layiq idim". "Oskar" törənini yada salaq bir də...orda da çox adam layiqdi.  

İllərlə ürəyimizdə olan naməlumlar sevgisini özümüzə çevirək. Öz millətimizi yaxşısı ilə, pisi ilə sevək. Heç bir millət özünü ələ salmır bizim qədər. Özünün xəstəsinə istehza etmir, verilişlərə çağırıb gülüş hədəfinə çevirmir. Hər dəfə belə hallarla qarşılaşanda, (axır zamanlar demək olar bu hər gün baş verir) nə yazıq ki, paxıllıq edirəm başqa cəmiyyətlərdə  öz vətəndaşlarına olan qayğısına, sayğısına. Bilirsiniz niyə? Çünki uşaqların ürəyində öz millətinə nifrət yox, sevgi yaransın. İnsan hər duruma düşə bilər, anlayış yaratmaq üçün belə edirlər.

Bizi naməlumlara olan sevgi ilə böyütdülər. Bunun ziyanını gördük. Biz belə etməyək. Öz uşaqlarımıza sayğı göstərək hər şeydən əvvəl. Anlasınlar ki, sevgimiz də , istəyimiz də onlara aiddir. Bizim üçün hörmətlidilər. Beləcə, onlarda sevgilərini, istəklərini paylaşmaq üçün gələcək naməlum qonaqlar gözləməsinlər. Öz millətimizi, özümüzü olduğumuz kimi sevməyi öyrədək uşaqlarımıza. Aqressiyadan uzaq olsunlar. Bir-birinin uğuruna sevinə bilsinlər. Kömək olsunlar, dəstək olsunlar. Bizim kimi etməsinlər.

Özləri süddən çıxmış ağ qaşıq kimi bilib - bilmədən başqalarını ittiham etməsinlər. Biz bunu acgözlüklə gözləyirik, utanmasaq, içimizdə insanların dara düşməsinə sevindiyimizi belə bəyan edərik. Mövzu aid oldu, olmadı müzakirə obyektinə çevrilir. Çünki içimizdəki aqressiyanı çıxartmaq üçün obyekt axtarırıq.Çünki sevgi yoxdu içimizdə, mərhəmət yoxdu. Bu da bizi bax belə özümüzə düşmən edir. Bizi uşaqlıqdan belə böyütdülər... Biz belə böyütməyək uşaqlarımızı. Sevgi dolu böyüdək öz xalqına qarşı. Heç kimə paxıllıq etməsinlər uşaqlarımız – öz millətlərini, öz xalqlarını sevsinlər.

Heç kimə paxıllıq etməsinlər uşaqlarımız – öz uğurlarını bütün dünyaya çatdırsınlar.

Hər şeyin ən yaxşısını özümüzünkülər üçün edək əvvəlcə.  Özümüzü sevək. 

Flora Hüseynova