BURA / ORA, FEMİNİZM
Qadına qarşı şiddət “normaldı” Tarix : 06 Dekabr 2019, 18:20

25 noyabr "Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü”ndə İstiqlal küçəsində toplanan 2000 qadına polisin bibər qazı və plastik güllə ilə müdaxilə etməsi xəbərləri yayıldı. Belə xəbərlərə əsasən AKP Türkiyəsində qadına şiddətin normal hala gəlməsinin rəsmiləşdiyini və bunu məqsəd qoyan bir meylin getdikcə gücləndiyini demək mümkündü.

 

Eyni zamanda məhz həmin günlərdə siyasi islam tərəfdarlarının mediada "İstanbul Sözləşməsi”nə qarşı hücumlarına əsasən də bu nəticəyə gəlmək olar.

"Femisid” (qadının cinsinə görə öldürülməsi) və ya qadın cinayətləri statistikalarına ümumi bir nəzər yetirsək, bu rəqəmlərin yuxarıdakı iddianı dəstəklədiyini görmək mümkündü. Avropa Birliyinin rəsmi statistika qurumu EUROSTAT həyat yoldaşları və yaxınları tərəfindən öldürülən qadın sayını 2017-ci ildə Almaniyada 210, Fransada 142, İngiltərədə 128, İtaliyada 109 olaraq qeyd edib. Bu rəqəm Türkiyədə 2015-2018-ci illər arasında bir ildə ortalama 440 olub.

 

Bu rəqəmləri ölkələrin nüfuzları ilə ölçəndə İtaliyada 550 min, İngiltərədə 523 min, Fransada 471 min, Almaniyada isə 395 min nəfərdən bir qadın cinayəti aşkarlanır. Bu nisbət Türkiyədə 186 mində birdir. Bu da Almaniyadan iki dəfə artıq cinayət sayı deməkdir.

Qabaqcıl kapitalist cəmiyyətlərdə qadın-kişi bərabərliyi qanunlarla tənzimlənir. 


Mədəniyyət nümunələrinin də cəmiyyətə təsiri qaçınılmazdı. Məsələn, son dövrlərdə filmlərdə sızıldayaraq kişiyə sığınan uşaq tipli qadın rolları əvəzinə, qəddar kişilərdən özünü qoruya bilən və yeni nəsilə nümunə ola biləcək azad ruhlu, güclü qadın qəhrəmanların sayı getdikcə artır. Amma bütün bunlara rəğmən kişi hökmranlığına bağlı şiddətin mövcudluğu davam edir. "Femisid” faktları hələ də çox yüksəkdir. 


Üstəlik qadın hərəkatının min bir əziyyətlə əldə etdiyi qazanclar da günümüzdə zəmanətdə deyil. Çünki paralel olaraq irqçi/dindar Yeni Faşist hərəkatlar da yüksəlməkdədir. Yenilərini qazanmaq bir tərəfə qalsın, əldə olanları qorumaq üçün də davamlı mübarizə aparmaq lazımdı.  

Qadın-kişi bərabərliyini qəbul edə bilməyən, qadın bədəninin kişi hökmranlığı və nəzarəti altında olmasına xüsusi önəm verən dini rejimi mənimsəmiş başlarla idarə olunan AKP Türkiyəsində qadın hərəkatının yüz illik qazancları sürətlə yox edilməyə və qadına qarşı şiddət normallaşdırılmağa başlayıb. 

Bu deyilənləri:

Siyasi islamın əxlaq polisi "müəllimlərinin” mediada səhər və axşam qadın bədəni və cinsəlliyi üzərinə verdikləri fətvalardan;


Məhkəmələrdə cəzalara "təhrik”, "ər haqqı”, "itaətsizlik” kimi adlar verməklə sanki bir "kişilik güzəşti” ilə yüngülləşdirilmə aparılmasından və bu halın adiləşməsindən; 


Eyni zamanda İstanbul Konvensiyasının az qala terrorizmlə eyniləşdirilməsindən, hətta rejimin təməlinə qarşı təhlükə kimi qəbul edilən konvensiyaya qarşı hücumlardan da görmək mümkündü.  


İstanbul Konvensiyasının məqsədi qısaca belədi: "Qadınları hər cür şiddətə qarşı qorumaq və qadına yönəlik şiddət və ailə içi şiddətin qarşısını almaq, qadına yönəlik hər cür ayrı-seçkiliyin ortadan qaldırılmasına dəstək vermək, qadınları gücləndirmək yolu da daxil olmaqla onlarla kişilər arasında bərabərliyi təmin etmək, ailədə şiddətin bütün qurbanlarının qorunması üçün siyasət və tədbirlər həyata keçirmək”.


Siyasi İslamın təmsilçiləri bu Konvensiyanın "qadını qorumaq”, "ailə daxili şiddəti önləmək”, "qadın-kişi bərabərliyi” kimi məqsədlərinə "ailəni dağıtmaq istənilir” kimi iddialarla cavab verirlər. 


Türkiyə artıq qadının müstəqilləşməsindən və hökmranlıqlarını itirməkdən qorxan "kişilərin” idarə etdiyi, qadına qarşı şiddətin dövlət himayəsi ilə normallaşdırıldığı bir cəmiyyətdir. Bu düşüncə tərzi ilə nasizmin qadın, ailə və cəmiyyət anlayışı arasındakı bənzərliklər həqiqətən qorxuducudu...

 

Yazdı: Ergin Yıldızoğlu 

çevirdi: Xumar Hüseynova, qadinkimi