YAZI / DÜŞÜNCƏ
Qadına şiddətin yolverilməz olduğunu dərk etmişəm, lakin əməldə… Tarix : 28 İyun 2022, 10:43

Olduğun kimi görünməyin ətaləti haqqında


Rumi harda səhv edirdi

İllər əvvəl düz gözümün qabağında baş vermişdi bu hadisə, "qadına şiddət” mövzusunda olduqca məntiqli və arqumental çıxış edən mühazirəçi alimin sözünü daşla, qalaqla kəsmişdi bir dinləyici xanım: bəs siz, müəllim, siz guya xanımınızı döymürsüz? Əvvəl özünü itirmişdi natiq, lakin bir xeyli çək-çevirdən sonra özünü ələ alıb düzünü deməyə qərar vermişdi: 


"Arada olur..."


Nə?! Elə bil, arı yuvasına çomaq soxmuşdun, zal dəymişdi bir-birinə, necə yəni arada olur? Siz zarafat edirsiz? Bəs bayaqdan oxuduğunuz odlu-alovlu mühazirə? Bəs filan, bəs besməkan?! Ayıb olsun sizə! 


Bütün "daşları” yerbəyer elədikdən sonra vəziyyəti izah etməkçün icazə almışdı natiq: bəli, ayıb olsun mənə, demişdi, amma mən tam ciddiyəm, məsələ belədir ki, mənim şüurumda inqilab olub, qadına şiddətin yolverilməz olduğunu iliyiməcən dərk eləmişəm, lakin əməldə hələ buna tam nail ola bilməmişəm, axı mənim atalarımda, böyüklərimdə, ətrafımdakı kişilərdə, hamısında, illərlə olub bu qeyri-insani hal, mən necə birdən-birə dəyişə bilərəm? Mən inanın, utanıram özümdən, bu adətimdən qurtulmaq istəyirəm, amma sizə yalan danışmaq istəmədim, hələ tam nail ola bilməmişəm... 


- Bəs yaxşı, müəllim, sizi saxtakarlığa vadar edən nədir?


- Bu, saxtakarlıq deyil, özünə kütlə qarşısında verilən sözdür, qarşıya qoyulan öhdəlikdir: dəyişimi sürətləndirmək cəhdidir.


Şəxsiyyət nədir və necə formalaşır? 


Bu haqda 10-larla, bəlkə də yüzdən çox teoriya var, hamısı da bir-birindən dərin, bir-birindən maraqlı. Şəxsiyyət haqda əsaslı danışa bilməkçün ən azı Froydun libidosunu, Yunqun arxetipini, Adlerin natamamalıq kompleksini, Corc Kellinin konstruktunu dərindən bilmək lazımdır. Məsələn, amerikalı psixoloq Leon Festinger deyirdi ki, insanın iki məni var: real mən, başqalarına təqdim edilən mən (ictimai mən) və "real mən” "ictimai mən”ə uyğunlaşa-uyğunlaşa şəxsiyyət formalaşır; belə ki, insan, tutalım, özünü cəmiyyətə (oxu: sosial şəbəkələrdə) təmkinli adam kimi təqdim edir, əslində isə, o, əsəbidir, səbirsizdir, sonra nə baş verir? İki fərqli şəxsiyyəti uzun müddət yaşatmaq çətin gəldiyindən, üstəlik, bu halın adamda daxili diskomfort yaratdığından o, get-gedə "real mən”ini təqdim etdiyi "ictimai mən”lə eyniləşdirməyə çalışır və beləcə tədricən bu əsəbi adam sakit, səbirli adama çevrilir.


Başqa sözlə desək, təsəvvür edin, alpinist dağa dırmanır, əvvəl ucunda rıçaq olan kəndiri yuxarı atır, rıçaqı hansısa qayaya ilişdirir, sonra özünü dartıb ora çıxarır. Festinger deyirdi ki, biz şəxsiyyətimizi beləcə, özümüzü yuxarı darta-darta formalaşdırırıq, yəni bizim idealımız bir başqası deyil, elə özümüzük – başqalarına təqdim etdiyimiz özümüz. Yəni təqdim etmə olmasa təkmilləşmə də olmayacaq! 


Odur ki, şəxsən mənimçün birinin özünü necə təqdim etməsi elə onun real məni qədər maraqlıdır, nədən ki, bilirəm, nəhayətdə biri digərinə gətirib çıxaracaq. Məsələn, realdan tanıdığım kitabdan uzaq insanlar var, amma eyni adamlar sosial şəbəkələrdə özlərini kitabsevər kimi təqdim edirlər, bu hal məndə qıcıq yaradırmı? Xeyr. Nədən ki, məsələnin verəcəyi nəticəni bilirəm, bilirəm ki, biz onlara inamımızla dəstək olsaq, goreşənliyimizlə maneçilik törətməsək, yaşadıqları daxili diskomfort onları get-gedə kitab oxuyan edəcək. 


Qırx yaşın astanasında gəlib çatdığım həqiqət budur ki, adam özünü tapmır, yaradır, və o bunu təqdim edə-edə, hətta təblig edə-edə bacarır. Yəni bir yol da budur. Yəni bizə alim kimi təqdim olunanların böyük əksəriyyəti əslində xeyli sonra gerçəkdən alim olur. 


Odur ki, sosial şəbəkədəki qeyri-real təqdimatlar bizi narahat etməməlidir, əksinə, mənə görə, millət olaraq gələcək vəziyyətimizi məhz o təqdimatların reallaşmasında axtarmaq lazımdır. Sırf olduğun kimi görünmək özünü ətalətdə saxlamaq, dəyişməmək, düzəlməmək deməkdir, (zatən milyonlarla insan əsrlərdi bunu etmirmi?) Yəni məncə, Rumi "ya elə, ya belə" deyərək səhv edirdi, xilas yalnız göründüyün kimi olmağa çalışmaqdadır.


İlqar Kamil

qadinkimi.com