BURA / ORA, YAZI / DÜŞÜNCƏ
Qismət yazır - Sərhədsiz sevgi hərəkatı Tarix : 16 Sentyabr 2022, 16:30
Yazar : Qadinkimi.com

Qismətin "XXI əsrin söhbətləri" silsiləsindən "Poliamoriya: Sərhədsiz sevgi hərəkatı”yazısını təqdim edirik.


 
Məncə, kaşşey klişelərin ən məşhuru sevgi haqqındadır: sevgini analiz etmək olmaz, sehri qaçar. Bu düşüncə stereotipi başqa bir vampir klişedən qidalanır: İnsan sevgi haqqında ona görə çox danışır ki, həmin təcrübəni yaşamayıb, yəni kimdə nə yoxdursa, ondan çox danışır. Ümumi rəy belədir ki, sevginin izahı mümkün deyil, sevgi irrasionaldır, eləcə adamın başına gəlir, əgər onu analiz etməyə girişirsənsə, onda sevgi yoxa çıxacaq. Qəribədir ki, insanlar hörmət, vicdan, səxavət kimi başqa hisslər, dəyərlər haqqında eyni cür düşünmürlər. Heç kim demir ki, tutalım, mərhəmətin nə olduğunu araşdırmağa çalışsaq, mərhəmət yoxa çıxacaq. Bu, populyar kültürün yaratdığı illüziyalardan biridir. Halbuki Platondan tutmuş Şopenhauerə, Rasseldən başlamış çağdaş filosoflara, bir addım da bu yanda yeni əsrin neyro-bioloqlarına qədər xeyli düşüncə adamı üçün Sevgi danışılası, müzakirə ediləsi, araşdırılası məsələdir.
 

Məşhur misal var: Əgər kimsə XIX əsrdən bizim əsrə düşsəydi, əxlaq, azadlıq, ağlar-qaralar, qadınların cəmiyyətdəki yeri kimi məsələləri görüm heyrətlənərdi, amma sevgi dediyimiz şeyi görən kimi tanıyardı. Deyəsən, həyatımıza dəyişən fikirlərin içində bircə sevgi zamanda donub qalıb, yaxud başqa misalda deyildiyi kimi: söhbət sevgidən gedirsə, "XIX əsr uzun çəkib.”


Kanadalı sosial-psixoloq Con Alan Li 1976-cı ildə çapdan çıxan "Sevginin rəngləri” kitabında Antik Yunanıstanda mövcud olan 10 sevmək formasına 6 ixtisar edərək belə bir təsnifat aparıb:


"Eros(ehtiraslı): ideal gözəllikdən vəcdə gələn, qüsursuz sevgili axtarışında olmaq.


Lud(oyunbaz): Mənası "oyun” deməkdir, Brut ilə qafiyələnir. Eramızdan əvvəl I əsrdə yaşamış romalı şair Ovidi tərəfindən ciddi yox, oyunbaz sevgini ifadə etmək üçün istifadə edilib.


Storge(qardaşyana): Antik Yunanıstanda bu ifadədən uşaqlıqdan formalaşan, bacı-qardaş kimi bir yerdə böyüyən adamların münasibətlərini ifadə etmək üçün istifadə edirdilər. Şəfqətə əsaslanan sevmək formasıdır.


Manie(asılılıq): Yunan filosofları inanırdılar ki, bəzi aşiqlər tanrıların dəliliyinə yoluxub, buna görə dəli-tərsinə işlər görürlər. Bu, irrasional sevmək formasıdır.


(Bizdəki məcnunluq halına uyğun gəlir)


Agape(təmənnasız): Bu sevmək forması qarşılıq gözləmədən sevməkdir. Platonikdir.


Pragma:Aydındır ki, "praqmatik” sözündəndir, ağıllı seçimə, qərara söykənən sevgi formasıdır."


Bugün, XXI əsrdə sevgi, cinsi, intim həyat, evlilik kimi məsələlər yenidən mötərizəyə alınır, saf-çürük edilir, alternativ modellər təklif olunur. Təzə əsrin bu cür alternativ, marginal meyillərindən biri də Poliamoriyadır. Bu termin "poli – çox” və "amor –sevgi” sözlərinin birləşməsindən yaranıb, mənası Çoxsevgililikdir.


Poliamoriya tərəfdarları hər il "Polidey” dedikləri gündə – 26 sentyabrda, Londonda bir yerə yığışıb müzakirələr aparır, konfranslar təşkil edirlər.


Bu düşüncənin nüvəsində 60-cı illərdəki cinsi inqilab, hippi hərəkatının azad, təsadüfi seks fikri, 70-ci illərdəki "open marriage” (açıq evlilik) kimi ideyalar durur. Bu fikrə görə, evlilərin də başqa-başqa adamlarla cinsi münasibətə girmək haqqı var, dövlətin qaydalarıyla sevişmək, mentalitetin cızdığı evlilik sərhədlərində yaşamaq insanın özünə könüllü həbsxanalar yaratmaqdır və bu, absurddur. Poliamoriya tərəfdarları yaxın 30 ildəki nəzəriyyəli saf-çürük etmək, problemləri çözməklə alternativ yaratmaq istəyirlər.


Bu yeni hərəkatı şərh edənlər yazırlar ki, ABŞ-dakı çoxsevgililik tərəfdarları praktik cinsi məsələləri müzakirə edirlər, İngiltərədəki toplantılar isə daha çox siyasi aktivizm atmosferində keçir. Hətta İngiltərədəki poli-aktivistlərin bir qismi özlərinə "münasibət anarxisti” deyirlər.


Tomas Şroter və Kristina Vetter2010-cu ildə çap olunan"Poliamoriya”adlı kitabında yazırlar ki, hamının ilk ağlına gələn sual "poliqamiya” (çoxnikahlılıq) ilə "poliamoriya” arasında hansı fərqlərin olmasıdır. Əsas fərq odur ki, poliqamiyada seçim şansı yoxdur, tərəflərdən biri buna məcburdur, çünki sosial struktur belə tələb edir. Poliamoriyada isə monoqam münasibətlərə ayaq yeri qoymaq ikiüzlülük sayılır, əsas dürüstlükdür, qarşılıqlı konsensusdur, heç nəyi gizlətmək olmaz. Onlar deyir ki, poliamoriya "birini sevib başqalarıyla yatıram” yox, "birdən çox adamı sevirəm” deməkdir.


Poliamoriya nəzəriyyəçiləri üç əsas cəhəti qabardırlar: 1) radikal dürüstlük – heç nəyi gizlətmə; 2) uzunömürlü münasibət, yəni bir gecəlik ötəri münasibətlər yaxşı qəbul edilmir, davamlılıq önəmlidir; 3) əsas sual qarşı tərəfə bağlanıb-bağlanmamaq yox, çoxtərəfli münasibətin necə davam etdiriləcəyidir.


Poliamorlar deyirlər ki, insan həm azadlıq istəyir, həm etibar, bunu isə yalnız ailə verə bilər. Onlar 60-ların hərəkatında olduğu kimi, anti-ailə mövqeyindən çıxış etmirlər, radikal qanadı təmsil edənləri çıxsaq, əsasən qaydasızlıq istəmirlər.


Poliamoriya müzakirələrində ən çox gündəmə gələn tema qısqanclıqdır. Müzakirələrə baxanda məlum olur ki, bunu dəf etmək üçün ən marginal düşüncəli insanlar üçün belə asan deyil. Poliamoriya tərəfdarları əsas məqsədlərindən birinə "qısqanclığın əhliləşdirilməsi” deyirlər. Onlar deyirlər ki, əgər sevgilim başqasına da vurulubsa, tezcə özümü həmin yeni sevgiliylə müqayisə edib qısqanclığa qapılmamalıyam.


Qeyri-ixtiyarı Mikayıl Müşfiqdən bir bəndi xatırladım:


 

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum.
Yoxsa özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum…”

 


Amerikalı araşdırmaçı-yazıçılar Dosssi İston və Cenet Hardinin yazdıqları "Etikalı ləçər” kitabında da poliamoriya ilə bağlı bənzər fikirlər var. "Etikalı ləçər” nimfomanyak deyil, sadəcə çoxsevgililik qaydalarına əsasən yaşayır. Onlar düşünür ki, insanın cinsi ehtiyaclarını boğması anormaldır, nişan üzüyü libidoya gedən yolları bağlamır, sevgi və seks məsələsində rahat olmaq lazımdır. Onların etik prinsipi belədir: sadəcə fırlatma, yola vermə, yalan demə, dürüst ol.


Ötən həftələrdə mövzuyla bağlı maraqlı bir xəbər rast gəldim. İnterdisiplinar informasiya transferi şəbəkəsi olan Forecast platformasının tərəfdaşlığıyla həyata keçirilən "Housing the human”(təxminən "İnsanı yerbəyer etmək”) adlı paneldə gələcəyin ev memarlığı haqqında spekulyativ layihələr müzakirə edilir. Layihədə çıxış edən Ukrayna əsilli holland memar Daşa Tsapenko ev həyatını, evlərimizin quruluşunu sosial kontekstdən araşdırır və burdakı diskriminasiyaya, ayrı-seçkiliyə, ənənəvi ikili münasibətlərdən doğan çatışmazlıqlara fokuslanır. Araşdırmasının adını "Lovarotory” (Sevgi və laboratoriya birləşməsindən yaradıb) qoyan memar, çoxarvadlı Mormonların və Tanzaniyada, Keniyada yaşayan yerlilərin ev quruluşunu analiz edərək, gələcəyin poliamor evlərini yaratmaq istəyir. Memar iddia edir ki, ənənəvi evlərdə paltar şkafında tutmuş otaqlarına quruluşuna qədər gizli bir ayrı-seçkilik var, gələcəyin evlərində sevgiyə daha çox yer açmalıyıq.


Deyəsən gələcəkdə sevgililər günü ərəfəsində belə kampaniyalar olacaq: İki "mişka” alana üçüncüsü hədiyyə!


2020, 12 fevral

Qismət Rüstəmov


Mənbə: simsim.az

Qadinkimi.com