BURA / ORA
Sədrdən bələdiyyə üzvünə təzyiq - Şəkillərini küçəyə yapışdırır Tarix : 17 İyun 2020, 12:06
Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyə üzvü Vəfa Nağı ağlasığmaz hadisə ilə qarşılaşıb. Qadinkimi xəbər verir ki, Vəfa xanım öz facebook səhifəsində 17 ildir bələdiyyə sədri olan Əlibala Səlimovun onunla düşmənçilik apardığını açıqlayıb. Vəfa xanımın sözlərinə görə Əlibala Səlimov bələdiyyə sədri olduğu illər ərzində kəndin örüş torpaqlarını, meşə zolaqlarını, bələdiyyəyə məxsus torpaqları satıb. 2020-ci ildən bələdiyyə üzvü seçilən Vəfa Nağı kəndlilərə kömək etməyə, onların 17 illik "Əlibala Səlimov problemi”ni həll etməyə çalışdığını deyir. Bunun üçün sosial şəbəkələrdə paylaşımlar edir, müsahibələr verir. Beş gün əvvəl kəndə gedərək imzatoplama kampaniyası da başladıb.
 
Sakinlər əlindən təngə gəldikləri bələdiyyə sədrini məhkəməyə vermək üçün imza toplayır. Bu səbəbdən Vəfa Nağı poçtla məktub yollayaraq onun büdcəyə çıxışının təmin olunmasını xahiş edib. Bələdiyyə üzvü 16 iyunda keçirdikləri iclasda sədrdən büdcə sənədinin kopyasını istəyib. Sədr kopyanı verməyib. Cavab olaraq bildirib ki, yazdığı statusları dayandırmasa, başqa cür danışacaq. Vəfa Nağının sözlərinə görə sədr ona təhdid tonunda: "Adam mübarizə aparanda özünü gözdən salmaz” deyib.

Bələdiyyə üzvü saytımıza açıqlamasında bunları da qeyd edib: "Həmin an nə demək istədiyini anlamadım. Kifayət qədər hörmətim olduğunu dedim. O isə təkrarlayaraq "özünü hörmətdən salma” söylədi”.

İclasdan çıxdıqdan sonra kənd yolu ilə getdikdə bələdiyyə üzvünü görən sakinlər şəkillərinin dayanacaqlara, poçta yapışdırıldığını deyiblər. Həmin şəkilləri instagram səhifəsində paylaşdığını və bələdiyyə üzvü seçildikdən sonra mühafizəkar kəndi nəzərə alaraq sildiyini vurğulayan Vəfa xanım bunu sədrin təşkil etdiyinə şübhəsi olmadığını açıqlayır:

"Görünür əvvəldən hazırlayıblar. 102 xidmətinə zəng vurmuşam. Kənd polisi gəlib izahat aldı. Hamı "çox yaxşıdır, o şəkillərdə heç nə yoxdur" yazır, çox sağ olsunlar. Amma hər birimiz yaxşı bilirik ki, bir kənddə bunun baş verməsi birmənalı qarşılanmır. Burada tək yaşamıram, qardaşım, atam, yaxın insanlarım var. Heç də bizim düşündüyümüz kimi hər kəs açıq görüşlü deyil”.
qadinkimi.com