QADIN / KİŞİ
Sürəyya Ağaoğlu: çox açıq və işıqlı düşüncə ilə böyüdük-davamı Tarix : 19 Sentyabr 2020, 07:17

Əslində, qadın azadlığı mövzusu bugünkü dövr üçün həm önəmlidir, həm də önəmli deyil. Cəmiyyət ailələrdən, ailələr fərdlərdən ibarətdir. Və bu fərdlərin dünyagörüşü övladların tərbiyəsi üzərində görünür. Əlbəttə, diktator ata heç vaxt sivil, azad təfəkkürlü övlad yetişdirə bilməz. Və ya ailəsində zorakılıq təpkisi altında olan ana heç vaxt cəmiyyətə geniş düşüncəli, azad təfəkkürlü övlad təhvil verə bilməz. "Sus", "danışma"larla övlad tərbiyələndirmək qeyri-mümkündür. Valideynin əməli övlad üçün tərbiyədir, dediyi söz yox. Övlad gördüyünü edir, eşitdiyini əsla. Azadlıq tüfeylilik, "nə istəyirəm onu da edərəm" demək deyil. Azadlıq etmək istəmədiyini etməməkdir. Azad insana istəmədiyini zorla etməyə heç kim məcbur edə bilməz.

Əlbəttə, yazıda söhbət açdığımız xanım Əhməd bəy Ağaoğlunun qızı idi. Sürəyyanın başqa cür olma ehtimalı yox idi. Atatürk nəhəngliyində bir insanla daima üz-üzə gəlib ünsiyyətdə olmaq, Əhməd bəyin müəyyən konularda ailədaxili müzakirələrinin qulaq şahidi olmaq artıq tərbiyənin və xarakterin yetişməsi üçün zəmin idi. Həm də Əhməd bəy qız övladlarına qarşı çox düşkün idi. Qız balalarını, qız nəvələrini çox sevərdi. Onlarla nəfəs alardı. "Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir" söyləyən Əhməd bəy Ağaoğlu eyni zamanda hürriyyət və sərbəstliyi intizamsızlıq şəklində qətiyyən tələqqi etməzdi. Qız balalarını güvənmədiyi, etimad etmədiyi şəxslərlə ünsiyyətinə heç vaxt icazə verməzdi. O, günlərin birində Sürəyya və Tezerini təhsil almaq üçün İstanbula göndərməyi qərara alanda da əqidə və əməl dostuna güvənir. Onun Əli bəy Hüseynzadəyə ünvanladığı təsirli məktubunu oxuduqca gözlərimiz önündə iki böyük şəxsiyyətin, türkçülük peyğəmbərlərinin möhtəşəm portreti canlanır. Mühacir həyatı keçirən, qəlbi vətənlə döyünən, bir-birinə dayaq olmağı bacaran iki nəhəng şəxsin münasibəti insanlıq mahiyyətinin, dəyərlərin nə olduğunu bizim üçün aydın edir. Bu isti, qardaş məktubunu, güvən məktubunu kövrəlmədən oxumaq qeyri-mümkündür...

- Əhməd Ağaoğlunun Əli bəy Hüseynzadəyə məktubu:

"Əziz Qardaşım Əli Bəy! Sürəyya və Tezər xanımı sana evlad olmaq üzərə tevdi (əmanət) ediyorum. Təhsillərini natamam buraxmamaq için İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa onları etimad edəcək yer bulamadığım için sana və Əthiyyə xanıməfəndiyə zəhmət vermək ıztırarında (məcburiyyətində) qaldım. Onları qəbul etmək kibi lütfdə bulunmanız bəni və ailəmi şükranı ödənəməyəcək qədər minnətdar etdi. Artıq çocuqlar sənindir. Bəni biliyorsun. Bən insanda həsəb və nəsəbdən, elm və irfandan ziyadə əxlaqa, mətanətə qiymət veririm. Bən Türk qızlarının sərbəst olmalarını həyata qarışmalarını və bütün fəaliyyəti-içtimaiyyəyə iştirak etmələrini arzu edərim. Qızlarımın da o yolda hazırlanmış olmalarını istərəm. Fəqət hürriyyət və sərbəstiyi intizamsızlıq səklində tələqqi etməm. Onun için qızlarımdan da təvazö, iffət, hicab və hörmət dairəsində sərbəsti istərim. İştə qardasım! Hər cəhətdən onların babası sənsin...Binaenaleyh Saida, Feyzavər və Məhmət haqqında nasıl hərəkət ediyorsanız onları da o surətdə tələqqi (qəbul) edəcəksiniz. Artıq onları sizə, sizi də Allaha ısmarlıyoruz qardasım...


Əziz qardaşımız! Qardaşınız Ağaoğlu Əhməd,17 Ekim (oktyabr) 1922. Ankara."(Mənbə: A.Turan "Əli bəy Hüseynzadə" Bakı. 2014. səh 314).

 

 

 

 

 

 


Əski əlifba ilə "Saadet ablacığıma beni hatırlaması için" (Səadət abla Əli bəyin baldızıdır) sözləri yazılmış bu foto isə Feyzevər xanımın ailə albomunda böyük məhəbbətlə qorunurdu.

Sürəyya Ağaoğlu 1919-1920 (1335-1336) illərdə Bazm-i Aləm Valide Sultanisini (İstanbul qız liseyi) yüksək dərəcə ilə bitirmiş və inadkarcasına hüquq fakültəsinə daxil olmuş, Türk tarixində ilk qadın hüquqşünası kimi adını əbədiləşdirmişdir. 1923-1924-cü ildə fakültəni əla qiymətlərlə bitirən Sürəyya xanım 7 oktyabr tarixində Ədliyyə Vəkaləti Umur-u Cəzaiyə Müdiriyyətində işə başlayır. Və ən ciddi hüquqşünas görəvinə qədər yüksəlir.

Qadın hüququ baxımından Sürəyya xanımın növbəti cəsarətli hərəkəti Ankaraya gəlincə gerçəkləşir. O günə qədər qadınlar kişilərlə birgə kafedə, restoranda əyləşmirdilər. O isə rəfiqələriylə birgə lokantaya gələrək masa arxasında əyləşir. Belə etməsinə səbəb gərgin iş görəvindən sonra yemək hazırlamağa zamanın olmaması idi. Xanımlar uzun müddət yüngül yeməklərlə keçinsələr də, son anda dözə bilməyib lokantaya yol alırlar. Bu hadisəni Sürəyya xanım öz memuarında belə qələmə alır: "Nahar məsələsi Məlahət və mənim üçün problemə çevrilmişdi. Çünki o dönəmlərdə Ankarada "İstanbul Lokantası" adlı restorandan başqa yer yox idi. Bir gün atamdan izn alaraq Məlahətlə birgə o lokantaya getdik. Kənar bir yerdə əyləşib yemək yedik. Hər kəs heyrət içində idi. İki gənc qız lokantada yemək yeyir... Basın-Yayın Genəl Müdiri bizi və atamı yaxşı tanıdığından xəbəri atama o dəqiqəcə çatdırmışdı. Gecə atam evə gəlincə bunları anlatdı:

Başbakan Rauf bəy, Sürəyya ilə bir xanım arkadaşının lokantada yemək yediyini və hamının bundan danışdığını söylədi. Bir də kitabxanaya gedən bir xanım varmış, onun haqqında da şayiələr dolaşmaqdadır...

Rauf bəy kitabxanaya gedən qızın öz qızı olduğunu sonradan bilir. Bu olaydan sonra Qazi və Lətifə xanımla rastlaşınca hadisəni ona nəql eləyirlər. Onlar da bizə gəlir. Lətifə xanım iş həyatımdan məmnun olub-olmadığımı məndən soruşur. Mən də baş verən olayı ona olduğu kimi anlatdım. Lətifə xanım mənə atamın və Rauf bəyin haqlı olduğunu söylədi. Elə Atatürk də bəylərin söylədiklərinin doğru olduğunu dilə gətirir. Qadın azadlığı konusunda düşkün olan Atatürkün bu jesti Sürəyyanı şaşırır. O, Qazinin başqa bir fikir söyləyəcəyini gözləyirdi. Amma əksini eşidir.

Ertəsi gün bakanlıqda çalışarkən millət vəkili Necati bəy təlaşla içəri girir: "Sürəyya, hazır ol, Paşa gəlib yeməyə götürəcək səni". Mən və dostlarım şaşırmışdıq. Çölə çıxınca Paşanın avtomobilini və onun içində Millət vəkilləri Mahmud və Müzəffər bəyin olduğunu gördüm. Onlar mənə: "Lətifə xanım bu gün səni nahara gözləyir" söylədilər. Özümü itirmişdim, heç nə danışa bilmirdim. Avtomobilə mindim. Yolda hər kəs bizə baxırdı. Lokantanın qarşısında dayandıq". Sonra Lətifə xanım mənə nəql etmişdi ki, Paşa restoran məsələsinə görə çox əsəbləşmişdi. Elə baş verən bu olaydan çıxış yolu kimi və pıçhapıçın birdəfəlik kəsilməsi üçün Paşanın əmri ilə məmurlara və Millət vəkillərinə tapşırılmışdır ki, lokantaya həyat yoldaşları ilə birgə getsinlər. "Onlar rahatlıqla lokantaya gəlmişlər. Və bununla Paşa qadınların rahat hərəkəti üçün şərait yaratmışdı".

İngilis və fransız dilini mükəmməl bilən S.Ağaoğlu daima uluslararası konfranslarda Türkiyəni layiqincə təmsil edirdi. O, 1952-ci ildə Millətlərarası Qadın Hüquqçular Birliyinə üzv olmuşdur. 1980-1982-ci illərdə Hüquqçu Qadınlar Federasyonunun ikinci başqanı olmuşdur.

S.Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak edib, Yeni Türkiyə Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib. İndi Türkiyədə onun adını daşıyan küçə vardır. Yaratdıgı Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ də fəaliyyət göstərir.

Onun "Londonda gördüklərim", "Bir həyat belə keçdi" kitabları - memuarları vasitəsilə hüquq cəbhəsində baş verən olaylar haqqında təfsilatıyla məlumat ala bilərik. Biz Ağaoğluların Türkiyədə aktiv fəaliyyəti haqqında, ailənin digər fərdlərinin nələr yaşadıqlarını təkcə Sürəyya Ağaoğlunun memuarlarından deyil, eyni zamanda qardaşı Səməd Ağaoğlunun qələmə aldığı "Atamdan xatirələr", "Atamın dostları", "Strasburq xatirələri", "Aşina üzlər", "Dostum Menderes", "Sovet Rusiya imperatorluğu" və s. memuarlar vasitəsilə xəbərdar oluruq.

 

 

 

 

 


Sürəyya xanımın uzunömürlü ailə həyatı olmayıb. Atasının anası ilə tanışlığını öz xatirələrində sevə-sevə nəql edən Sürəyya xanım özü belə bir xoşbəxtliyə nail ola bilmir.

"Anama aşiq olan atamın evlənmə təklifi onu "Firəng Əhməd" kimi görən nənəm tərəfindən rədd edilmişdi. Çox mühafizəkar bir qadın olan ana nənəm atam evin önündən keçərkən anamın balkona çıxmasına da dözə bilmirmiş. Bir müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi oğlu Fərrux bəy ilə danışarkən onun niyə evlənmirsən sualına "Mənim istədiyimi mənə vermirlər, mənə gəlmək istəyənləri isə mən bəyənmirəm", - deyə cavab verir və sirrini Fərrux bəyə açır. Həmin vaxt artıq nənəm də vəfat etdiyi üçün Fərrux bəy "Mən sənə Sitarəni verdim" deyərək Qarabağa, anamın atasına teleqraf göndərir. Atam o dövrdə adət olmadığı halda, nişanlısını ziyarət etməklə, ona hədiyyələr verməklə babamın və qonaqların təəccübünə səbəb olmuşdu. Beləcə, evləniblər".

Sürəyya Ağaoğlu 1950-ci ildə - 48 yaşında alman hüquqşünası Varner Tasçenbreker ilə ailə həyatı qursa da, bu izdivac on ildən sonra - 1960-cı ildə ayrılmaqla tamamlanır. Övladı olmayır. Biz memuarları vasitəsilə də bu izdivac haqqında məlumat ala bilmirik. Sürəyya xanım bu haqda yazmamağı doğru hesab etmişdir.

Sürəyya xanım 1982-ci ildə Bakıda olub. O bu tarixi səfər haqqında xatirələrində belə yazıb: "Bizi "Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"...

Bu olayı oxuyarkən gözlərim uzun-uzadı pəncərəyə zilləndi. Görəsən, bizim üçün "növbəti dəfə" nə zaman olacaq? Biz "növbəti dəfə"lərlə Qarabağa gedişimizi otuz ilə yaxın müddətə gecikdirmədikmi? Qədimdən qədim yurdumuzu görmək bizə nəsib olamayacaqmı? Yəni bu arzu gözümüzdəmi qalacaq? Yəni biz də ölüm yatağında sonuncu dəfə "Qarabağ" deyib dünyadan köçəcəyikmi? Belə həqarətmi olar? Belə ədalətsizlikmi olar?

"Torpaqdan pay olmaz" deyimini şeirlərdə əzbərlədik, Sürəyya xanım. Elə gözəl vətənpərvərlik şeirləri yazırıq ki... bir biləsiniz... elə gözəl təriflər yağdırırıq ki, könlü parçalanmış, didik-didik olmuş vətənimizə... Ah, yazıq bizə... ah...

Bir xəritəmizi görsəniz. "Olmaz" dedik, amma pay verdik... İrəvanı Ermənistan adına, Borçalını Gürcüstan qonşusuna, Təbrizi, Ərdəbili, Urmiyanı, Xoyu, Zəncanı və daha haraları... Əlimizdənmi qopardılar? Əlimizdən buraxdıq. Siz də gedə bilmədiniz. Biz də gedə bilmirik...

Sürəyya Ağaoğlu Atatürk sayəsində aydınlanma atəşinin, qadınların üzünə bir günəş kimi doğduğu sürəcə missiyanın öhdəsindən layiqincə gəlmişdir. Hətta sıxıntılı dönəmlərdə yorulmadan yeniliklərə doğru aktiv fəaliyyətdə olmuş və modern Türk qadını tanımının özü olmuşdur.

Memuarları oxuduqca müəyyən təsvirdən sonra, "kaş o günlər bir də qayıdardı", "atamın bu hərəkətini heç unutmuram", "necə gözəl günlər olmuşdur, ilahi" fikirlərini dönə-dönə oxuyuruq. O dönəmlərin, gərgin, acılı-şirinli günlərin xiffətini çəkən Sürəyya xanım son nəfəsinə qədər işdən, müzakirələrdən usanmır. Öz tənhalığını, təkliyini gur diskussiyalar içində unutmağa çalışır. 1989-cu ildə İstanbulda qatıldığı "Qadın haqları və çağdaşlaşma" mövzulu panel iştirak etdiyi son toplantı olur. Ordan ayrılarkən pilləkanlardan yıxılaraq beyninə qan sızması nəticəsində gözünü əbədi olaraq bu dünyaya yumur. Bir ömür də belə keçir...


 
Günel Eyvazlı
Ədəbiyyat qəzeti
 
 
qadinkimi.com