BURA / ORA
Türkiyənin qadına bənzər şəhəri Tarix : 26 İyul 2022, 15:34
Yazar : Günel Dəniz
Azərbaycanlılar arasında o qədər də bilinməyən qızılgül və lavanda qoxusuyla əhatələnmiş Ispartaya səfərimdən danışmaq istəyirəm bu dəfə. Xalçaları və gülləriylə məşhur Isparta Türkiyənin cənub-qərbində yerləşən bir şəhərdi. Aralıq dənizinin şimalında "Göllər” adlanan bir bölgədədir; Qərbdə Burdur, şimalda Afyonkarahisar, şərqdə Konya və cənubda Antalya ilə əhatə olunub. Dörd bir yanı dağ və göl olan düzənlikdədi. Beş göl ilə - Eğirdir gölü, Kovada gölü, Gölcük vulkanik krater gölü, 2335 m hündürlükdə Qara göl və Beyşehir gölü ilə əhatələnib.

Mərkəzdən 35 km məsafədə yerləşən Eğirdir gölünün ətəyindəki Davraz dağı (2635 metr zirvə yüksəkliyi) adlanan qış turizm mərkəzi də qısa zamanda populyarlıq qazanan kurort bölgələrindəndi. Həmçinin alma və üzüm bağları ilə də məşhurdur. Əhalisi 447.164 (2022) nəfərdir. Ərazisi isə 8.993 km²dir. 

Böyük İsgəndər dövründə (e.ə 356 - e.ə 323), Anadolunun qərbi yunan hakimiyyətinə keçib. İsgəndərin ölümündən 36 il sonra belə həmin bölgə Afinadan asılı qalıb. Bu illərdə Mora yarımadasında yaşayan ıspartalılarla Afina yunanları Anadolunun qərbinə köç ediblər. Peloponez yarımadasının ıspartalı əhalisinin böyük bir hissəsi o zamanlardan bu gün Ispartanın yerləşdiyi bölgədə məskunlaşıb. Şəhərə də öz ölkələrinin adını yəni Isparta adını veriblər.

Səs-küydən uzaq yerləri sevənlər üçün bu sakit şəhər idealdı. Vizual baxımdan femin bir şəhərdir. Şəhərin girişində və ən gözəgəlimli yerlərində tort güllərinə bənzər nəhəng gül heykəlləri qoyulub. Sanki yağış yağsa əriyəcək. Bir çox məkan - qızılgül satış yerləri, parklar, reklam lövhələri və hətta şəhər futbol komandası "Ispartaspor” qızılgül simvolu olan çəhrayı rəngdədi. Hər yerdə qızılgül motivləri görmək mümkündü, yol kənarında işıq dirəkləri belə gül şəklindədir.






Ispartanın girişində yerləşən parkda 29 metr yüksəkliyində saat qülləsi inşa edilib. Alt qismi Ispartaya xas olan Köfkə daşından, yuxarı hissəsi isə taxtadan hazırlanan saat qülləsinin dayanıqlı olması üçün xüsusi materiallardan istifadə olunub. Qüllənin üstündə ağacdan yonulmuş Isparta qızılgülləri həkk olunub və bütün güllər bir-birindən fərqlidir, digərini təkrarlamır. Təpə hissəsində bir-birinə bitişik 16 ulduz və 3 aypara quraşdırılıb. Ulduzlar gələcəyə, üç aypara isə keçmişə, yəni üç qitəyə yayılan böyük Osmanlı İmperatorluğuna və bu qitələrə xeyirxahlıq, nəzakət, mədəniyyət, tarix, elm, sənət paylayan böyük Türk millətinə işarə olunur. 



Diqqətimi çəkən nüanslardan biri də odur ki, burada müxtəlif peşə qruplarını bir yerdə görmək mümkün deyil. Məsələn, həkimlər müəyyən ərazidə, xalça-kilim satan dükanlar, qəssablar, qızılgül məmulatları satanlar başqa-başqa yerlərdədi. Qalantereya isə tam ayrı məkandadı. Yəni bu şəhər hər küçədə, hər tində qəssab və ya tərəvəzçi tapmağa öyrəşmiş adamları kifayət qədər təəccübləndirir. Bunun əvəzində hər yerdə hərbi texnika, əsgərlərə aid əşyalar satılan mağazaları görə bilərsiz. 

Tələbələrə qucaq açan şəhər

Bu şəhərin bütün iqtisadiyyatı demək olar ki, əsgər və tələbə üzərində qurulub. Şəhər camaatı bütün dolanışığını tələbələrə bağlayıb. Hər addımda tələbə evləri, tələbə yataqxanaları, tələbə güzəştləri və s. kimi reklam afişləri görmək mümkündür. Mənzillərdə isə tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb. Türkiyənin bütün şəhərlərində olduğu kimi Ispartada da avtobus biletlərində tələbələr üçün xüsusi endirimlər mövcuddur.

Şəhərdə iki böyük universitet fəaliyyət göstərir.

1. Süleyman Demirel Universiteti 1992-ci ildə qurulan 23 dövlət universitetindən biridir. Bu universitetə Isparta şəhərində doğulmuş, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin adı verilib. Keçən 29 il içərisində sürətli inkişafıyla Türkiyənin akademik, elmi, texnologiya sahələrində öndə gələn önəmli universitetlərdəndir. Universitetin tərkibində 19 fakültə, 6 institut, 40 tədqiqat və tətbiq mərkəzi var. Diş Həkimliyi, Memarlıq, Mühəndislik, Tibb, İqtisadi və İdarə Elmləri kimi fakültələrdə müxtəlif bakalavr və magistr proqramları tədris olunur.



2.Isparta Tətbiqi Elmlər Universiteti 18 may 2018-ci ildə qurulub. Universitetin tərkibində 6 fakültə, 19 kollec mövcuddur. İdarəetmə, Kənd təsərrüfatı, Turizm, Texnologiya, Su məhsulları və Meşəçilik fakültəsində bakalavr, magistr və doktorantura proqramları tədris olunur.
 
Dörd fəsli bir arada yaşadan Isparta

Havasına gəldikdə kontinental iqlimə malikdir. Yəni səhər oyandığımızda duman olan, daha sonra yağışa çevrilən, ardından günəş açan və ən sonunda qar yağa bilən, qısacası, bir gündə dörd fəsli yaşadan bir yerdi Isparta. Antalyaya cəmi 1 saat yarımlıq məsafədə olsa da, havası çox təmiz, rütubətsiz və nəmsizdi. Qışları isə kifayət qədər soyuq keçir. Hətta deyərdim Moskva şaxtasının soyuğuna bənzər dondurucu soyuğu olur. 
Isparta gülünü qoxlamadan ölməyin

Gülləriylə məşhur olan bu kiçik şəhərə səfər etmədən öncə hər yerdə gül görəcəyimi düşünürdüm, lakin heç də belə deyilmiş. Yağ alındığı üçün qızılgüllər adətən may - iyun aylarında yığılır. Yığılan güllərdən gül mürəbbəsi, gül lokumu (yeri gəlmişkən Ispartaya gəlsəniz, mütləq qızılgül lokumunu dadın) gül yağı, gül essensiyası, gül suyu, krem, şampun, sabun və s. kosmetik məhsullar istehsal edilir.
 

Güllərin şahzadəsi sayılan Rosa Damascena - Dəməşq qızılgülü

Ispartaya xas olan bir özəl gül növü də var ki, adı Rosa Damascenadı. Adını Suriyanın indiki paytaxtı Dəməşqdən alsa da Orta Asiya mənşəli çiçəkdir. Fransız Robert de Bri onu 1148-ci ildə Dəməşqdən Avropaya gətirib. Dəməşq Avropada "Şam” kimi tanındığı üçün bu gül də Şamdan gətirilən "Şam gülü” yəni "Rosa Damascena” və ya "Damask Rose” adı ilə tanınmağa başlayır.


Bu qızılgül növü hazırda yalnız Isparta ilə Bolqarıstanda yetişir. Dörd ton güldən 1 kq yağ əldə edilir, 1 kq gül yağının qiyməti isə 7.000 avrodur. Bu gül yağ əldə etmək üçün istifadə edilən ən önəmli gül növü sayılırmış. Və onu da qeyd edim ki, dünyadakı gül yağı ehtiyacının 65%-ni Isparta qarşılayır. Rosa Damascena gülü içindəki efir yağında toplanan yaşam enerjisi ilə dünyanın ən yüksək tezliyinə sahibdir. Digər gül yağlarında bu rəqəm 62 MHz-dirsə Rosa Damascenada bu tezlik 320 MHz olur. Heyf ki, səfərim qış ayına təsadüf etdi, yoxsa bu gözəl çiçəklərin enerjisini içimə çəkməyi çox istərdim. Deyilənə görə bu çiçəklərin terapevtik qoxusu insan ruhunun ən dərin nöqtəsinə çataraq ona yaşarkən cənnəti vəd edir və hər insan ölməzdən əvvəl mütləq bu güllərin ətrini hiss etməlidir.

Köçlə Ispartaya gələn qızılgül tingləri

1870-ci illərdə Bolqarıstandan Anadoluya köçən türklər istehsal ənənələrini və bacarıqlarını da özləri ilə gətirirlər. Bolqar mühacirləri olaraq tanınan həmin mühacirlərin bir hissəsi Ispartanın şəhər mərkəzində bu gün Gülçü və Emre məhəllələri kimi bilinən bölgələrdə məskunlaşırlar. Mühacirlərin özləri ilə gətirdikləri yağlı qızılgül Ispartanın torpağını, havasını çox sevir. Belə ki, sonrakı illərdə həmin torpaqlar "rosa damascena” olaraq adlandırılan bu qiymətli çiçəyin dünyadakı ən əhəmiyyətli istehsal mərkəzinə çevrilir. 

Bir neçə il sonra 1892-ci ildə Müftüzadə İsmail Əfəndi adlı istehsalçı bu yüksək aromalı qızılgüllərdən qızılgül yağı istehsal edir. Bir neçə sınaqdan sonra istehsalat işləri sürətlə artır və tezliklə həmin qızılgül tingləri şəhərin bağlarından yaxınlıqdakı qəsəbə və kəndlərə yayılır.

Osmanlı İmperiyasının son günlərində gül istehsalı

1900-cü illərin əvvəllərində Isparta gülünün keyfiyyəti və yüksək aroması fransız şirkətlərinin diqqətini çəkməyə başlayır. Lakin o illərdə Osmanlı İmperiyasının idarə sistemi iqtisadi baxımdan şəhərdəki gülçülüyün inkişafına mane olacaq səviyyəyə çatmışdı. Osmanlı parlamentində Isparta millət vəkili olmuş tarixçi Süleyman Sami Böcüzadə 1910-cu ildə Maliyyə Nazirliyinə etdiyi təkliflə Bolqarıstandan gömrük vergisi tələb edir. Çünki həmin illərdə Isparta qızılgül yağından yüksək gömrük rüsumu alındığı halda Osmanlı ölkəsinə gətirilən Bolqar qızılgül yağından gömrük rüsumu alınmaması Ispartalı istehsalçıları fransız tacirləri qarşısında çətin vəziyyətdə qoyurdu.

Böcüzadənin qeydlərində bildirilir ki, 1910-cu ildə İspartada 400 kq qızılgül yağı istehsal edilib. Bu gün istehsal olunan qızılgül yağının ildə 1,5 ton civarında olduğunu düşünsək o illər üçün bu rəqəm heç də cüzi deyil. Çünki bir qram qızılgül yağının iqtisadi dəyəri qızıldan çoxdur. Böcüzadə öz xatirələrində, Maliyyə Nazirliyinin 22 dekabr 1910-cu il tarixli təklifinə verdiyi cavabda deyir "Bundan sonra Osmanlı gömrüyündə Bolqar qızılgül yağlarından 10 % gömrük dəyəri alınacaq, Osmanlı qızılgül yağlarından da Bolqarıstanda eyni nisbətdə rüsum alınacaq”.
Atatürkün gül yağı təlimatı

Isparta gülü Türkiyə cümhuriyyəti kimi sənaye istehsalına göstərilən səylərdən öz nəsibini alıb. Belə ki, 6 mart 1930-cu ildə Ispartaya səfər edən Mustafa Kamal Atatürkün qızılgül yağı istehsalı ilə bağlı verdiyi göstərişlər əsasında hərəkətə keçən İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ilk müasir qızılgül yağı fabriki 1935-ci ildə istifadəyə verilmişdir. Və bu tarixdən sonra qızılgül yağı əsasən müasir qurğularda istehsal olunmağa başladı. 

Lavanda ətirli kənd

Isparta şəhəri həmçinin lavanda bitkisinin sıx olduğu ərazi kimi də tanınır. "Lavanda ətirli kənd" olaraq bilinən Kuyucak kəndi ölkədə lavanda gül emalının 80 faizini təşkil edir. Adı çəkilən bitkinin yağından parfümeriya və tibb sektorunda geniş istifadə olunur. Qeyd edim ki, lavanda yağının 1 kq-nın qiyməti 20-25 Türk lirəsi civarında dəyərləndirilir.

Kuyucak kəndini 2019-cu ildə təxminən 750 min insan ziyarət edib. Ərazinin Mədəniyyət və Turizm Müdiri Əli Göçer bildirib ki, pandemiya başlamasaydı bu rəqəm daha yüksək olacaqdı. Getdikcə lavandaya tələbat artır, tanıtım və potensialımız da yaxşı durumdadır. Lavanda yağ emalı sahələrimiz genişləndirilir. Kuyucak kəndi ilə yanaşı Keçiborlu kəndində də lavanda bitkisi yetişdirilir.




Türkiyənin ən xoşbəxt şəhəri

Xatırladım ki, bu il Türkiyənin ən xoşbəxt şəhəri Isparta seçilib. Bu şəhərdə bədbəxt insanların əyalət əhalisinə nisbəti 5,55 olaraq təyin olunub.

Həmçinin Türkiyənin zəngin kəsiminin yaşadığı şəhərlərin sırasında Isparta öndə gedir. 

Qadınlar heç kimə möhtac olmamalı

Ispartada kiçik bir ailənin qonağı oldum. Polis olaraq çalışan evin bəyi mədəni, sakit bir insandır. Evin xanımı Kamilə xanım da bir zamanlar yol polisi olub və bir avtoqəzada ağır travma alıb. Yoldaşı həmin qəzada mədə qanaxması keçirib, özü isə beyincik zədələnməsindən sərbəst hərəkət etmə, yerimə qabiliyyətini itirib. Uzun müddətli müalicələrdən sonra çətinliklə də olsa danışır və xüsusi dəstəkli tutacaq vasitəsiylə yeriyir. Qəza baş verdiyi zaman hələ heç evli deyillərmiş. Sevgiləri bütün əngəlləri aşa bilib və ağıllı, şəkər bir qız övladları doğulub bu sevgidən. 
Kamilə xanım həyat yoldaşı Serkan bəylə

Anası yardım edir Kamilə xanıma. Yaşlı qadın çox şirin-şəkər, qonaq sevən bir qadındı. Hər mövzudan danışdıq bu gülərüzlü nənə ilə. Həmin söhbəti sizlərlə də bölüşmək istəyirəm.

⁃ Vəsilə xanım necəsiz?

⁃ Çox şükür, gözəl qızım, həmd olsun.

⁃ Necədi burda həyat?

⁃ Isparta öz halında səssiz, sakit bir yerdir, ama yenə də iş olanda bir dəfə olur. (Gözləri uzaqlara dalır. Baş verən qəzanı xatırlayır çox güman ki. Dərdini təzələməyib tez söhbəti dəyişirəm).

⁃ Qadınlara münasibət necədi burda? Qadın və kişilər arasında iş bölgüsü var?

⁃ Qadına çox böyük dəyər verilir bizdə. Qızlarımızı oxudarıq, təhsil verərik, işləyib öz ayaqları üstündə durması üçün çalışarıq. Qadın dediyin heç kimə möhtac olmamalı, nə ataya, nə ərə, nə qardaşa. Öncəliyimiz qız övladlarımızı oxutmaqdı.

⁃ Nə gözəl, sizdən bunu eşitmək çox sevindirdi məni

⁃ İndi hər gün bir hadisə baş verir, TV-dən görürük, eşidirik hər gün bir qətl hadisəsi, bir təcavüz xəbəri, hər gün bir dəhşətə oyanırıq, hamısının da səbəbi cəhalətdi. Oxumuş adamın halı başqadı, başqa…- deyir və bir yandan da məni şirniyyata və çaya qonaq edir.

⁃ Bəs siz gənc ikən nə işlə məşğul idiz?

⁃ Xalçaçı olmuşam, qızım, Isparta həm də xalçalarıyla məşhurdu eşitmiş olarsan.

⁃ Bəli, duymuşam.

⁃ Amma təəsüf ki, o sektoru da məhv etdilər mexanikaya keçildikdən sonra, əldə toxunan xalıların dəyəri bilinməz oldu. Vaxtilə az qala hər evdə rast gəlinən xalça dəzgahları demək olar ki, artıq yoxdur. Sənayeləşmə olmadığı üçün camaat çörək pulunu kənd təsərrüfatından, əsgərlərdən və tələbələrdən qazanır.

⁃ Yenə də ölməyən bir sənətlə məşğul olmusuz, min illər keçsə də o sahə nə itər, nə batar, nə ölər.

⁃ Doğrudur, qızım, amma yenə də siz gənclərdən asılıdı o iş, anlayana yəni…

⁃ Gənclərdən ümidlisiz?

⁃ Hər daim, nəvəm də oxuyur, məktəblidi, başda o olmaqla bütün övladlardan, gələcəkdən ümidliyəm. Tanrı sizin hamınızı qorusun, nəzərində saxlasın, qızım!

⁃ Amin, nənəcan.
 

Kamilə xanım anası Vəsilə xanımla
Kamilə xanım, anası və qızı
 

Bir az yorulduğunu hiss edib üzümü qızına tuturam, bir az da sizlə danışaq Kamilə xanım
 
Utancaq halda;

⁃ Məmnuniyyətlə, - deyir astadan.

⁃ Polis olmaq necə duyğudur? Özü də qadın polis?

⁃ Mən daha çox masa başında olurdum, düzdü, amma yenə də çox məsuliyyət tələb edən peşədi.

⁃ Bəs darıxırsızmı işiniz üçün?

Səsi titrəyir:

⁃ Hə, hərdən…əvvəl daha çox darıxırdım, qəzadan sonra hər şərdə bir xeyir olduğuna inandım və belə olması gərəkmiş deyib qəbullandım.

Yarasını daha çox deşməmək üçün söhbəti yekunlaşdırdım. Yaşam uğrunda hər çətinliyə sinə gərən bu mübariz ruhlu qadın və ona daima dayaq olan ailəsi bir çox insana örnək olmalıdı məncə.

Kim demişdi xatırlamıram, amma belə bir söz vardı: Həyat öz yükü, dərdi, qayğıları ilə barışıq yaşayana uğur qazandırar...
 
Qoç üçün buynuzları ağır deyil, dəvə üçün də hürgücü... 



Günel Dəniz xüsusi olaraq Qadinkimi üçün

qadinkimi.com