BURA / ORA
Türməyə çevrilən villalar, qarderobda “yatan” kostyumlar... Tarix : 13 Aprel 2020, 19:30
Yazar : Qadinkimi.com
On altı il əvvəl haqq dünyasına qovuşan Sakıp Sabançı Türkiyənin ən varlı adamlarından biri idi. Mən ötən əsrin 90-cı illərində qardaş ölkədə təhsil alanda tələbə yoldaşlarımdan biri onun haqqında belə demişdi: "O qədər varlı adamdır ki, dövlətə borc verir”.

Sabançının ən böyük arzusu oğluna bir cüt ayaqqabı almaq idi. Soruşa bilərsiniz ki, var-dövləti başından aşan adam niyə oğluna bir cüt ayaqqabı almırdı? Mən, serial çəkən rejissorlar kimi sizi intizarda qoymayacağam. Səbəb sadə idi: Sakıp bəyin oğlu əlil idi, ömrünü təkərli əlil arabasında keçirirdi. Ayağa qalxıb iki addım ata bilmirdi ki, ayaqqabı geyinsin...

Koronavirus epidemiyası hamını "ev dustağı” edib. Bayıra çıxmağa imkanımız olmadığı üçün ayaqqabılarımızı toz basıb. Mənim ucuz, Məmmədin bahalı ayaqqabısı indi heç nəyə yaramır. Türkiyəli ulduz Sərdar Ortaç bir neçə gün əvvəl belə demişdi: "On villanız, iyirmi kostyumunuz, otuz ayaqqabınız olsa, nəyə yarıyar?! Villalarımız türməyə, biz isə dustağa çevrilmişik. Evimizdən kənara bir addım ata bilmirik”.

Bu, həmin vaxt idi ki, Sərdar bəy xəstəxanadan yeni çıxmışdı. Ömrünün iki gününü ağxalatli tibb işçilərinin əhatəsində keçirəndən sonra etiraf etmişdi ki, dünyada can sağlığından şirin nemət yoxdur.

Koronavirus epidemiyası dünyada 126 milyon insanı işsiz qoyub. Yüz minlərlə ailə bir tikə çörəyə möhtacdır. Ancelina Colidən, milyonçu Ronaldodan tutmuş İzmirdə çörək mağazası işlədən xeyirxah Burak bəyə kimi hamı ehtiyac içərisində çapalayan insanlara kömək etməyə çalışır. Ustad Haluk Ləvənt yoxsul insanların ac yatmaması üçün gecəsini gündüzünə qatıb. Seda Sayan 350 ailənin iki aylıq dolanışığını öz üzərinə götürüb. Murat Boz bizim bəzi düşük manıslardan fərqli olaraq, kömək istəyən adamlara üzünü bozartmır. Əksinə, min ailəni iki ay öz himayəsinə götürüb. Türkiyə mətbuatını yaxından izləyən bir jurnalist kimi bu siyahını istədiyiniz qədər uzada bilərəm. Həmin adamların heç biri adlarının hansısa məqalədə çəkilməsi üçün bu yaxşılığı etmirlər. Yaxşı adam olduqları üçün yaxşılıq edirlər...

Ötən gün Əməkdar artist Mətanət İsgəndərlinin bir açıqlamasını oxudum. Mətanət xanım deyir ki, yardım üçün müraciət edən adamlar çox, o isə təkdir: "Hamıya kömək etməyə gücüm çatmır. Varlı adamlar hardadır? Niyə bu çətin günlərdə insanların köməyinə çatmırlar?”

Müğənni xanımın sonrakı sözləri daha təsirlidir: "Siz pul verin, mən özüm bazarlıq edib ehtiyacı olan ailələrə çatdıracağam. Əsas odur ki, siz əlinizi cibinizə salın”.

Azərbaycanda minlərlə adamın Parisdə, Londonda, Praqada villası var. Antalyada, Bodrumda, Kəmərdə elə küçələr var ki, torpağından tutmuş üstündəki tikililərə kimi hamısını azərbaycanlı milyonçular alıb. Teymur Əliyev küçəsindəki bir villanı satıb Vyanada 8 mənzil almaq olar. İtinə, çaqqalına, canavarına ayda bir ton ət yedizdirən, göyərçinlərini bahalı tumla bəsləyən adamların niyə səsi çıxmır? Uzun illərdən bəri xalqdan oğurladıqları milyonların niyə bir faizini xalqa xərcləmək istəmirlər?

Epidemiya hamını evdə qalmağa məhkum edib. Mən ikiotaqlı darısqal mənzilimdə, o isə 20 otaqlı geniş villasında ev dustağıdır. Qarderobda mənim iki, onun iyirmi iki kostyumunu toz basıb. Onun 3 500 manata aldığı bahalı ayaqqabılar mənim 70-80 manata aldığım ucuz ayaqqabılar kimi heç nəyə yaramır. İndi insanlıq işə yarayır. Bəşəriyyətin çətin sınaq qarşısında olduğu bu çətin günlərdə siz də əlinizi cibinizə salın. Hər ağızda bir dua var. Bəlkə də kömək edəcəyiniz adamların duası bəşəriyyəti xilas edəcək...
 
 

Seymur VERDİZADƏ
Mənbə: yenisabah.az
qadinkimi.com