KİŞİ KİMİ
Xilaskar həkim Nurlan Fərəməzov Tarix : 01 Sentyabr 2021, 18:08

Fərəməzov Nurlan Əhliman oğlu Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin seçilən şagirdlərindən olub.

"Çox savadlıydı. Dəqiq elmləri gözəl mənimsəyirdi. Gözəl əl qabiliyyəti vardı. Elə bilirdim mühəndis olacaq. İstənilən universitetə qəbul olunardı. O həkim olmaq istədi. Özü də hərbi həkim. Deyirdi "hərbi həkim olmaq, hərbiçilərin sağlamlığını qorumaq çox şərəflidir. Hərbi həkim kimi daha çox gərək olaram. İndi hər an bizə hərbi həkim lazımdı. Əsil şəxsiyyət idi. – müəllimi Xəqani Mahmudov məzununu belə xatırlayır.

Fərəməzov Nurlan Astara rayonunun Təngərüd kəndində 1992-ci il may ayının 1-də anadan olub, bu kənddə böyüyüb, orta təhsil alıb.

Orta təhsilini başa vurduqdan sonra 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin seçilən tələbələrindən olub. Uğurla təhsilini başa vurub, hərbi həkim kimi işə başlayır.

 

 

 Nurlan Fərəməzov — Vikipediya


Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi olur. Daha sonra Tovuzda xidmətinə davam edir. 6 il hərbi həkim kimi çalışır. Oxuduğu, işlədiyi müddətdə biliyi, zəngin mənəviyyatı, sağlam əqidəsi, vətənpərvərliyi ilə hamının hörmətini qazanır Nurlan.

Yubiley medalı ilə təltif olunub.

6 illik hərbi xidmətdən sonra 2020-ci ilin avqustunda səhhətiylə bağlı hərbi xidmətdən tərxis olunur.

Sentyabrda İkinci Vətən savaşı başlayır. Yenicə tərxis olunan Nurlan döyüşə qatılmaya bilərdi. Amma ilk gündən narahat olur. Ailə üzvlərinin sözlərinə görə gözlərinə yuxu getmir. "Mən mütləq döyüşdə olmalıyam” deyir, hərbi komissarlığa müraciət edir və yenidən cəbhəyə yollanır. Baş Leytenant Ilkin Fərəməzov hərbi həkim kimi xidmətə başlayır.

Atası Əhliman kişinin xatirələri: Çox vətənpərvər idi, işinə hədsiz bağlıydı. Birinci Vətən idi onun üçün. Tovuz hadisələri olanda məzuniyyətdə idi. Bütün gecəni yatmadı, səhər sübdən "gedirəm” dedi. "Axı məzuniyyətdəsən” sözümə "ata, belə vaxtda mən orda olmalıyam. Burda istirahət edə bilmərəm” cavabı belə oldu.Daha heç nə deyə bilmədik. Müharibə başlayanda da heç kim onu saxlaya bilməzdi. Mən hərbi həkim ixtisasını ona görə seçdim ki, belə gündə vətənimə xidmət edim, döyüşçülərimizin yanında olum.-sözü bu oldu.

Hərbi tibb işçilərinin, həkimlərin vətən müharibəsindəki qəhrəmanlıqları danılmazdır. Neçə-neçə həkim, tibb işçisi könüllü cəbhəyə yollandı. Onlar da əsgərlərimizlə birlikdə döyüşüşdülər, neçə igidimizi həyata qaytardılar. Vətən müharibəsinin xilaskar həkimi Nurlan Fərəməzov da gecə-gündüz bilmədi.

Onunla birlikdə Vətən savaşında olan hərbi həkim Vüqar Ağayev: Xidmətə eyni maşında gedirdik. Çox igiliklər göstərən, qəhrəmanca şəhid olan polkovnik-leytenant Naib Orucov da bizimlə idi. Bir həftə eyni otaqda qadıq. Bir həftədə çox doğmalaşdıq. Həyat dolu gənc idi. Təəssüf edirəm ki, belə keyfiyyətli həkimi, insanı gec tanımışam. Hərbi forma veriləndə də ilk o gedib geyinmişdi. Bir də görürdüm Nurlan yoxdu. Əsgərlərin yanında olurdu bütün günü. Bir-neçə gündən sonra döyüşlərə yollandıq. Elə sevinirdi ki, Vətən savaşında payı olacaq deyə. Püxtələşmiş cavan həkim idi. Çox çevikdi. heç ölümdən qorxmurdu. Heç özünü düşünmürdü. Hara gəldi atılırdı. Hamıya ilkin yardım göstərmək istəyirdi. O qədər yaralı daşıyırdı ki. Halbuki xəstəxanada yaralılarla olmalı idi. O isə səngərlərə, güllə altına gedirdi. Deyirdi "birdən hansı yaralısa qalar, birdən kiminsə ilk yardıma ehtiyac olar”. Nə bilim, sözəgəlməz möcüzə adam idi. Həm həkim, həm də əsgərdi. Sonra ayrılmalı olduq Mən Cəbrayıl, o isə Fizuli istiqamətindəki döyüşlərə getdi. Zəng edirdi, məndən hal-əhval tuturdu. Sonra mən yaralandım. Füzuli hospitalına aparıblar. Özümə gələndə baxdım ki, bir-neçə dəfə zəng vurub. Sonra ondan xəbər çıxmadı. Bacıma zəng vurdum, Nurlanı soruşdum, demədi. Çox ağrılı olsa da, düşündüm ki, şəhid olub, çünki Nurlan sağ olsa hökmən zəng edərdi mənə...

Savaşın ən qaynar nöqtələrində olub ilk günlərdən ailənin tək oğlu, iki bacının yeganə qardaşı.

-Dayaq idi, dost idi, müdrik idi. Onunla hər mövzuda söhbətləşə bilərdin. Səhhətiylə bağlı tərxis olunandan sonra Almaniyaya getmək, ixtisasını təkmilləşdirmək istəyirdi. Öyrənməkdən yorulmurdu. Uşaqlıqdan mütaliəni sevirdi. Kitab oxumağı, bir də dənizi çox sevirdi. Çox məsuliyyətli idi. Tovuz döyüşlərində də iştirak edib. Əsgərlərə bağlıydı. Hər biri onun üçün qardaş idi, doğma idi. Ona həmişə elə gəlirdi ki, az iş görür, yüksəklərə can atırdı...Şəhidlik imiş...- bunları anlatdı bacısı Aysel.

Növbəti döyüşlərin birində yenə də döyüş meydanına, səngərlərə atılır Nurlan Fərəməzov. Yaralıları döyüş meydanından çıxarır. Bu zaman da oktyabrın 9-da şəhid olur cəsur, xilaskar hərbi həkim.

"Vətən uğrunda”, "İgidliyə görə”, Füzulinin, Cəbrayılın azad olunmasına görə medallarına layiq görülüb baş leytenant Nurlan Fərəməzov.

Anası Həqiqət xanıma həmişə "ana narahat olma mən həkiməm, mənə heç nə olmaz” söyləyib: Heç mənə əziyyət verməzdi. Heç kimə əziyyət verməzdi. Hər zəng edəndə "Mən çox yaxşıyam, ana. Hər şey yaxşıdı və daha yaxşı olacaq” deyirdi. Çox qürurlanırdım oğlumla. Ağırdı. Çox ağırdı. Həmişə narahat idim, nəsə içimdə narahatlıq vardı. İndi nə deyim ki? Tərxis olunmuşdu. Getməyə bilərdi. Hər sözü Vətən idi. Ən çox vətəni, torpağı sevirdi. Ona görə "Qala bilmərəm”dedi. Getdi. Həmişəlik getdi...

Əslində həmişəlik getmədi Həqiqət ana. Yenidən dünyamıza gəlmək üçün getdi. İndi O, səngərdən çıxardığı, yaralarını sarıdığı igidlərimizin aldığı hər nəfəsdə yaşayır. İndi O, azad olunan torpaqlarımızın hər qarışında yaşayır. Yaşayacaq. Hər günümüzə, anımaza qayıdacaq və Azərbaycan adlı yurdu yaşadacaq nurlanlar. Yoxsa biz məhv olarıq.


P.S. Astarada Mərkəzi Klinik Xəstəxana var. El-oba Xəstəxanaya Nurlan Fərəməzovun adının verilməsini istəyir. Məncə əlaqədar təşkilatlar bu istəyə qarşı çıxmaz. Nurlan Fərəməzov Astaranın İkinci Qarabağ Savaşında şəhid olan yeganə hərbi həkimdir.

 

 

Kamalə Abiyeva

 

qadinkimi.com