BURA / ORA
Yolda çarəsiz itə kömək etmək istədim… Şəhriyar yazır Tarix : 30 Aprel 2022, 15:10

Neftçilər tərəfdə maşınla gedirdim. Yolda maşın sıxlığı çox idi. Baxdım ki, kənarda bir it var, yola addımlayır, amma maşınlar dayanmadan gəlir deyə yolu keçə bilməyib geri qayıdır. Yəni it maşın sıxlığından yolu keçə bilmir. 


Maşınımı kənarda saxlayıb itin yanına gəldim. Hiss olunurdu ki, it yeni doğub, çünki süd dolu döşləri sallanırdı. Çox güman gedib orda-burda qida tapıb balalarının yanına qayıtmaq istəyir, ya da ümumiyyətlə mütləq yolu əks tərəfə keçmək istəyir. Amma yola çıxan kimi 1 nəfər sürücü ayağını əyləcə atmır ki, keçsin. Hamı basıb sürür. 


Yolun ortasına çıxıb əlimlə maşınlara işarə etdim ki, saxlayın. Qabağımda sıra ilə maşınlar dayandı, bəziləri içəridən mənə qanlı- qanlı dəli kimi baxırdı ki, bu axmaq neynir. İt maşınların dayandığını görüb yolu keçməyə başlayanda arxadan yolun dirəndiyini, dayandığını görən sürücülər siqnallamağa başladı. Pəncərədən əllər, başlar çıxdı, "əə, sür daaa" səsləri eşidildi. 

İt siqnallardan qorxub qayıtdı. 


Yolu boşaldıb kənara çəkildim, düşündüm ki, bu partiya tərbiyəsizlər getsin, 1 dəq sonra yenidən cəhd edim, bəlkə növbəti dəfə saxladığım sürücülər "adam balası" çıxar. 


Yolun kənarında itlə dayandım. İt artıq hiss edirdi ki, mən ona görə dayanmışam, onu bu cəngəllikdən keçirmək üçün burdayam. 

Yenidən yola çıxdım, maşınları saxlatdım. Yenə it yola addımlamağa başlayanda 3 zolaq dayanan maşından biri pəncərədən başını çıxardıb mənə "əə, işin gücün yoxdu, tələsirik" deyib, qazı basıb sürdü. İt yenə qorxub qayıtdı. 

Yenə siqnallar başladı, yenə aləm dəydi bir-birinə. 


Siqnallayan, qaz verən, 1 dəq gözləməyə səbri çatmayan maşınların içərisindən qara-qara boylanan, dişlərini ağardan, məni astaca söyən, meyxanaya qulaq asan sürücülərə baxdım, bir də dönüb itə baxdım...yoldan çıxıb kənara çəkildim. 

İt yazıq-yazıq çarəsiz mənə baxırdı. 


Dedim neyləmək olar? Almaniyadan bura xalq gətirə bilmərik ki? Biz beləyik, axmaq, tərbiyəsiz, yabanı, həşərat kimi...


Mən sənə görə yoldakı bu boyda xəstə, çınayətkar izdiham ilə mübahisə edə bilmərəm.  


Bura Kanada deyil ki, ördək balaları belə yolu keçəndə bütün trafik səssiz dəqiqələrlə gözləsin ki, səs edib heyvanı ürkütməsin. Bura Azərbaycandı, başına çarə qıl, özün bilərsən yolu necə və nə vaxt keçərsən, mən getdim...


Şəhriyar Məhərrəmov

qadinkimi.com