SEVGİ, QADIN / KİŞİ
"Özümə məktub" layihəsində yeni məktub Tarix : 24 İyul 2020, 10:15

Özümə məktub özümə dediklərimdi əslində. Dünənim – keçmişimlə söhbətimdi...

Salam, keçmişim.

Sənə "əzizim" deyə bilməyəcəyəm. Çünki səni xatırladıqca əzab çəkir, məhv olan arzuları, duyğularım üçün göz yaşı tökürəm. Ağladıqca ürəyim boşalar düşünürəm, olmur. Alınmır.

Uşaqlıq illərimi - məktəb illərini xatırlayıram . Xoşbəxt idim. Arzularım var idi , xəyallar qururdum. Hər tərəfi - ətrafı rəngli görürdüm. Bilmirdim ki, həyatın qara çərçivəsi də var.

Məktəb illəri həyatımın ən gözəl anları idi. Yaşamaq eşqi, qarşımda açılacaq yeni yollar, qəlbimdəki təmiz, saf sevgi və tələbə olmaq arzusu. "Kədərim bir damcı, sevincim çox idi”.

Tələbə də oldum, müəllim ixtisasına yiyələndim də, lakin arzuladığım ailə həyatına sahib ola bilmədim. Qəlbimdəki təmiz hisslərim anındaca boğuldu. Susdum... Bu susqunluğum həyatımı cəhənnəmə döndərdi. Zorunda qaldığım bir həyatı yaşamağa məcbur oldum. Yanlış tərəfə getdiyimi çatdığım zaman snladım . Ümidlərlə yaşadım. "Bəlkə bir gün hər şey yoluna düşər” deyə xəyallar qurdum . Nəyisə dəyişmək istədim . Və bu dəyişikliyə gücümün heç vaxt yetməyəcəyini hiss etdim. Daxilən tək bir söz deyə biləcək qədər cəsarət tapa bilmədim. Etiraz etmədim, barışdım, yola verdim. Vicdanın səsini boğdum. Ürəyimin səsini boğdum. Elə bidim ki, mən həyatımı dəyişmək istəsəm, hamı məni qınayacaq. Özümü deyil, toplumları, ətrafımı, onu, bunu fikirləşdim. Mübarizə apara bilmədim. Hər şeyə "yaxşi" deyib razılaşdım, inandığım üçün yox, yorulduğum üçün. Mən xoşbəxtliyi tapa bilmədim . İllərcə dalınca səfil kimi sürünüb illərimi itirdim.

Qədim bir dua var : "Ya Pəbbim, mənə güc ver ki, həyatda dəyişə bilməyənləri dəyişim. Mənə səbr ver ki, həyatda dəyişdirə bilmədiklərimlə barışa bilim. Barışdım olanlarla – hər şeylə barışdım. Buna görə də özüm - özümdən üzr istəyirəm.

Çunki çətin yola bəsit kəslərlə çıxmağım ən böyük bir səhvim idi ...

Səhvinsə cəzası olur...

 
 

Yeganə Sadıxova
 

 
qadinkimi.com