Flora Hüseynova

Ssenarist, aktrisa, aparıcı

25.06.1964 tarixdə Naxçıvan MR-nın Ordubad rayonunda doğulub. Bakıda 29 saylı orta məktəbini, daha sonra Bakı Mədəni Maarif Texnikumunu (1981 -1984) fərqlənmə diplomu ilə bitirib. Necə olub, Ordubadda doğulub, Bakıda məktəbə gedib, bilmirik. 1984-1987-ci illərdə Naxçıvan Teatrında aktrisalıq edib. 1987-ci ildən Xəzər rayonunda mədəniyyət mərkəzində bədii rəhbər, 1993-2015-ci illərədə isə direktor işləyib. “Mən vəzifə də görmüşəm” tipli söhbətlər etmir. 1990-1995 -ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakültəsində təhsil alsa da, kütləvi tamaşaları kənardan izləməyə üstünlük verir. Heç vaxt rejissor işləməyib. 2012-2014-də Xaçmaz Regional Televiziyasında “İncə sənət” adlı verilişin aparıcısı olub. 2012-ci ildən indiyə kimi film və seriallarda ssenarist və aktrisa kimi fəaliyyət göstərir. Şeir və esselər yazır. Əlləşdiyi sual bir deyil, iki deyil. Hər gün bir çətin sual tapıb özünü cəncələ salır. Birinə cavab tapmamış, o birinə keçir. “Dünyanı bu qədər ciddi qəbul etmək lazımdırmı” - əsas sualı budu. Biz də buradan ona deyirik : Lazım deyil. Kumiri olmayıb. Nə tapırsa, özündə tapır. Pis cəhəti çoxdur. Özü belə deyir. Ən yaxşı cəhəti feminist olmasıdır.