Forumun birinci günü işğaldan azad olunduqdan sonra sürətlə inşa edilən və Azərbaycanın növbəti mədəniyyət incisinə çevrilən Zəngilanın məscidini ziyarət etdik. Mavi rəngin fonunda milli memarlıq ornamentləri ilə nəqşlənmiş bu tikilinin gözəlliyinə heyran olmamaq mümkünsüz idi. Bu yerdə də Zəlimxan Yaqubun ikinci bayatısını xatırladım:
Bu torpaq Zəngilandı,
Haqqa səcdə qılandı.
Boynumuza dolanan,
Gör, neçə rəng ilandı.
"Haqqa səcdə qılan” Zəngilanda gerçəkləşən bu Forum Milli Birliyin, birgə əməkdaşlığın rəmzi oldu həm də...
Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdiri, iki gün boyunca bizlərlə birlikdə olan və yüksək mədəniyyəti, Azərbaycançı mövqeyi, uca Türk ruhu, əsilliyi hiss edilən dəyərli Tural Əliyevin, bu möhtəşəm tədbirin təşkilatçılığının öhdəsindən yüksək səviyyədə gələn QHT Agentliyinin icraçı direktoru, hər bir iştirakçıya xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşan, təmkinli, işinin ustası olan Aygun xanım Əliyevanın, Agentliyin işgüzar gənclərinin-gecəli-gündüzlü layihənin-Forumun uğurla keçməsi üçün səy və bacarıqlarını əsirgəməyən QHT əməkdaşlarının titiz fəaliyyəti hər birimizin qəlbində onlara sevgi və minnətdarlıq hissi doğururdu. Hər kəs o qədər səmimi və sevincli idi ki... Peşəkar aparıcı Jalə Həsənli, Forum iştirakçılarını tədbirin sonunda gözəl musiqi proqramı ilə feyziyab edən incəsənət ustaları, fotoqraf və çəkiliş qrupları-hər kəs öz işini sevə-sevə, məmnuniyyətlə yerinə yetirirdi!
Zəngilanda keçirilən QHT Əməkdaşlıq Forumu ilə bağlı təəssüratlarım o qədər zəngin oldu ki, istər-istəməz bu qədim yurdun adının mənası və başına gətirilən faciələr haqqında düşünməyə başladım və birinci məqamla bağlı Hacı Nərimanoğlunun fikirlərində həqiqət gördüm: ""Zəngəzur” və "Zəngilan" toponimləri eyni kökdəndir. Zəngi oğuz türklərinin ən geniş yayılan güclü tayfalarından biridir; Mosul, Kərkük, Suriya, Özbəkistan, Türkmənistandan başlamış, Qərbi Azərbaycan, Arazın o tay-bu tayında zəngi adı ilə bağlı 60-dan çox yer adı var; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan-Zəncan, Zəngilli və b. Mahmud Kaşğarlı, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlərində, habelə bir çox digər yazılı mənbələrdə "zəngi” etnoniminin adı çəkilir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub.1127-1250-ci illərdə Mosul, Dəməşq, Hələbi də əhatə edən Zəngi dövləti mövcud olub...”
Sən demə, uzaqgörən Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıbmış. Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçay dərəsində yerləşən Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilibmiş... Və vaxtilə Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində 100 hektar çinar meşəsi olub. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə bir metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinir. Min təəssüflər ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Mütəxəssislər bildirirlər ki, qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 metr, diametri 4 metrdir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlib. Bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyir, böyüklərinin 100-150 il yaşı və 40 metrə qədər hündürlüyü var. Təəssüf ki, belə bir təbii sərvətimiz 1993-cü ildən başlayan işğal illərində erməni vəhşiləri tərəfindən məhv edilib, qiymətli ağaclar kəsilərək mebel istehsalında istifadə olunub. Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə bərpa edilməyə başlanılıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb... (Salman Alıoğlu)
Əməlin mənfurluğu, barbarlığı tükürpədicidir...
Bütün bu baş verən faciələri, insanlarımıza və ana təbiətə qarşı düşmənlərin törətdikləri ağlasığmaz soyqırğınları və ekoloji təcavüz olaylarını-genosid və ekosid əməlləri düşündükcə, şanlı zəfərimizin, yurd yerlərimizə böyük qayıdış prosesinin və bu Forumun önəmini daha dərindən anlayırıq...
Bir sözlə, bu kimi anlayışları aşılamağa odaklanmış Forumda təşkilatçılıq yüksək səviyyədə idi... Coşan duyğular ruhumuzda fırtınalar qoparmışdı! Axı, biz olmazları olara çevirmiş, 28 ildən sonra ata-baba torpaqlarımıza qovuşmuşuq... Və forumun Şərgi Zəngəzura aparan yolun başlanğıcında, eyni zamanda Araz çayına tökülən və Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın keçdiyi Zəngilanda baş tutması Azərbaycan QHT-lərinin dünyaya bir mesajı idi: Azərbaycan xalqı ərənlərimizin qanı, canı bahasına azad edilmiş dədə-baba torpaqlarına qayıdır! Bu mənada Forumun mövzusu və keçirildiyi məkan da çox dəqiqliklə-yerində seçilmişdi və hədəflərə tuşlanmışdı.Çox mühüm problemlərin müzakirəsinin iştirakçısı olduq, möhtəşəm final yaşadıq, fırtınalı dənizin dalğaları tək coşan duyğularımızı ifadə etməkdə sözlər aciz qaldı... Lirik duyğular, emosional əhvali-ruhiyyə yaradan forumun finalını Zəngəzur yallısı ilə bitirmək ayrıca bir özəllik idi... Çıxışçılar, spikerlər hədəflərə doğru yöndən yanaşaraq taleyüklü məsələlər üzərində köklənmişdilər... Bu yönə və hədəflərimizin-problemlərimizin həllinin gerçəkləşməsinə doğru inamla yürüməliyik.... Əlaqədar qurumları gerçək əməkdaşlığa cəlb etməli, işlərimizi reallaşdırmaq uğruna səyləmizi birləşdirməliyik. Əməli işlər üçün gücümüzü birləşdirib Azərbaycan həqiqətlərini çox təsirli şəkildə dünyaya, beynəlxalq aləmə çatdırmalıyıq... Bu qutsal yolun yolçularının hər birinə uğur diləyirəm... Yolumuz hələ ki, Zəngəzuradır, dostlar! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!!!
Esmira Fuad. Əbədi Turan Kitab Fondunun sədri.
qadinkimi.az