SƏNƏT
Bütün dünya türklərinin görkəmli ziyalısı Tarix : 16 Avqust 2020, 02:11

B.Vahabzadə sözün ən yaxşı mənasında narahat şairdir. Onun qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur.

Mehdi Hüseyn

 

BƏXTİYAR VAHABZADƏ 1925 - ci il avqustun 16-da Şəkidə anadan olub 

Şair, dramaturq və publisist Bəxtiyar Vahabzadənin epik, lirik və dram əsərləri, ictimai-siyasi məzmunlu şeirləri mənəvi sərvətimizdir. Azərbaycan türkü kimi onun xəyalı, sənət və həyat idealı milli varlığın, xüsusilə ana dilinin qorunmasıdır.

Türkcəni qürur yeri, fərəh mənbəyi sanan B.Vahabzadənin fikrincə, dil xalqın ruhu, milli varlığı, mənəvi dünyasıdır. Şairin qənaətinə görə, Azərbaycan dili  ilk nəfəsdən, uca dağların əzəmətindən, ildırımların şaqqıltısından, çayların şırıltısından, torpağın qoxusundan, gül-çiçəyin rəngindən, xalqın bağrından qopan sədalardan yaranıb. Ana dilimiz eşqimiz, canımız, bir-birimizlə əhdi-peymanımızdır. Dünyada var olan və olmayan hər şeyi bizlərə tanıdan bu dildir, ən qiymətli xəzinədir. Bu mirası göz bəbəyimiz tək qoruyub gələcək nəsillərə ötürməksə, bizim vəzifəmiz, vətəndaşlıq borcumuzdur. Şair oxucusuna "dil açarkən ilk dəfə söylədiyimiz söz "Ana”, ilk dərsliyimiz "Ana dili” ikən, dinlədiyimiz ilk laylaları ruhumuz anamızın südü ilə məhz bu dildə içdiyi halda, nə üçün bu dilin qiymətini bilmirik?” – sualını verir:

 

Ana dilim, səndədir xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu

Tarixi vərəqlənir,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan-şöhrətim qorunur.

Mənim adım-sanımsan,

Namusum, vicdanımsan! 

Ana dilinin qara sevdalısı müdrik şairin bu tutkusunu alman əsilli Azərbaycan aşiqi, dünyaca məşhur şərqşünas alim Əhməd Şmide ( əsil adı Hans Peter) belə dəyərləndirir: "Bir insanın öz xalqını və öz dilini dəlicəsinə sevə bilmək bacarığını mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Mürəkkəb və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllamə­lik onun sənətinə yaddır”.


 

Bəxtiyar Vahabzadə milli dil, milli şüur, məfkurə, milli təəssübkeşlik məsələlərinə ömrü boyu sadiq qalıb, onları həyat amalına, qutsal amacına çevirib. Şairin milli dil uğrunda mübarizə­sini akademik Nizami Cəfərov belə dəyərləndirir: "Bəxtiyar Vahabzadəni millətin oğlu kimi hər zaman narahat edən ən vacib mövzulardan biri, bəlkə də birincisi ana dilinə olan sevgisi olmuşdur. Onun çoxyönlü fəaliyyətinin yalnız bu tərəfi, əslində böyük sənət adamının adının Azərbaycan tarixində əbədi olaraq qalması üçün kifayətdir”.

Məlumdur ki, Sovetlər dönəmində rəsmi qadağa olmasa da, türk xalqlarının dillərinin işlənməsi arxa plana keçirilir, rus dilinə rəvac verilirdi, B.Vahabzadənin təbirincə desək, Azərbaycan türkcəsi "qapı dalında” saxlanırdı. Bu haqsızlığa dözə bilməyən və ana dilinin sıxışdırılması haqqında danışdığına, açıq fikirlərinə görə hər zaman nəzarətdə saxlanan Vahabzadə təzyiq rejimindən qorxmadan, vətənində vətənsizləşən insanların gözünü açmağa çalışır, qədim bir xalqın dilini, tarixini və mədəniyyətini yox etmək siyasətinə qarşı çıxır, məhz bu mövzuda "Latın dili” adlı şeirini yazır. Şair bu şeirdə məharətlə oxucularına yönəltdiyi suallarla onları dərindən düşünməyə sövq edirdi. Özünü də ciddi şəkildə narahat edən, yuxularını qaçıran "yaşayan dil” və "ölü dil” məsələsini ədəbi müzakirə meydanına çıxarırdı. Dünyada bir xalq olaraq artıq var olmayan, yəni ölü xalqın diri qalan dili ilə hələ diri olan xalqın ölümə məhkum edilmiş dilini müqayisə edirdi. Şeirdə Bəxtiyar Vahabzadənin vicdanı ağrıyır, ruhu sızlayır və belə düşünür ki, axı, necə olur latın dili hər sözündə dünya qədər yük daşıyır? Halbuki bu dildə nə ana, nə torpaq, nə də Vətən deyən heç kimsə yoxdur. Dünyada "latın” adında bir millət də yoxdur, əsrlərdir tarix səhnəsindən silinmişdir. Amma nə hikmətdirsə, ölü bir millətin dili hələ də yaşayır. Şair döyüşlərdə qələbə qazanaraq şəhid olan igidə bənzətdiyi bu ölü xalqın diri qalmış dilinin sabah milli ləyaqətini itirməkdə olan bizləri üstələyəcəyinə, hətta ulduzlara çatacağına şübhə etmir...

 

Təqvimlərdəki ayların, illərin, çiçəklərin, böcəklərin, küləklərin, səmavi cisimlərin adları alimlərin ölü dedikləri bu dildə yazılırsa, o zaman bu dil ölülərin deyil, dirilərin dilidir... Atlantik okeanın sahilində baş verən bir yığıncaqda kürsüdə ağzı köpüklənə-köpüklənə xarici dildə nitq söyləyən bir natiq "Mən azadam, mən xoşbəxtəm!” deyirsə, biz nəyə inanaq? Qulağamı, ya gözəmi? Əmələmi, ya sözəmi?

 

"Mən azadam, müstəqiləm” sözlərini

Öz dilində deyə bilmək iznin yoxsa,

De kim sənə azad deyər?..

Söylə necə azadsan ki,

Komalarda dustaq olub ana dilin.

Böyük-böyük məclislərdən itirilib ilim-ilim ...

İclaslarda bir kəlməsi, sözü yoxdur.

Bəlkə...

Onun böyük, rəsmi məclislərə

Çıxmaq üçün sözü yoxdur?

Söylə, bəlkə bic doğulub?

Atasından yox xəbəri?

Bəlkə bu dil çox kasıbdır?

Qucağına sığışmayır əsrin böyük fikirləri?

Sən dərdə bax, Vətən də var,

Millət də var, ancaq onun dili yoxdur.

Elə bil ki, ayna kimi, hamar, şəffaf royalın var,

dili yoxdur…

 

Milli duyğuların daşıyıcısı olan şairin haqlı sualları qarşısında türkcəni qapı arxasında saxlayan məmurlar çaşıb qalırlar. Adını açıq-aşkar söyləməsə də, şeirin misralarındakı sətiraltı mənaların fərqinə varan oxucu çox yaxşı anlayır ki:

 

İndi söylə: - Hansı dilə ölü deyək:

-Vətən varkən, millət varkən,

Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?

Yoxsa uzun əsrlərdən keçib gələn

Xalqı ölən, özü qalan bir diləmi? 


Şair Güney Azərbaycan türklərini və onlara qadağan olunmuş dilimizi nəzərdə tutur... O, belə açıq, yaxud eyhamlı bir şəkildə təqdim etdiyi fikirlərində ana dilinə və məmləkətinə olan sonsuz sevgisini və bu qutsal varlıqları göz bəbəyi kimi qorumağın vacibliyini diqqət mərkəzinə çəkirdi. Bəxtiyar Vahabzadə bu sayaq çağırışları ilə Əhməd Bican Ercilasunun təbirincə desək, "bizə hər millətin ana dilinin o millətin namusu və vicdanı olduğunu öyrətdi. O, nəsillərin bir-birlərinə ötürdüyü ən qiymətli mirasdır”.

"Ana dilim-Ana ətrim”, "Tarix, dil, ənənə”, "Ana dili”, "Dil haqqında sorğu”, "Bir daha ana dili haqqında”, "Su başdan bulanır”, "Ana dili-dövlət dili”, "Qatıq qara olmaz”, "Dil və əlifba”, "Dilimizin və millətimizin adı”, "Ana dili, yenə Ana dili”, "Məmurlar yenə də öz övladlarını anadilli məktəb­lərdə oxutmurlar”, "Dildə təbiilik və gözəllik”, "Dilimiz-ədəbiyyatımız” adlı publisistik məqalələrində şairin tənqid hədəfi ana dilində danışmağa utanan, ürəyini və ruhunu qoşmalar, telli sazlar oxşamayan, sözdə müasir olan, övladlarına xarici dillərdə təhsil verdirən "obrazovannılar”dır. Şairin məqsədi bir zərrə də olsa belə, ana dilinin təmizliyini, saflığını qorumaqdır: "Uşaqların öz dilində təhsil almasına və öz köklərini öyrənməsinə vicdanı olan heç bir insan mane ola bilməz”.


Vətənpərvər şair vətənin nemətlərini - havasını, suyunu və çörəyini bu özünü bəyənmişlərə əsla halal etmir, hətta "haram olsun!” deyirdi... O, həm də bir fik­ir adamı olaraq prinsipial idi... Bəzi səbəblərdən bir-birindən uzaq­laş­dırılıb milli birliyi sarsılan, aralarındakı beş min illik bağları qoparılan, yaxud sarsıdılan türk qövmlərinin bir araya gəlməsi, eyni zamanda ortaq türkcənin təsisi onun uğrunda mübarizə apardığı taleyüklü məsələlərdən idi: "Bizlər, yəni Özbək, Qırğız, Qazax, Tatar, Başqırd, Azərbaycan, Türkmən, Kumuk, Altay, Noqay, Saka türkləri... bir-birimizdən o qədər ayrı düşmüşük ki, nəsli eyni olan ata-babalarımızın diliylə danışa bilmir, yalnız rus dilinin vasitəsilə anlaşa bilirik. Mən bunu böyük bir fəlakət sayır və bu fəlakəti aradan qaldırmaq üçün tək bir yol görürəm: Yavaş-yavaş ortaq dilə doğru irəliləmək. Arzu edirəm ki, bizim nəvələrimiz və onların uşaqları bizim kimi bir-birləriylə Rus və ya başqa bir dillə deyil, ortaq türk dili ilə anlaşsınlar”.

Əlbəttə, müdrik şair bütün ədəbi əsərlərində, yazıla­rında bizə "Əsl türk ziyalısı necə olmalıdır?” sualını cavablandıran bir rəsm çəkdi və sözün sehrli qatları ilə onun hansı xüsusiyyətlərə sahib olduğunu göstərdi... Göstərdi ki, gerçək türk ziyalısı mənsub olduğu xalqı qoruyur, onu kənardan və içəridən gələn və gələ biləcək hər cür təhlükələrə qarşı xəbərdar edir...

Tədqiqatçı Nurullah Çətin Bəxtiyar Vahabzadəni "Yalnız Azərbaycan türklərinin deyil, bütün dünya türklərinin də görkəmli ziyalısı, türkün milli vicdanı” kimi təqdim edir və bu azadlıq mücahidinin şeir və yazılarında, çıxışlarında, elmi və siyasi fəaliyyətində türk millətinin maddi və mənəvi dəyərlərini imperialist hücumlardan qorumasını vurğulayır.

 Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anım günüdür

 

 

 Əlbəttə, bütün bu özəlliklərə sahib olduğuna və xalqının qəlbində əbədi taxt qurduğuna görə, Bəxtiyar Vahabzadə bəxtiyar şair ömrü yaşadı, amma xoşbəxt ölkənin mutlu vətəndaşı olmaq sevincini son nəfəsinədək duya bilmədi, çünki 84 yaşlı ixtiyar şair dünyadan köçünü çəkəndə hələ də Qarabağ torpaqları erməni qəsbkarlarının işğalı altında idi!..

 

Bilirəm ki, 95 yaşlı şair ruhu hələ də narahatdı...

 

 

 


Narahat ruhlarımıza, narahat ürəklərə rahatlıq arzusu ilə

Esmira Fuad, Filologiya Elmləri doktoru

 

 


 

qadinkimi.com