HÜQUQLARIMIZ
Cinayət məsuliyyəti daşıyan televiziyalarımız… Tarix : 05 Noyabr 2022, 11:53
Yazar : Aysel Əlizadə

 

 
Qadın 4 uşağını qoyub evdən qaçıb. Rusiyada işləyən əri Xəzər TV-nin " Təsir dairəsi” verilişinə çıxaraq arvadını axtarışa verib. Qadının şəklini "axtarılır” yazıb hər gün yayınlayırlar. 

Şər atırlar, təhqir edirlər, biri deyir Dubaya gedib, biri deyir Türkiyəyə qaçıb. Sonunda qadın məcbur qalıb telefonla efirə qoşulur, "heç yerə getməmişəm, Bakıdayam” deyib studiyaya gəlir. Nə imkan verirlər niyə getdiyini açıqlasın, nə aramla dinləyirlər, nə situasiyanı izah edən peşəkar rəyi səslənir.

Zalda oturanlar, "ekspertlər”, zəng vuranlar bilən-bilməyən hər kəs bütün ölkənin gözü önündə ən təhqiramiz ifadələrlə, ən alçaldıcı şəkildə qadını əzib sındırırlar. Uşaqlarını efirə çıxarırlar, "ananızı bağışlayarsınızmı, onu görsəniz ilk sualınız nə olar” tipli psixoloji basqı yükü olan suallar verirlər. Uşaqlar ağlayır. Onların əzabından reytinq yığırlar. Nə qanunvericilik nəzərə alınır, nə hüquq.

 
Bizim cəmiyyətdə yüzlərlə atasız böyüyən uşaq var. Yüzlərlə uşağından xəbərsiz ata var. Onları heç kim bu şəkildə alçaltmır! Alçaltmalıdı demirəm, onları heç qınayan da olmur. Nə yaxınları üz çevirir, nə ətrafı.

 
Qadını isə efirə çıxarıb mobbinq edirlər. Qanun kiminsə özəl həyatını ictimailəşdirməyi yasaqlayır. Görüşdüyü insanları tapıb göstərirlər. Özəl suallar səsləndirirlər: Sən bu adamla bərabər olmusanmı?

 
Buna onun uşaqları baxır. Başqa uşaqlar baxır. Bütün ölkə baxır...

 
Adamın ayağının altından yer qaçır. Bu nədir belə?! Bir insanın bilgisizliyindən yararlanıb onu əzmək haqqımız varmı?

Bəzən adamlar qarşılarındakının diri insan olduğunu unudurlar. Hissi - qorxusu, üzüntüsü olduğunu başa düşmürlər.  

 


 

Bugün onu aşağılayıcı duruma salıb öz həyatına davam etdin. Onun başına nə gələcəyi də vecinə deyil. Sabah bir başqası, sonra yenə...belə insanlıqmı, belə karyeramı olar? 

Bu, özlüyündə cinayət məsuliyyəti daşıyır. O qadın vəkil tuta bilsə, bir məsul qurum onun və uşaqların haqlarını müdafiəyə qalxsa, həmin adamlar həbs edilə bilər. Özünə ekspert deyən insanlar bu sadə məsələni bilmirlər. Bu cür məsuliyyətsizlik bütün ölkəyə yayılır. Başqaları da belə etməyin icazəli olduğunu görüb internetə cumur. Qarşılarına çıxanı zəhərləyirlər. Beləcə, Conatan Sviftin vəhşi tayfası yexular kimi yaşayırıq.

 
Bu ölkə beynəlxalq konvensiyalara qoşulub. Bu ölkənin konstitusiyası var. Bu ölkənin dövlət qurumları hələ bağlanmayıb. Bir insan uşaqlarını atıbsa, müvafiq icra orqanı araşdırma aparır, layiqdirsə valideynlik hüququ alınır. Tutarlı səbəbləri varsa, ailə üzvləri və ya başqa kimlərsə məcbur və ya təhdid edibsə, bu da hüquqi müstəvidə həllini tapacaq problemdir.

 
Tək bu mövzu da deyil...


Biri kiminsə arvadını qaçırır, birinin başqasının ərindən uşağı olur, biri bibisi qızını zorlayır, o biri qayını ilə eşq yaşayır. Bunlar da çılpaqlığı ilə, detallarınacan efirdə - bütün mənəvi, etik, sivil qaydalar zibilliyə atılaraq yayınlanır.

 
"Azərbaycan TV-lərinə baxmıram” deyərək yaxamızı kənara çəkə bilərik, çəkirik də. Bu isə reallığı dəyişmir. Gündən-günə dibə enən cəmiyyətimizlə birgə özümüz də batırıq. Bu - tum çırtlaya-çırtlaya bir qadının necə aşağılandığını seyr edib cuşa gələn çoxluq bizim yan-yana yaşadığımız, heç nə izah edə bilmədiyimiz insan toplusudur. Ona görə də səsimizi çıxarıb bu "batırma" prosesini dayandırmağımız gərəkdir.

 
Çıxış yolu həmişə var - hüquq! Hüququn icazə vermədiyi heç nəyi etmək olmaz! Bu qədər sadə.

 
Qadinkimi.com

Aysel Aydın Alizada