SƏNƏT
Əlişir Nəvainin əsri və nəsri Tarix : 07 Sentyabr 2020, 09:39

 Ədəbiyyatqəzeti.az xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu” seriyasından 11-ci kitabı işıq üzü görüb. İnstitutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın "Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. "Əlişir Nəvainin əsri və nəsri” adlı kitabda dahi sənətkarın elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin məzmun şərhi, bəzən mətn tərcümələri təqdim edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı qərarı ilə yayımlanıb.

 

 

 


Kitabın elmi redaktorları AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Özbəkistanın nəvaişünas alimi, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Monoqrafiya akademik İsa Həbibbəylinin "Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı əhatəli ön sözü ilə nəşr edilib. Kitabın rəyçiləri filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə doktoru Akif Azalpdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır.

570 səhifədən ibarət kitabın ilk fəsli "Əlişir Nəvai: dövrü, həyatı və yaradıcılığından səhifələr” adlanır. Həmçinin "Əmir Əlişir Nəvainin bu tədqiqatda bəhs edilən elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin xronologiyası” da yer almışdır. Kitabda tədqiqatın qısa mahiyyətini ifadə edən ingilis dilində geniş xülasə, ədəbiyyat siyahısı və müəllifin Əlişir Nəvai, özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı ilə bağlı yazdığı kitabları və məqalələri də təqdim edilib. Kitab "Elm və təhsil” nəşriyyatında çap olunub.

Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

 

qadinkimi.az