Tarix müəllimi dərsdə şagirdə sual verir:
— De görək, Gicduvan döyüşü harada olub?
Şagird gözlərini döyür:
— Müəllim, vallah, görməmişəm. Bilmirəm.
Müəllim əsəbiləşərək sinifdən çıxır. Dəhlizdə riyaziyyat müəllimi ilə rastlaşır. Riyaziyyat müəllimi onu əsəbi görüb soruşur:
— Nə olub, Camal müəllim?
— Əşi, daha nə olacaq?! Şagirddən soruşuram ki, Gicduvan döyüşü harada olub, qayıdasan ki, vallah, mən görməmişəm.
Riyaziyyat müəllimi başını bulayır:
— İndiki uşaqlar çox korlanıblar. Etdikləri şeyi boyunlarına qoymaq olmur.
Bunu eşidən tarix müəlliminin əsəb beyninə vurur, hirsindən ayaqları əsir, müvazinətini saxlaya bilməyib yerə çökür. Bir az keçmiş məktəb direktorunun kabinetində burnuna naşatıra batırılmış pambıq lopası yaxınlaşdırılanda ayılır. Direktor qayğıkeşliklə soruşur:
— Nə olub, ay Camal müəllim? Halınız birdən-birə xarab olub...
Camal müəllim şagirdin dediyini, sonra da dəhlizdə riyaziyyat müəllimi ilə rastlaşanda onun verdiyi cavabı direktora danışır. Direktor gülüb deyir:
— Allah evini tiksin, mən də deyirəm görəsən nə olub. Buna görə də əsəbiləşərlər?! Sən get dərsini keç, mən də Təhsil Nazirliyinə məktub yazaram, komissiya təşkil edərlər, bu Gicduvan məsələsini araşdırıb taparlar.
Nə isə, bu sözdən sonra Camal müəllim xəstəxanaya düşür, bir müddət müalicə aldıqdan sonra evə yazılır, müalicəsini evdə davam etdirir. Bir neçə gün sonra poçtalyon evə bir məktub gətirir. Camal müəllim zərfin üstünə baxıb məktubun Təhsil Nazirliyindən gəldiyini oxuyur. Tez zərfi açır. Orada yazılmışdı: "Müəllimlərin attestasiyadan keçirilməsi məsələlərinə hazırlıq işləri səbəbilə nazirlik bütün işçilərini buna səfərbər etdiyi üçün şagirdlərin Gicduvan döyüşlərində iştirakı üzrə planın işlənilməsi müəyyən müddətə təxirə salınıb".
Xarici mətnə əsasən uyğunlaşdırdı Aygün Əziz.
Qadinkimi.az