YAZI / DÜŞÜNCƏ, KİŞİ KİMİ, QADIN / KİŞİ
“Həyəcanlı bir səs Bakıda qırğın olduğunu dedi” Tarix : 19 Yanvar 2023, 22:00
Yazar : Qadinkimi.com
Bu gün 20 Yanvar faciəsindən düz 30 il keçir. Bu 30 ilin uzaqlığından hadisələr bu gün baş də gözlərimin önündən 30 metrlik bir məsafədə baş verirmiş kimidir . Bu gün də o hadisələrin içində özümü görür, o həyəcanı keçirir, millətimə, dövlətimə olunan xəyanətin acısını yaşayıram.

20 Yanvar faciəsi tariximizin qanlı, lakin şərəfli bir günü olmaqla yanaşı, millətimizin həm şəhid gecəsi, həm də şahid gecəsi idi. Bir dənizçi olaraq həmin gecənin şahidi olmağımla o günlərin ağrısını yenidən yaşasam da, özümü çox rahat hiss edirəm.

20 Yanvar və ondan sonrakı günlər bir dövlət olaraq azadlığımız uğrunda şəhidlik zirvəsinə gedəcəyimiz yolun başlanğıcı idi. Sovet - rus imperiyasının hərbi gəmiləri ilə Bakı buxtasında ölüm-dirim savaşına çıxan, faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə dolğun və obyektiv çatdıran, heç kəsin xəyalına belə gətirmədiyi qəhrəmanlığı göstərən, şəhərdəki qırğınların qarşısını etiraz aksiyaları ilə alan XDND idarəsinin dənizçilərinin şücaətini bir kitaba, bir filmə sığışdırmaq mümkünsüzdür. Bu qəlblərdən qəlbə, nəsillərdən nəsillərə ötürüləcək bir tarixdir. Hər kəs bildiyi, yaddaşının saxladığı, diktə etdiyi, ürəyinin yanğısı və hökmü ilə bu qanlı və şərəfli olayı gələcək nəsillərə ötürməlidir.


Hadisələr gözümün önündən çəkilmir. 1990 - cı ilin qanlı yanvar hadisələri ərəfəsində "Şirvan" kran gəmisi 28 may dəniz yataqlarında işləyirdi. Yanvarın 19-u axşam saat 22:30 olardı. Cilov adasına yaxın bir yerdə lövbərdə dayanmışdıq. Növbəti iş günü başlayacaqdı. "Mayak" radiosunda musiqi səslənirdi. Birdən musiqi kəsildi. Həyəcanlı bir səs Bakıda qırğın olduğunu dedi və səs kəsildi. Kapitan İbad Məmmədova eşitdiyim xəbəri dedim. Və kapitan körpüsünə qalxdım. Hava telefonu vasitəsilə açıq efirə çıxdım. Neft daşlarının ətrafında olan gəmilərə məlumat verdim, dəqiqləşdirmələr aparmaq istədim. İlkin olaraq "Aleksey Kortunov" ("Məhəmməd Əsədov"), "Neftqaz-10" və Xəzər gəmiçiliyinin "Sovet Naxçıvanı" gəmisi verdiyim xəbərə reaksiya verdi. İcazəsiz efirə çıxdığıma görə o zaman gəmidə olan təlimatçı kapitan, rəhmətlik Tofiq Hüseynov və rəhmətlik kapitan İbad Məmmədov mənim cəzalandırılacağımı desələr də, hadisələrin gedişi bunu yaddan çıxardı. Gəminin şəxsi heyəti məni dəstəklədi, həm də artıq ox yaydan çıxmışdı. Bütün gəmilər xəbərin ilk olaraq "Şirvan" gəmisindən yayımlandığını əsas götürərək bizimlə əlaqə saxlayırdı. Beləliklə, Neft Daşlarının ətrafında olan gəmilər və Neft Daşlarındakı dispetçer məntəqəsi ilə hava telefonu vasitəsilə keçirdiyimiz məşvərətin nəticəsində gəmilərin Bakıya qayıtması vacibliyi qərara alındı.

Buxtaya yanvarın 20 - si səhər saat 11:00 – də çatdıq. Buxtanı "Xəzərneftdonanma" idarəsinin gəmiləri mühasirəyə almışdı. Dənizçilər tərəfindən qərargah kimi seçilən "Sabit Orucov" gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən olunan nöqtədə dayandıq. Gəmilərimiz Buxtadan açıq dənizə, yaxud əksinə hərəkət edəcək hərbi gəmilərin yolunu tamamilə bağlamışdı.
 


Bakı şəhərində  fövqəladə vəziyyət elan olunmuşdu. Bakının hərbi komendantı idarə rəhbərliyi ilə əlaqə saxlamış, hədə-qorxu gəlmiş, gəmilərin buxtanı tez bir zamanda boşaltmasını tələb etmişdi. Lakin dənizçilər vəziyyətlə əlaqədar olaraq kapitanlar şurası yaratmışdı və bütün danışıqlara həmin şuranın üzvləri ağsaqqal kapitanlar gedirdi. Bir şeyi xüsusilə qeyd etmək vacibdir ki, qərarlar, irəli sürülən tələblər heç də adı çəkilən şura üzvlərinin gəldiyi qərarlar deyildi. Aktiv dənizçilərin birgə müzakirəyə çıxardıqları, səs çoxluğu ilə və vacibliyi əsaslı olaraq sübutlana biləcək qərarlar idi.

O zaman Bakıda olan Sovet İttifaqının yüksək çinli məmurları dənizçilərlə danışığa girməyə məcbur oldular. Ona görə ki, dənizçilər Moskvanın Bakıdakı qanlı olaya verdikləri yalançı rəyin tamamilə yalan və iftira olduğunu dünyaya "SOS" siqnalları və tələbnamələrlə çatdıra bilmişdilər. Dünyanın aparıcı dövlətinin öz vətəndaşlarına qarşı törətdiyi qanlı olayın həqiqətləri tərəfimizdən dolğunluğu ilə hər yerə çatdırıldı. Bu Azərbaycan və dünya dənizçilərinin həmrəy olduqlarının bariz nümunəsi idi.

Dənizçilərin arasındakı kor-təbiiliyi aradan qaldırmaq üçün Mövlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayevdən ibarət Kapitanlar Şurası yaradıldı.
Xüsusilə qeyd etmək lazımdır ki, kapitanlar K.Məmmədov, M.Əliyev, Rövşən Dəmirov, Murad Əliyev, Ağalar İbrahimov, Anatoli Semidedko, Yulian Radçenko, "Neftqaz -18" gəmisinin kapitanı Gülağa Məcidov və digərləri daha fəal idi.

Rövşən Dəmirovun kapitanı olduğu "Neftqaz-64" gəmisi, eləcə də "Netqaz-10", "Babazadə", "Aktau", "Alatau" və digər sürətli yedək gəmilərimiz gecələr buxtaya girən hərbi gəmilərlə az qala açıq döyüşə çıxır, kəllə-kəlləyə gəlir, bir növ, taran edirdilər. Hər axşam gəmilərimiz gülləbaran olunur, hərbiçilər tərəfindən batırılmaqla hədələnirdi. Onlarla gəmilərimiz yüzlərlə güllə yarası almışdı.

Həmin günlərdə dənizçilərimiz 5 müddəadan ibarət tələbnamə hazırlayıb, SSRİ prezidenti M.S.Qorbaçova, Ali Sovetin sədri Elmira Qafarovaya və AXC-yə müraciət etdi.

Dənizçilərimizin nümayəndələri Hərbi Dəniz Donanmasının rəhbərliyi və SSRİ MN-nin müavini və SSRİ Ali Sovetinin Deputatı admiral Sidorov, general Tiqanov və SSRİ müdafiə naziri Marşal Yazovla görüşdü. Dənizçilərimiz heç bir hədə - qorxudan çəkinmədən tələblər yerinə yetirilməsə, buxtanı boşaltmayacaqlarını dedilər. Bu, bütün dənizçilərin gəldiyi qərar idi və bu qərar nümayəndələrimiz görüşə getməzdən qabaq  müzakirə olunmuşdu.

Elmira Qafarova, dövlət katibi Tofiq İsmayılov da dənizçilərimizlə görüşmüşdü. Elmira xanım, "xalqımın qeyrətli oğulları, sizə qurban olum, bu gün Azərbaycan, Bakı sizinlə fəxr edir", - deyib, göz yaşları axıtmışdı. Bu doğrudan da belə idi. Mən bu hadisələrlə bağlı "Kəsilməyəm həyəcan fiti" kitabını yazarkən onlarla Bakı sakini ilə söhbət etdim. Onlar "dənizdən gəmilərin fit səsini eşidəndə gözlərimiz dolurdu, ürəyimizə fəxarət hissi gəlirdi, Bakı yaşayır, azərbaycanlılar müqavimət göstərir, şəhidlərimizin qanı yerdə qalmadı", - deyirdilər.

Dimitri Yazov kapitanlarımız Mövlud Əliyev, Müzəffər kişi, Kərəm Məmmədovla görüşüb, buxtanı təcili boşaltmaları tələbini irəli sürdükdə də rədd cavabı aldı. O, Müzəffər kişiyə acıqla, "çto, kapitan, vostuem", - dedikdə ağsaqqal dənizçi təmkinlə, "mı ne vostuem, a protestuem", - deyə cavab verdi. Bu kiçik dialoqda dənizçilərimizin haqlı etirazı dolğunluqla əksini tapmışdı. Yazov Mövluda 15 il həbs, Kərəmə isə güllələnmə söz vermişdi. Söhbətdə Azərbaycanın dövlət nümayəndələri və şeyx həzrətləri iştirak etsə də, danışıqlar və razılaşmalar dənizçilərlə aparılmışdı.
Yanvarın 24-də Buxtada fövqəladə vəziyyət elan olundu. Günorta saatlarında sahildən, dənizdən və havadan gəmilərimizə hücumlar oldu. Həbs olunduq, işgəncələrə məruz qaldıq. Gəmilərimizə çoxlu sayda top, tank mərmiləri, pulemyot və avtomat güllələri dəydi. "Vodeley-4" gəmisində yanğın baş verdi. Yanğını "Vixr-12" və "Şirvan" gəmiləri söndürdü, ekipajı bortumuza aldıq.

30 il keçir o gündən. Bu günkü dənizçilərimizin əksəriyyəti dənizə məhz qəhrəman dənizçilərimizin göstərdiyi o qəhrəmanlıq salnaməsindən təsirlənərək gəldiklərini deyir. Necə ki, mən vaxtı ilə dənizçilər haqda oxuduğum kitabların təsiri ilə bu sənəti seçmişdim..

Faiq Balabəyli
Şair, publisist, dənizçi 
 
qadinkimi.com