QADIN / KİŞİ
Bağırovun cavabsız sevgisi Tarix : 06 Mart 2026, 15:16


Azərbaycan tarixinin təzadlı şəxsiyyətlərindən olan Mircəfər Bağırovun Ona sevgisi cavabsız qaldı. Kimi cavabsız sevgidən gizlicə əzab çəkir. Kiminsə qəlbində sevgisinin cavabsızlığı qəzəbə dönür. Sevdiyini yaşatmaq yerinə əzab verir, hətta ölümə məhkum edir. O da bu cavabsız sevginin qurbanı oldu.

Azərbaycanın Ilk profesional qadın pianoçularından biri, həm də muğamlarımızın fortepianoda ilk ifaçısı olan Xədicə Osman qızı Qayıbovadan söhbət açırıq.

Xədicə Qayıbova 24 may 1893-cü ildə Tiflisdə, dövrünün hörmətli ruhanilərindən olan Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. 6 uşaqlı ailənin ilki olub. Anası Züleyxa xanım tatar əsilli Terequlovlar nəslindən idi. Osman bəy və Züleyxa xanım övladlarının təhsilinə önəm veriridi. Qızına mükəmməl təhsil vermək istəyən Osman bəy onun Müqəddəs Nina Qızlar məktəbinə qəbul olunmasına nail olur. Xədicə Qızlar məktəbində orta təhsil almaqla yanaşı, musiqi təhsili də alır. 1911-ci ildə orta təhsilini "Qızıl Xaç” nişanı, eyni zamanda Nikolayevin fortepiano kursunu Qızıl haşiyəli diplomla başa vurur.

Həmin illərdə Tiflisdə yayılan vərəm xəstəliyi onların ailəsində faciəyə səbəb olur. 18 yaşlı Xədicə ata, qardaş və bacı itkisi yaşayır. Bu faciə səbəbindən ali təhsil ala bilmir.

 

Bu faciənin ağrılarına tab gətirməkdə çətinlik çəkən Xədicə xanım Nadir Qayıbovun sevgisinə tutunur, onun evlənmə təklifini qəbul edir. Nadir dövrün ziyalılarından olan Mirzə Hüseyn Əfəndi Qayıbovun oğlu idi. Bu evlilikdən 2 övladları olur: Alanqu və Əbdülkərim. Qeyd edək ki, Mirzə HüseynQori seninariyasının Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından olub.

 


 Azərbaycanın ilk qadın pianoçusu – Xədicə Qayıbova - AZƏRTAC

1919-cu ildə ailə Bakıya köçür. Xədicə xanım ziyalılarla əlaqələr yaradır, xalqın maariflənməsinə çalışır. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulur. Xədicə xanımın Sovet dönəmində də fəaliyyəti səngimir. Azərbaycan SSR-də Xalq Təhsil Komissarlığında yaradılan "Xalq musiqisi” şöbəsinə rəhbərlik edir. Xədicə Qayıbova təkcə musiqiçi kimi fəaliyyət göstərməyib. O, böyük maarifçi idi, qızlarımızın təhsil almasına çalışırdı.Onun təşəbbüsü ilə Azərbaycan qadınları üçün musiqi-dram studiyası açılır. Eyni zamanda Xədicə xanım musiqi kursları və uşaq xoru yaradır. Özü də ali təhsil almağı unutmur. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indi Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində təhsil alır.

1934-cü ildə Azərbaycan Dövlət konservatoriyasında çalışmağa başlayır. Musiqimizi araşdırır, Xalq dastanları, mahnı və muğamlarımızı toplayır.

O, tezliklə yalnız fortepianoçu kimi deyil, Klassik muğamlarımızın, eləcə də şərq və avropa müsiqisinin ifaçısı və bilicisi kimi şöhrət qazanır. Xədicə xanım tez-tez evində yığıncaqlar təşkil edir, onun mənzili musiqi, düşüncə ocağına çevrilir. Təşkil etdiyi məclislərdə Üzeyir Hacıbəyov, Qliyer, H. Sarabski, Bülbül, Pressman, Qurban Primov kimi musiqiçilər, eləcə də dövrün aydınları iştirak edirdi. Ömrünü xalqının işıqlanmasına sərf edən bir çox təfəkkür sahiblərimiz kimi Xədicə xanım da o illərin qaranlığından xilas ola bilmir. Cumhuriyyət dövründə aydınlarla dostluğuna görə Xədicə xanım da təzyiqlərə məruz qalır və 1933-cü ildə əks-inqilabçı kimi həbs edilir. 3 ay davam edən araşdırmalarda heç bir dəlil tapılmadığından azad olunur.

 

Azərbaycanın ilk pianoçu qadını Xədicə Qayıbova | Məşhur qadınlar | Kayzen

 


1938-ci ildə yenidən həbs olunur. 5 həftədə 9 dəfə dindirilən Xədicə xanımın məhkəməsi cəmi 15 dəqiqə çəkir. Oktyabrın 19-da Dövlət Təhlükəsizlik idarəsində 1-ci bölmənin 3-cü şöbəsində rəis müavini olan leytenant Tevosyanın yazdığı arayış əsasında Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə-əks-inqilabi fəaliyyətdə, türkçülük ideyasının yayılmasında müqəssir elan edilir. Ona güllələnmə hökmü verilir. Bir həftədən sonra qərar icra olunur.
Akademik Rafael Hüseynovun araşdırmalarından, qızı Alanqunun xatirələrindən belə məlum olur ki, Xədicə xanımın təqib edilməsinin səbəbi MirCəfər Bağırovun cavabsız sevgisi olub.Bu sevgi tutquya çevrilib. Bağırov daim Xədicə xanımı təqiblərə məruz qoyub. Sonda ölümə məhkum edib.1954-cü ildə istedadlı musiqiçinin qızı Alanqu Sultanova Azərbaycan DİN-nə anasının işinin yenidən araşdırılması ilə bağlı müraciət edir. İşə yenidən baxılır. 1956-cı ildə Azərbaycan SSR Məhkəmə kollegiyasının 14 fevral qərarı ilə Xədicə Qayıbova bəraət alır. Alanqu Sultanova ömrünün sonuna qədər Bakıda yaşayıb. Xədicə xanımın oğlu Əbdülkərim hələ yeniyetməykən Rusiyanın Voronej şəhərinə getmiş və orda yaşamışdır.


Xədicə xanımın sağlığında ifa etdiyi Muğam rəngi və Rast rəngi Bülbül tərəfindən fonovala yazılıb. Hələki bizim ölkəmizdə bunu diskə köçürmək mümkün deyil. Bizə gəlib çatan bu qiymətli fonoval hazırda Bülbülün ev muzeyində saxlanılır.

 

Həyatın zərbələrinə baxmayaraq Xədicə xanım öz xalqına xidmətdən usanmır, yorulmur. Ona görə də bir pianoçu, müsiqimizin tədqiqatçısı, təbliğatçısı, maarifçi kimi unudulmur.

 

 

 


Kamalə Abiyeva
 
Qadinkimi.com