BURA / ORA
Novruz adətləri Tarix : 20 Mart 2023, 01:57
Yazar : Qadinkimi.com

Qədim dövrlərdən Odlar yurdunun sakinləri baharın gəlişini, yeni gün - Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer alıb. Xalqımız bu bayramı həmişə digər bayramlardan üstün tutub. Bu bayramda varlı-kasıb, eyni şəkildə, eyni hüquqla iştirak etmiş, umu-küsünü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışmışdır. İstər qədim, istər orta əsrlər, istərsə də sonrakı dövrlərdə xalqımız Novruzu ən əziz gün kimi gözləmişdir. Novruz ənənəsi xalqımızın ruhuna o qədər hopub ki, hətta 70 illik imperiya dəhşəti də onu sarsıda bilmədi. Şükürlər olsun ki, xalqımız bu gün də Novruz sevinclərini yaşamaqdadır.

Folklorşünas alim, professor Azad Nəbiyev Novruz adətlərinin azərbaycançılıq hissinin aşılanmasında oynadığı roldan bəhs edərək yazır: "Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlinə təzə çəkmə, qırmızı don geydirərdilər.

Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur."


Novruz adətləri aşağıdakılardır:


Novruza öncədən hazırlıq görərlər. 

Novruza qədər ağacların dibini bellərlər. 

Novruza qədər bağların xəzəlini yığıb yandırarlar. 

Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar. 

Novruzda ev-eşiyi, həyət-bacanı təmizləyərlər. 

Novruzda evin divarlarını şirələyər, paltar-palazı təmiz suya çəkərlər. 

Novruzda üzərlik yandırıb tüstüsünü ev-eşiyə, uşaqlara, mal-qaraya verərlər. 

Novruzda təzə paltar alarlar.

Novruzda qıza mətləb açarlar.

Novruzda nişanlı qıza novruz payı apararlar.
Novruzda küsülü qalmazlar. 

Novruzda qəmgin oturmazlar.

Novruzda söyüş söyməzlər.

Novruz axşamı pis sözlər söylənməz, qarğış edilməz. 

Novruzda dost-tanışa, çevrədəki insanlara qayğı-diqqət,  mehribanlıq edərlər. 

Novruz günü sağmal mal-qaranı, ev heyvanlarını oxşayıb, əzizləyərlər. 

Novruzda qeybət qırmazlar.

Novruz günü başqası barədə pis danışmazlar.

Novruz günü işləməzlər. 

Novruzda atı, iti vurmazlar. 

Novruz günü dalaşmazlar.

Novruzda qız-gəlini təzə donla sevindirərlər.

Novruz günü alver eləməzlər.

Novruzda novruz süfrəsi açılar.

Novruzda novruz xonçası bəzəyərlər. Novruz xonçası bayram axşamı hazırlanır. (Xonçada "s” hərfi ilə başlayan 7 nemət düzülər).

Novruzda yumurta boyayarlar. (Yumurta başlanğıcın, yenidən həyata gəlişin, yaradılışın simvoludur və bayram süfrəsində vacib sayılan nemətlərdəndir). 

Novruzda novruz yemək və şirniyyatları bişirilər.

Novruzda səməni göyərdərlər. (Bu yazın gəlməsinin, təbiətin yenidən canlanmasının, əkinçiliyin rəmzidir. Bayram bitdikdən sonra 13-cü gündə səməni axar suya buraxılar). 

Novruzda səməni halvası bişirərlər. (Səməni həyatın dirçəlməsi anlamına gəldiyi üçün də səmənidən hazırlanan halva 7 evə paylanar). 

Novruzda səməni göyərtmək düşməyən evə səməni apararlar. 

Novruzqabağı qovurğa bişirilər. Süfrəyə qovurğa, qoz-fındıq qoyular. (Qovurğa bərəkət, qoz-fındıqsa güc-qüvvət anlamına gələr).

Novruzda niyyət edərlər.

Novruz günü ev sahibi evdə olar.

Novruzqabağı yumurta bəzəyərlər.

Novruzda tonqal yandırarlar. 

Novruzda şənliklərə gedərlər. 

Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar. 

Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar. (Şam günəşin yerdəki rəmzi sayılır. Ailə üzvlərinin sayı qədər xonçaya düzülmüş şamları ailə başçısı il təhvil olan anda yandırar və ailəsinə xeyir-bərəkət arzulayar).

Novruzda böyükləri ziyarət edib onlara Novruz şirniyyatı apararlar. 

Novruzda novruz şirniyyatı (şəkərbura, paxlava, qoğal və s.) bişirilər. (Şəkərbura - ayın, Paxlava - ulduzun, Qoğal isə günəşin simvoludur. Paxlavanın qatındakı xəmirin sayı isə ilin 12 ayını bildirir). 

Novruz günü xəstə yatanlara pay göndərilər. 

Novruzda təzə paltar geyinərlər.

Novruz günü ata-ananın qəbrini ziyarət edərlər. 

Novruzda qohum-əqrəbaya, dost-tanışa qonaq gedər, bayramlaşarlar. 

Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona novruz xonçasından pay qoyarlar. 

Novruz günü evə nərgiz gətirməzlər. 

Novruz günü qızlar qırmızı geyinərlər.

Novruz günü novruzgülü dərərlər.

Novruzda novruz şənlikləri düzənlənər.

Novruzda şirni paylanar.

Novruzda noğul-nabat düzəldər süfrəyə qoyarlar. 




 


Mənbə: Novruz toplusu

Sayt üçün hazırladı: Günel Dəniz

qadinkimi.com