Paylaşmaqdan qorxmayın
Tarix : 22 Dekabr 2025, 17:08 YAZMAQ - VAR OLMAQDIR, PAYLAŞMAQ - İZ QOYMAQDIR.
Bəzən insanlar soruşur: "Bu qədər illik peşəkar fəaliyyətin içində bu qədər ruhani sözlər, aforizmlər hardan gəlir?” Cavab sadədir: insan yalnız gördüyü işlə deyil, içində daşıdığı dünyayla var olur. Mənim üçün söz - sadəcə ifadə deyil, bir ruh halıdır. Hər kəlam bir yol işarəsi, hər aforizm bir daxili səyahətin xəritəsidir.
Əlbəttə, uzun illər Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış bir insanın bu cür yazıları bəzilərinə qəribə görünə bilərdi. Amma bu maraq, bu yanaşma mənim içimdə çox əvvəldən vardı. Hələ komsomol və partiya işində çalışdığım illərdə belə fikirlərlə maraqlanır, dahilərin sözlərini toplayır, onların hikmətini öz yoluma işıq sayırdım. Mənim yazdıqlarım heç vaxt kimisə tərbiyələndirmək və ya ağıl vermək məqsədi daşımayıb. Sadəcə o gözəl, unudulmuş fikirləri oxuculara çatdırmaq, ruhlara toxunmaq istəyi ilə yazılır.
Bu səhif-sosial şəbəkədə profilim mənim üçün bir pəncərədir - düşüncəmin, duyğumun, həyat təcrübəmin pəncərəsi. Burada paylaşdığım hər söz bir nəfəsdir, bir izdir, bir çağırışdır. Bəzən bir cümlə bir insanın ruhuna toxunur, bəzən bir fikir bir günün yükünü yüngülləşdirir. Əgər bu yazılar bir nəfərin belə düşüncəsinə işıq salırsa, deməli, bu yolun mənası var.
Son illər cəmiyyətin zövqü təəssüf ki, bayağılaşıb. Müdrik kəlamlara, aforizmlərə, illərin sınağından çıxmış dahilərin fikirlərinə maraq azalıb. Bunun səbəbi - informasiyanın sürətlə istehlak edildiyi, səthi və vizual təəssüratların önə çıxdığı dövrdə insanların dərin düşüncəyə vaxt ayırmamasıdır. Sosial platformalar tez və asan həzm olunan məzmunu önə çıxarır, nəticədə zövqsüzlük normaya çevrilir.
Buna baxmayaraq, mən yazıram. Düşünən, hiss edən, dəyər verən insanlar üçün yazıram. Çünki yazmaq - var olmaqdır, paylaşmaq - bu varlığın başqalarının qəlbində iz buraxmasıdır. Mən yazıram, çünki yazı diqqət görməyəndə yox, yazılmayanda itib gedir. Mən paylaşdıqca özümü daha yaxşı tanıyıram, oxucularla bir ruh yoldaşlığı qururam. Hər rəy, hər fikir - bir ruh toxunuşudur.
Bunu da qeyd etməliyəm ki, paylaşdığım fikirlərin arasında imzasız görünən, lakin tamamilə mənə məxsus olan şəxsi düşüncələrim və ifadələrim də yer alır. Onlar mənim daxilimdən süzülüb gələn, illərin təcrübəsi ilə yoğrulmuş sözlərdir. Bəzən bu fikirlər tanınmış aforizmlərlə iç-içə keçir, amma onların kökü mənim ruhumda, mənim yolumda gizlidir. Çünki "Söz - ruhun aynasıdır; kim nə yazırsa, içində də onu daşıyır.”
Yazmaqdan çəkinməyin. Paylaşmaqdan qorxmayın. Çünki bəzən bir cümlə bir insanın həyatını dəyişə bilər. Və unutmayın: söz - zamanın içində itib gedən səs deyil, ruhun yaddaşında qalan izdir.
Allahverdi İsrafilov, polis polkovniki
Qadinkimi. com