Ürəyinizin istisi gözlərinizdə işığa dönsün - Od çərşənbəsi günü Tarix : 03 Mart 2026, 14:16
Uşaq hüquqları dünyada o qədər gec yerini tapıb ki, insan heyrətə gəlir. Bizim Novruzda isə uşaqlara xüsusi yer ayıran gözəl bir adət var — xurcuna (papağa) pay qoymaq.
Bu adəti yaşadaq, uşaqları sevindirək. Çünki o "payqoyma" oyunu onları həqiqətən xoşbəxt edir. Öz uşaqlığımdan bilirəm. Qızımdan bilirəm — papaq atmaq onu inanılmaz əyləndirib sevindirirdi.

Birdən kimsə deyir ki, "papaq kişilərin qeyrət simvoludur, onu qapıya atmaq olmaz”... Məəttəl qalırsan: uşaq əyləncəsini "qeyrət məsələsi"nə necə bağladı? Məgər papağı kişilər atır? Lap atsalar belə, qeyrət-namus söhbətinə nə ehtiyac var? Bu, sadəcə bir adətdir — paylaşmaq, sevindirmək, bayramı birlikdə yaşamaq üçün bir oyundur.

Novruzun bütün adətləri fəlsəfidir, gözəldir. 

Qapı pusmaq belə... Evində gözəl söz danış, bir-birinlə mehriban davran. Eşidən də onu uğura yozsun. Dünya hələ indi-indi sözün enerjisi haqqında danışır. Novruz isə bunu çoxdan deyir. 

Novruzun mesajı kimi mehriban bir dünya arzu edirəm hamımıza. 

Tonqal çatmaq, insanları bir ocaq başına toplamaq da əvəzsiz ayindi. 

Ocağınız yansın, ürəyinizin istisi gözlərinizdə işığa dönsün. 

Od çərşənbəmiz qutlu olsun.
Aysel Əlizadə - qadinkimi.com