UŞAQ / BÖYÜK
Səbinə Namazova - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 09 Aprel 2023, 22:30
Yazar : Qadinkimi.com
Qızım! Balacam, koməksizim, təmizim…. 

Artıq anlamışam ki, sən mənim bu dünyadakı ən güclü, həm də ən zəif yerimsən. Uğruna hər şeydən, hər kəsdən, hətta özümdən belə vazkeçə biləcəyim yeganə varlığım. Ən zəif nöqtəm... Bu, bir növ nağıllardakı cinin ürəyinin şüşədə, təpəgözün canının gözündə olmağına bənzəyir. Məndə olduğu kimi. Mənim də canım səndədir. Nəfəsim də sənsən, nəfəssizliyim də...

Sənə bir gün məktub yazmağı həmişə istəmişəm. Məktubumu oxumaq yaşın gələndə necə biri olacaqsan, dünya necə bir yer olacaq, insanlar necə olacaqlar və mən olacağammı, -  deyə çox düşünmüşəm. Bəlkə də buna görə cəsarət etməmişəm. Ancaq hər ad günündə sənə, qısa arzularımı yazıb, heç xoşlamasam da şəxsi sosial şəbəkəmdə paylaşıram. Əgər yaşasam, hamısını yığıb sənə albom düzəltmək istəyirəm - əgər yaşamasam, əksikliyimi hiss etmə, görmək istədiyim, böyütmək istədiyim Aytacı gör deyə, bil deyə. Gör! Xəyallarımdakı Aytacı gör, amma özün olmaqdan vaz keçmə. Bil! Bəlkə xəyallarımdakından daha yaxşı Aytac olacaqsan, kim bilir?!...                                                                                

Qızım ...                                                                             

Bilirəm ki, dəyişməzdir analıq. Hər ana çox sevən, hər övlad çox seviləndir. Hər övlad gözünün nurudur, yaşamağa həvəsdir ana üçün. Arzum odur ki, sən hər kəsə nəfəs ol, həvəs ol. Həmişə işıq ol bütün qaranlıqlarda, nur ol aydınlansın ətrafın, rəngarəng ol göyqurşağı  kimi, sevgi ol  nifrətdən uzaq, su ol quraqlıqda, dərman ol dərdə... Bilirəm, bu dünya dəyişməz, amma sənin dünyan dəyişdirsin hər kəsi. Mükəmməl ola bilməz heç kim, ancaq elə bir Aytac ol ki, anan harda olursa olsun, fərəhdən gözləri dolsun. Unutma! Səninlə fəxr etməm üçün gülüşün yetər….   
                   
İndi sənin 4 yaşın var. Daha əlimə, ovcuma sığmırsan, amma qəlbimə bir ömür, sonsuz axirət sığacaqsan, qızım.                                                                         

Səni sevən Səbiş...




Səbinə Namazova
qadinkimi.com