UŞAQ / BÖYÜK
Uşaqları qorunmaq ehtiyacından xilas edək Tarix : 31 May 2022, 22:27


Qoruyaq körpələri!

Körpələrin gözləri heç vaxt yaşla dolmasın.

Dünya körpə gözündə göz yaşına dönməsin.

Qoruyaq körpələrin məhəbbət baxışını,

Müqəddəs gülüşünü,

Ürəklərində heç vaxt sevinc odu sönməsin.

Bu şeri çoxdan yazmışam. Gənc idim. Ziyalı, aylıq maaşa baxan ailədə böyüyürdüm. Elə ciddi problem görmürdüm həyatımda. İndi də o illərimi həsrətlə xatırlayıram. Müharibə yaşammışdım, amma müharibə mövzusunda olan filmlərdə gördüyüm, kitablarda oxuduğum uşaq ölümləri, onların ac - yalavac, səfil həyatları ağlıma, ürəyimə təsir edib həmişə.

Sovet dövründə müharibə mövzusunda çox güclü filmlər çəkilirdi. Müharibənin dəhşətləri adamın iliyinə işləyirdi. Böyüdükcə "Dövlətlər niyə müharibə edir?” sualı beynimə yapışıb qalıb. Sonralar bildim ki, hər vətəndaş dövlətini qorumalıdır. Vətən o qədər müqəddəsdir ki, onun üçün canından keçməyə hazır olmalısan. Torpaqlarımıza qəsd ediləndə bu duyğu ali olduğunu bir daha anladım.

Əslində insan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik biz. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə günü kimi.

Bu günü qadınlarımız tarixiləşdirib. Qadınların – anaların dünyaya "müharibələrə yox” mesajıdır. Hələ Birinci Dünya savaşından dəhşətə gələn ingilis sosial reformçusu Eglantye Jebb (1876 – 1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və alman uşaqlarına yardım etmək üçün 1919 – cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959 – cu ildə BMT tərəfindən müəyyən redəktə, dəyişikliklərlə qəbul olunan, 1989 – cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da hələ 1925 – ci ildə E. Jebb hazırlayıb. 1 iyun 1950 – ci ildə "Qadınların Beynəlxalq Konfransı”nda isə təkliflər səslənib və BMT-nin Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması qərara alınıb. Beynəlxalq gündür, bütün dövlətlər qeyd edir. Biz də qeyd edirik. Hətta cənab İlham Əliyevin 22 dekabr 2008 – ci il tarixli sərəncamı ilə 2009 – cu il Uşaq ili elan edilmişdi. Hər il müxtəlif maraqlı tədbirlər hazırlanır, uşaqlara "sənin bayramındır” deyirik - nə gözəl. Simvolik olaraq - bayram kimi qeyd etsəydik sevinərdim. Sevinclidir, amma bu sevinc ağrılı, ağlayan sevincdi. Çünki uşaqları - dünyamızı müdafiə etməyə - qorumağa məcburuq, ehtiyacdı artıq. Yada salmalıyıq uşaqları - yadımıza salmalıyıq. "NİYƏ”si narahat edir. Yəqin ki, bu "niyə” savaşlara qarşı "Durun! Dayanın!” harayıdı.

İnsanlar bir-birindən qorunmaq üçün evlər, məhlələr, kəndlər, şəhərlər, dövlətlər - sərhədlər yaratdılar. İnsanların ağlı, savadı, dünyagörüşü artdıqca sərhədlər də artıb, möhkəmlənib, daha güclü qorunub. Atom fizikası, radioaktivlik, nüvə reaksiyaları - filan keçirəm uşaqlara. Hələ 2500 il əvvəl Demokrit cisimlərin kiçik zərrəciklərdən - atomlardan təşkil olunduğunu deyib. Atomun quruluşu 25 əsrə yaxın öyrənilib, hələ də öyrənilir. Bapbalaca atom bəşəriyyətihəmişə təəccübləndirir. Bəlkə Bekkerel təsadüfən radioaktivliyi - nüvələrin özbaşına şüalanmasını müşahidə etməsəydi, Pyer və Mariya Kurilər, ya başqa alimlər bu hadisəni tədqiq etməsəydi, Pezorford da atomun quruluşunu verə bilməzdi. Nüvə reaksiyaları da öyrənilməzdi, nüvə silahları da yaranmazdı…Nə bilim o qədər fikir yürüdürəm ki. Yəqin Demokrit, Bekkerel, Rezorford kimi nəhənglərin ağlına gəlməyib ki, insanlar atomu öyrənə - öyrənə bir gün kütləvi qırğın silahları düzəldəcək bir-birlərini məhv etməkçün. Təbiiki atomu əvvəl-axır kimsə kəşf edəcəkdi. Əvvəl - axır insanlar şeytanla işbirliyi yapacaqdı. Və bir gün sevginin yavaş-yavaş öləcəyi gümanlıqdan çıxacaqdı.

Uşaqları qorumaq kimi ehtiyacımız varsa – insanlığı qorumağa ehtiyacımız var, deməli sevgi ölür. Yəni tarix boyu çəkişmələrin, müharibələrin baş verməsini heç cür ağlım almır. Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir. Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mənəmlik iddiası”nı başa düşmürəm. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər?

Vətəni sevməli, qorumalısan. Amma başqalarının torpaqlarını işğal etmək, Vətənini parçalamaq uğruna savaşmaq, müharibələrə sürükləmək sevgisizlikdən doğur. Bu insanlıq üçün təhlükədir.

Sevgini yaşatmaq lazımdır.

Özünü demokratik dövlət kimi tanıdan, çoxumuzun da belə hesab etdiyi ABŞ niyə silahlanmaya sərf olunan pullara görə birincilərdəndi? Dünyada səfil, ac-yalavac, evsiz-eşiksiz bu qədər insan varsa, nəhəng, demokratik dövlətlər niyə silaha bu qədər pul xərcləyir? Öz nəhəngliyini qorumaq üçünmü? Əgər insanlar silah düzəldirsə, deməli sevgi ölür. Sevgini ölməyə qoymayaq. Sevgini yaşadaq ki, uşaqların kimsədən qorunmaq ehtiyacı olmasın.

Övladlarımızı sevirik. Övlad acısından acı heç nə yoxdu. Bu acını yaşatmaqdan dəhşətli də heç nə yoxdu. Daha böyük günah yoxdu. Bu dəhşətlə necə yaşamaq olar? Uşaqları necə süngüyə taxmaq, güllələmək, kəsib-doğramaq olar? Məncə bunu heç Şeytan da eləməz. Bunu elə insan edər. İnsan nə desən edər. Yaşadığı ortamı cənnət də edər, cəhənnəmə də döndərər.

 

 

 Uşaq psixologiyası > Sağlam və xoşbəxt uşaqlar! - Cazibə Qüvvəsi

 

 

Bunun üçün sevgiyə sadiq olmalıyıq. Uşaqların Beynəlxalq Müdafiə Gününə əsil sevinc - sevgi arzulayıram. Özümüzü özümüzə xəyanətdən xilas edək. Adi rəngli şarlara yer kürəsi boyda sevinən uşaqlarımızı – həyatımızı bizdən asılı olmayan səbəblərdən qoruyaq. Uşaqlar üçün YER kürəsi elə sevindikləri, sevdikləri rəngli şardı. Onlar bu şarlar partlayanda qorxurlar, niyə partladığının elmi izahını bilməsələr də , çox dolanda partladığının şahidi olurlar. Yer kürəmizi - həyatımızı şərdən, şeytandan, haqsızlıqdan, nifrətdən – şeytanlardan qoruyaq. Qoruyaq ki, partlamasın, parçalanmasın. Bütövlüyü qoruyaq. Sevgini ölməyə qoymayaq. SEVGİYLƏ böyüyək, yaşayaq. Sevgi həmişə QALİB olsun.

 

 


Kamalə Abiyeva

 

qadinkimi.com