Xuraman Hacıyeva
Tarix : 23 Mart 2026, 17:34
İlk sevgisi olan sənət dostu onunla evlənməyə cəsarət etmir. Sevgiyə möhtac qəlbini başqa biri ilə təsəlli etmək cəhdi də uğursuz olur. Xoşbəxt qadın ola bilməyən Xuraman Abdulla qızı Hacıyevanı yada salırıq. 7 mart 1945-ci ildə Ucarın Müsüslü kəndində anadan olub. Kənd məktəbində təhsil alıb. Uşaqlıqdan aktrisa olmağı arzulayıb. Məktəbliykən dram dərnəklərinin üzvü olub, müxtəlif tədbirlədə, tamaşalarda çıxışlar edib.
Atası hüquqşünas, anası evdar qadın idi. Ailə aktrisa olmasına qarşı olsa da Xuraman fikrindən dönməyib.
Orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə Mirzə Fətəli Axundov adına Teatr məktəbinin bazasında yaradılan Teatr institunun aktyorluq fakültəsinə daxil olur(indi ADMİU). Tələbə ikən Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettasında Asya roluna çəkilir. Bu ona böyük uğur gətirir. Filmə çəkilərkən dərslərdən yayındığı üçün institutdan xaric olunur. Təhsili yarım qalan Xuraman Gəncəyə gedir. Bir müddət Gəncə Dövlət Dram teatrında işləyir, bir-birindən maraqlı rollar yaradır. Teatrda işləməklə bərabər Gəncə Dölət Pedaqoji institunun tarix-filalogiya fakültəsinə qəbul olunur, ali təhsilini də uğurla başa vurur.
Gəncədə sevgisini tapdığını düşünən gözəl Xuraman sevdiyi şəxslə vətəndaş nigahında yaşayır. Yeganə qız övladı da bu birgəlikdən dünyaya gəlir. Lakin bu birgəliyin sonu ayrılıqla bitir. Xuraman xanım qızını təkbaşına böyüdür. Bundan sonra 1972-ci ildə Bakıya qayıdaraq GTT-da işləyir. Həyatında və sənətində həmişə axtarışda olan, yeniliklər etmək istəyən aktrisa həmişə teatrda birincilərdən olub. Yaraşığı və istedadına görə baş rollar alıb. Bu digər aktrisalarda qısqanclıq, ona qarşı bir aqressiya yaradıb. Bu münasibətdən inciyən aktrisa bir müddət də Naxçıvan DDT-da işləmək qərarına gəlir.1998-2001-ci illərdə Naxçıvan teatrının səhnəsində maraqlı rollar yaradır. Teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Azərbaycanın Əməkdar artisti adını alan aktrisa Naxçıvanda işləyərkən, yəni 1999-cu ildə Xalq artisti adına layiq görülür.

2001-ci ildə yenidən Bakıya GTT-na dəvət alır.
Xuraman Hacıyeva teatr səhnələrində Ceyran(Hüseyn Arif "Yolda”), Rəna (Qılman İlkin”Təzə şagird”),Eyzəngül (Salam Qədirzadə "Şirinbala bal yığır”), Gülzar(Süleyman Sani Axundov "Tamahkar”) Cemma(Etel Lilian Voyniç "Ovod”),Humay(Səməd Vurğun "komsomol” poeması), Pəri(Nəbi Xəzri "kiçik təpə”), Firəngiz (Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər(Nəcəf bəy Vəzirov "Hacı Qənbər”) və s. kimi obrazlar yaratmışdır.
Ancaq Xuraman xanımın yaradıcılıq fəaliyyəti təkcə teatrla bağlı deyildi. İlk dəfə Asya roluna çəkilən istedadlı aktrisa "O geri çəkilməlidir”, "Gilas ağacı”, "Bakıda küləklər əsir”, "Ömrün səhifələri”, "İşgüzar adamlar”, "Birisi gün gecəyarısı”, "Hansı peşə yaxşıdır”, "Sən belə cımbılısan”, "”Hədiyyə”, "Lətifə”, "”Hökm”, "”Əlvida” kimi filmlərə də çəkilib.

İstedadlı, yaraşıqlı, şirinsəsli aktrisanın şəxsi həyatı kədərli olub. İlk dəfə aktyor yoldaşı Tariyel Qasımova vurulub. Bu münasibəti Tariel Qasımov belə xatırlayır:O çox yaraşıqlı, məlahətli idi. Onu çox istəyirdim. Ancaq ailə qura bilmədim. Şəxsi münasibətlərin yaradıcılığımıza təsir etməsini istəmədim. Amma biz həmişə dost olduq. Evlənəcəyim xanımı da Xuraman seçdi”.
Səhnə həyatında sənət yoldaşları ilə ara-sıra problemləri olsa da, o, aktisa kimi həmişə maraqlı rollar alıb, sevilib. Amma şəxsi həyatında sevgisizlikdən əziyyət çəkib. Sevdiyi adamdan ayrılıb. Yeganə övladı ilə münasibətləri gərgin olub. Qızı anasının istəmədiyini bilsə də, türklə ailə qurub. Onun təkidi ilə Bakıdakı mənzilini satıb onlarla birgə Türkiyədə yaşayıb. Ancaq Hacıyeva vətəndən, sənətindən uzaqda çox yaşaya bilməyərək Bakıya qayıdıb. Evi olmadığından bir müddət sənət dostu Məsumə Babayevanın yanında qalsa da, sonralar kirayə yaşamalı olub. O həmişə kədərli olub. Məşhur aktrisa olsa da, xoşbəxt qadın ola bilməyib. Yalnız səhnədə gülüb Xuraman. Yaxın dostları ona "bir üzü gülən, bir üzü ağlayan qadın” deyirdilər. Amma bu göz yaşı onun rollarına, tamaşaçıya yansımayıb. Xuraman Hacıyeva öz tamaşaçılarının yaddaşında gözəl aktrisa kimi qalıb.
15 fevral 2005-ci ildə işdən evə gedərkən yolda qəflətən halı pisləşən aktrisanı xəstəxanaya aparsalar da onu xilas etmək mümkün olmayıb.
59 yaşında dünyasını dəyişən Xuraman xanım öz doğma elində-Ucar rayonunda dəfn olunub.
Kamalə Abiyeva şair, publisist, pedaqoq
Qadinkimi.com