BURA / ORA
Dörd min yaşlı şokolad Tarix : 07 İyul 2022, 15:39

Bilirsinizmi ki, bu dadlı təamın şəninə Barselonada muzey yaradılıb?

 

 

 


 

İnsanların əksəriyyəti şokoladı çox sevir. Şokoladın insan orqanizminə təsiri haqqında ziddiyyətli fikirlərin olmasına baxmayaraq o, sevilən şirniyyatların önündə gedir. Belə ki, şokolad haqqında bildiklərimiz yalnız rəngi, dadı və insan sağlamlığına müsbət və ya mənfi təsiri ilə bağlı təzadlı fikirlərlə məhdudlaşır. Bu gün sizə bu dadlı təamın yaranma tarixi, yayılması, keyfiyyət göstəricisi və onun üçün açılan muzeylərlə bağlı məlumat verəcəyik.

 


Şokoladın tarixi

 


Çoxlarınıza məlumdur ki, şokolad şəkərlə doldurulmuş kakao kütləsidir. Sözügedən şirniyyat bizə məlum olan müasir vəziyyətinə müəyyən yol keçərək gəlib çatıb. Qeyd edək ki, şokoladın tarixi dörd min il bundan əvvələ gedib çıxır. Qədim dövrlərdə şokolad soyuq halda olan içki kimi istifadə edilirdi. Kəşf edilən şokoladı ilk dadan qədim omellər olub. Həmin məhlulun adını da məhz onlar qoyub. Qədim omellər şokolada "kakava” deyirdilər. Bu söz indi də işlənir.

 

 


Şokoladın vətəni isə Mərkəzi Amerika hesab olunur. Adıçəkilən ərazidə məşhurlaşmış asteklər öz çarları üçün şokolad içkisi hazırlayırdılar. Bunun üçün onlar kakao ağacının paxlalarını toz halına salır, şirin olması üçün ona bal və sürtkəçdən keçirilmiş təzə buğda dənləri qatırdılar. İçki şirinləşdirilsə də onu acı içki "çokoatl” adlandırırdılar. Onun digər adını "teo brama”nı qədim yunanlar qoyub ki, bu da "Tanrıların içkisi” mənasını verir.

 



Şokoladın tərkibi o zamandan bu dövrə qədər çox dəyişikliklərə məruz qalıb. Bizim eramızın 600-cü ilinə qədər şokolad ilkin tərkibinin heç bir komponentini itirməyib.


Şokoladın inkişaf tarixini maya tayfası davam etdirib. Bu dövrdə bütpərəstlik şokoladın çox qiymətli içkiyə çevrilməsinə səbəb olur. Onunla bir çox dini mərasimlər və ənənələr bağlı idi. Şokolad Allahların qidası hesab olunduğundan qiyməti çox baha idi.


Maya hinduları Mərkəzi Amerikadakı Yukatan yarımadasında indiki Meksikada yaşayırdılar. Maya hindularının vaxtında kakao ağacı əkilirdi. Yabanı şəkildə bitən kakao ağacları isə azlıq təşkil etməsə də hamının istifadə edə biləcəyi qədər məhsul vermirdi. Nəticədə hindular kakao paxlalarını ödəniş vasitəsi kimi istifadə etməyə başlayırlar.

 

 


Xatırladaq ki, o dövrdə yüz kakao paxlasına bir qul almaq olurdu. Kakao paxlalarının baha olması maya hindularını kakao plantasiyaları salmağa vadar etdi.

 


 

"Tanrıların içkisi”ndən istifadə genişlənir

 

 


Mərkəzi Amerika asteklərinin kakaoya münasibəti sadə idi. Bu ərazidə yaşayan hindular plantasiyalar salırdı. Belə olan halda məhsulun qiyməti aşağı düşürdü. Kakao paxlalarından vergi kimi istifadə edilməyə başlanılır. Vaxt keçdikcə "Tanrıların içkisi” çoxları üçün əlçatan qidaya çevrilirdi.

 

 


Bütün bu proseslər Amerikanın avropalılar tərəfindən kəşfi ərəfəsinə təsadüf edir. Bu da şokoladın Avropada yayılmasına imkan verdi. O zaman ekzotik olan kartof, qırmızı istiot kimi ərzaq növləri ilə birgə Avropaya gətirilən şokolad yerli əhalinin xoşuna gəlir, onlara ləzzət verirdi. Amma ilk vaxtlar şokoladın qiyməti baha olduğundan onu yalnız zəngin adamlar əldə edə bilirdilər.



 

İspanların sirri açıldı

 


1517-ci ildə ispaniyalı Ernan Kortes Meksikaya gedir. Asteklər onu qayıtmış Kesalkoatl Allahı sayırlar. Kortes Meksikanı istila etdikdə anlayır ki, şokolad öz vətənində ona nüfuz qazandıra bilər. O kakao paxlaları və onun istehsalı üçün nəzərdə tutulmuş avadanlıq dolu gəmiləri öz vətəni olan İspaniyaya istiqamətləndirir. Gəmilər İspaniyaya çatanda bu ölkə üçün əsl kəşf oldu. İspanlar şokoladı ölkələrindən kənara yaymağa tələsmirdilər. Bununla yanaşı, onlar içkinin hazırlanması prosesini gizli saxlayırdılar. Onlar şokoladın məlum reseptinə darçınla cövüz əlavə edir və isti halda içirdilər.

 


İspanlar şokoladın hazırlanmasını müəyyən müddət gizli saxlamağa çalışsalar da bu, uzun sürmədi. Səyyahların Mərkəzi Amerikaya səyahətləri nəticəsində şokolad az vaxtda çox ölkədə tanınmağa başladı. Məsələn, səyyah Françesko Kareti şokoladın İtaliyada tanınmasına nail oldu. İtalyanlar ispanlar kimi xəsis olmadıqlarından həmin şirniyyat növü Avropaya geniş və tez bir zamanda yayıldı. Amma digər məhsullardan fərqli olaraq şokolad İspaniyadan Avropaya baha qiymətə gətirilirdi.

 


 

Şokolad zaman göstəricisi rolunda

 


1657-ci ildə Londonda ilk şokolad zavodu tikilib. Bu şəhərdə ingilis elitasının toplaşdığı şokolad evləri yaranmağa başladı. Onların arasında ən məşhuru "Uaytın evi” hesab olunur. O, şokoladdan istifadə mədəniyyətini qoruyaraq bizim dövrə qədər gətirib çıxardığı üçün belə şöhrət tapıb. Hələ qədim dövrdən İngiltərədə şokolad içkisi mədəni həyat tərzinə, elementinə çevrilmişdi. Ən maraqlısı isə Avropada şokoladla vaxtın ölçülməsidir. Belə ki, avropalılar "şokolada gəlin” deyəndə "sizi axşam saat səkkizdə gözləyirik” fikrini çatdırmaq istəyirdilər. 1700-cü ildə isə ingilislər şokolada süd əlavə edirlər. Sonralar isə kakao paxlası ilə kakao yarpağının çəkilməsi şokoladın tarixində dönüş oldu. Bu, şokoladın yalnız içki kimi deyil, həm də bərk şəkildə istehsalını mümkün edirdi. 1825-ci ildə İngiltərənin hərbi dəniz donanması bütöv Avropanın özündən daha çox kakao alırdı. Onlar şokoladı əsl matros içkisi adlandırırdılar.


Şokolad fanatlarından biri XIV Lüdoviqin həyat yoldaşı Mariya Tereza olub. Deyilənə görə o, həyatda iki şeyi yüksəkdə tuturdu ki, bunlardan biri də şokolad idi. XIV Lüdoviqin dövründə şokoladdan konfetlər, pastila kimi şirniyyatlar istehsal edilməyə başlandı. 1674-cü ildən etibarən şokoladın əsasında rulet və pirojnalar hazırlanmağa başlandı. Bu şirniyyat aləmində əsl inqilab hesab olunur.

 


M. Kristine. İmperator Mariya Terezanın ailəsində Milad bayramı. 1762

 


O zamanlar şokoladın qiymətinin kifayət qədər baha olduğunu yuxarıda diqqətinizə çatdırmışdıq. Bunun səbəbi isə şokoladın ənənəvi astek metodu ilə hazırlanması ilə əlaqələndirilirdi.


Müəyyən müddət keçdikdən sonra bazara şokoladın əsilləri ilə bərabər saxtaları da çıxarılmağa başladı. Belə ki, işçilər kakao paxlalarını ovan zaman kütlənin üzərinə badam ovuntusu da əlavə edirdilər. Bununla da saxta şokoladlar satışa çıxarıldı. Xatırladaq ki, Avropada ən pis şokolad Parisdə istehsal olunan şokolad idi.


XIX əsrdə şokoladın kütləvi istehsalına başlanılır. Afrikada Portuqaliya müstəmləkəçiləri kakao ağacı əkirdilər. Şokoladın emalında pıitka hazırlamağa imkan verən yeni metod 1802-ci ildə icad olundu. Məlum olduğuna görə, bu üsul İtaliyadan İsveçrəyə köçən və 1819-cu ildə ilk şokolad mağazası açan Fraqnsue - Lui Kaye tərəfindən tətbiq olunub.


İlk südlü şokolad İsveçrədə istehsal olunmağa başlayır. İsveçrə şokolad istehsalı üzrə tədricən "şokoladlar ölkəsinə” çevrilir.

1920-ci ildə ingiltərəli Con Mars öz adı ilə adlandırdığı və bu gün də məşhur olan "Mars” şokolad batonunu istehsal edir. 1991-ci ildə isə İngiltərədə Şokolad Cəmiyyəti yaradılır.

 


Dünyanın şokolad muzeyi



Şokolada olan məhəbbət gündən-günə artır və bunun nəticəsində iri şəhərlərdə xüsusi şokolad muzeyləri, salonları yaranır. Nümunə olaraq qeyd edək ki, Barselonada şokolad muzeyi yaradılıb və bu muzey indinin özündə də fəaliyyət göstərir. Muzeyin kolleksiyası isə Barselonanın görkəmli yerlərinin şokoladdan hazırlanmış kiçik maketlərindən ibarətdir.

 






 

Şokolad salonlarından birində isə moda baxışı əsl hadisəyə çevrilib. Burada modelyerlərin hazırladığı geyimlərə şokolad detalları əlavə edilib. Belçikada təşkil edilən sərgilərdə isə şokoladlı pivə adlı qənnadı məhsulunun təqdimatı olub.

 


Şokoladın keyfiyyət göstəricisi nədir?

 


İndi mağazalarda müxtəlif ölkələrin şokoladlarına rast gəlmək olur. Amma hamı keyfiyyətli məhsul almaq istəyir. Əgər "plitka” kimi tanıdığımız şokoladın tərkibində 25-30 faiz kakao paxlası göstərilibsə, onda bu şokolad aşağı keyfiyyətli hesab olunur. 35-40 faiz kakao paxlasının olması isə yaxşı göstəricidir. Kakao paxlasının faizi 45-60 dək olarsa, bu, əla növ şokolad hesab olunur.


Çoxlarını şokoladın niyə ağ rəngdə olması maraqlandırır. Qeyd edək ki, bu kakao yağı ilə əlaqədardır. Belə ki, şokolada forma vermək üçün istifadə olunan kakao yağı ağ rəngdə olur, ona quru süd və ya şəkər tozu əlavə etdikdə ağ rəngdə şokolad alınır. Qara şokolad da kakao yağından hazırlanır. Ona tünd rəng verən isə kakao tozudur.


Təxminən 4 min il bundan əvvəl şokoladla sıx bağlı olan digər bir şirniyyat növü də icad edilir. Qədim yunanlar təsadüfən balı, ənciri, qozu bir-birinə qatıb dünyada ilk konfetlərin sahibinə çevriliblər. Amma konfet şokolad qədər mifik nüfuz qazana bilmir.

 


Şokolad ev

ABŞ- da şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-ın göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir. Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb. Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib. Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindən fontan hazırlayanlara da rast gəlmək olur.

 


Azərbaycanın məşhur brendi

 


Azərbaycanda isə şokolad məhsulları XVII əsrdən başlayaraq sənayenin sürətli inkişafı nəticəsində tanınmağa başladı. Lakin yerli istehsal olmadığı və gətirilməsi çox baha başa gəldiyi üçün ölkəmizə şokolad məhsulları nadir hallarda, xüsusilə xarici ölkələrə gedən varlı insanlar tərəfindən gətirilirdi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu zamanlarda da bu hal bir müddət davam edir. Çünki Moskvada və digər şəhərlərdə istehsal edilən şokoladlar respublikamıza gəlib çıxmırdı. Sonralar Rusiya və ittifaqın digər dövlətləri ilə əlaqələrin sıx olması, gediş-gəlişin asanlaşması, iqtisadi münasibətlərin genişlənməsi şokolad məhsullarının Azərbaycanda bir qədər yayılmasına səbəb oldu.

 


Lakin bu əlaqələr Azərbaycanın hər bir alıcısının şokoladdan asanlıqla istifadə etməsi demək deyildi. Çünki ittifaq iqtisadiyyatı inzibati-amirlik sistemi ilə idarə olunduğundan bütün məhsullar kimi şokolad da dövlətin idarəçiliyində idi. Təbii ki, bu da digər məhsullar kimi, şokolad məhsullarının da geniş yayılmasında heç bir maraq doğurmurdu. Azərbaycanda şokoladın geniş vüsət alması XX əsrin ikinci yarısına təsadüf edir. Uzun əsrlərdən sonra artıq Bakıda və Gəncədə bu məhsulun istehsalına başlanıldı. Yerli istehsalın olması artıq hər bir azərbaycanlının şokoladı dadmasına şərait yaratdı. Qısa bir müddətdə şokolad azərbaycanlı ailəsinin ən sevimli təamına çevrildi. Artıq çay süfrələrində, məclislərdə, qonaqlıqlarda, şənliklərdə, bayramlarda, toylarda və bir sözlə, hər yerdə yerli şokolad məhsullarına rast gəlinirdi.

 


Azərbaycanda öz keyfiyyət və dadı ilə məşhurlaşan yerli istehsaldan biri də "Çinar” şokoladları idi. "Çinar"şokoladının istehsalı "Gəncə-Qənnadı” Fabrikinə məxsus idi. Resepti də həmin fabrik tərəfindən hazırlanıb. Gəncə çinarlar şəhəri olduğu üçün şokoladın adının da "Çinar” olması tövsiyə olunmuşdu. 1973-cü ildə fabrikin açılışı zamanı müxtəlif adda 700-800 çeşid məhsul istehsal olunurdu. Beləliklə, həmin ildən etibarən "Çinar” şokoladları qısa müddətdə brendə çevrildi. Daha sonra keçmiş ittifaqda da geniş yayılaraq istehlakçıların rəğbətini qazandı. "Çinar” şokoladları  sovet dönəmində 250, 300 və 500 qramlıq qutularda istehsal olunurdu. Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayar. Keçmiş SSRİ dönəmində azərbaycanlıların yolu başqa ittifaq respublikalarına düşəndə, onlardan "Çinar” şokoladları istəyirdilər. Səfərə çıxan hər bir azərbaycanlının çantasında mütləq bu şokolad qutusundan olurdu. Qonaq getdikləri yerə sovqat-pay olaraq mütləq bu şokoladdan alıb aparardılar. Həmin vaxt nəinki kənar ölkələrdə heç öz vətənimizdə də bu şokoladı tapmaq asan deyildi. "Çinar” əl altından satılırdı. Bir vaxtlar şöhrəti bütün SSRİ-ni bürüyən bu məşhur Azərbaycan brendi elə sovetlərin dağılması ilə də yoxa çıxdı.

 




İyirminci əsrin 90-cı illərində Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, şokolad məhsullarının istehsalında da tənəzzül baş verdi. Artıq köhnəlmiş avadanlıqlarda istehsal edilən məhsullar alıcıların tələblərinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra dünyanın bir çox şokolad istehsal edən ölkələri ilə əlaqələr yaradan iş adamları daha keyfiyyətli məhsullar idxal etməyə başladılar. Hazırda günümüzdə yenidən "Çinar” şokoladları və digər şokolad növləri istehsal olunmağa başlasa da əvvəlki məşhurluğu tələbatı qalmayıb.

 


Şokoladın faydaları

 


Gələk şokoladın faydalarına. Hamıya məlumdur ki, tünd şokolad xoşbəxtlik hormonunun ifrazını artırır, həmçinin stress atmaqda və beyinin dincəlməsinə də kömək olur. Hər gün az miqdarda tünd şokolad yemək sinir sisteminə də faydalı olur. Məlum olduğu kimi kakao ən güclü antioksidant sayılır. Tünd şokoladlarda kakao çox olduğuna görə antioksidant təsirə malikdir.

 


Son olaraq xatırladaq ki, ilk dəfə 1550-ci ildə Avropaya kakao paxlasının gətirildiyi iyulun 7-si hər il bütün dünyada Şokolad Günü kimi qeyd olunur.

 

 

 

 

 


Hazırladı: Günel Deniz

Qadinkimi.com