BURA / ORA, FEMİNİZM
Eynşteyn kimi qadınlar :) Tarix : 06 Sentyabr 2022, 14:00
Yazar : Qadinkimi.com

Dünyanı dəyişən qadın ixtiraları

 
İnsanların yaşamını asanlaşdıran bir sıra ixtiralar var ki, onlara məhz qadınlar imza atıb.

Büstqalter

Qadın qarderobunun bu detalı 1889- cu ildə Fransada Ermini Kadol tərəfindən patentləşdirilib. Xanım Kadol "le Bien-Etre" ("əmin-amanlıq") adlı məhsulunu ilk dəfə öz korset emalatxanasında nümayiş etdirib. Bu büstqalterin ön hissəsi iki sətin lentlə dəstəklənir, arxa hissəsindəki bütün konstruksiya isə korsetə bərkidilir. 
 


Çəhrayı şampan şərabı

Nikol Barbye Kliko 1808- ci ildə "remuage” texnologiyasını kəşf edir və bu yenilik sayəsində şampan cəmi 3 ay ərzində çöküntüdən təmizlənib  büllur şəffaflığı qazanır. Bu ixtira içkinin keyfiyyətini artıraraq ona böyük populyarlıq qazandırır.
 

 

Zirehli gülləkeçirməz gödəkçə

1965- ci ildə Dr. Stefaniya Kvolek poladdan beş dəfə möhkəm olan Kevlar adlı sərt və davamlı  materialı icad edir. Onun ixtirası minlərlə polisin, yanğınsöndürən və hərbçinin xilasına səbəb olub. Kevlar materialı gülləkeçirməz zirehli gödəkçənin əsasını qoyub. Həmçinin bu maddədən asma körpülər, dəbilqə, xizək və düşərgə avadanlıqlarında da istifadə olunur.
 

 
Astrolyabiya və ya Üstürlab

Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən bu cihaz isgəndəriyyəli qadın – filosof, astronom və riyaziyyatçı Hipatiya Aleksandriyskaya tərəfindən b.e. ə. 370- ci ildə ixtira edilib. Bu cihazla Hipparkos  Ptolemey üçün səma ulduzlarının kataloqunu tərtib edib. Sonralar farslar astrolyabiyaların təkmilləşdirilməsi ilə məşğul olurlar və ondan gecə və gündüzün uzunluğunun və yer üzərində horizontal bucaqların təyini, həmçinin bəzi riyazi hesabatların aparılması üçün istifadə edirlər.  Həmin cihaz bu gün sferik astrolyabiya kimi tanınır. 
 


Şokoladlı peçenyelər

Rut Ueykfild 1930- cu ildə klassik reseptə uyğun peçenye hazırlayarkən, şokolad çubuğunu əridib xəmirə əlavə edərək eksperiment aparır. Çox ləzzətli peçenyelər alınır. Daha sonra Rut həyat yoldaşı ilə birgə şokoladlı peçenyenin  kütləvi istehsalına başlayır.
Qonaqları üçün şokoladlı peçenye bişirmək istəyən Ueykfild şokoladın bitdiyini görüb "Nestle”nin hazır şokoladını istifadə edir. Lakin Rutun əlindəki şokolad parçaları qəflətən bütün xəmirin içinə dağılır. Beləliklə, gözəl bir qəza nəticəsində içərisində iri parçalanmış şokolad olan dadlı peçenyelər ortaya çıxır. Təxminən 100 ildir ki, bu peçenyelər bütün dünyada sevilir.
 


Uşaq bezləri

Yorğun ana və ev xanımı olan Marion Donovan 1917- ci ildə əlindəki duş pərdəsi ilə tikiş maşını arxasına keçir və bir neçə cəhddən sonra su keçirməyən uşaq bezi tikir. İməkləyən körpələr üçün artıq bazarda satışda olan rezin tumanlardan fərqli olaraq, Donovanın hazırladığı uşaq bezi körpənin dərisini tərdən bişirmir  və  sıxmır.
 


Wi-Fi

Hedi Lamarr kino tarixində seksual xarakterli ilk açıq saçıq səhnələrin olduğu çexoslovak rejissor Qustav Maçatinin 1933- cü ildə ekranlaşdırdığı "Ekstaz" adlı filmində rol aldığı üçün skandallı şöhrət qazanmışdı. Roma Papası XII Piy katolikləri filmi izləməməyə çağırır. Hətta Adolf Hitler buna görə onu Üçüncü Reyxin düşməni adlandırır. Lakin bir müddət sonra aktyorluq karyerasından sıxılan Hedinin tətbiqi elmlərə marağı artır. İlk evliliyi müddətində təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləyir. Daha sonra II Dünya Müharibəsinin başlanğıcında düşmənin hücumunu çətinləşdirmək üçün yayım tezliyini dinamik şəkildə dəyişdirən gizli ünsiyyət vasitəsini patentləşdirir. 1962- ci ildən bu cihaz Amerika torpedolarında  və hazırda mobil rabitə və Wi-Fi şəbəkələrində istifadə olunur. Radio dalğalarla göndərilən gizli mesajları idarə etmək üçün "Gizli Rabitə Sistemləri" Hedi Lamarr tərəfindən kəşf edilib və 1941-ci ildə patentləşdirilib. Hedi Lamarr aktrisa idi. Cihaz İkinci Dünya müharibəsi dövründə faşistlərə qarşı istifadə edilmək üçün nəzərdə tutulmuşdu, lakin onun geniş istifadəsinə 20 il sonra başlanıldı.
Avstriyalı aktrisa Hedi Lamarr Hitler ordusundan olan zəngin bir adamla ailə qurduqdan sonra həyatı tamamilə dəyişir. O, əri ilə getdiyi bir çox yığıncaqlarda silahlar haqqında ətraflı məlumat toplaya bilir. Hedi Lamarr həyat yoldaşı və Hitler tərəfdarlarının fikirlərinə qarşı olduğundan, əvvəlcə Londona, ordan isə ABŞ-a qaçır. 
 
  
Silikon

Heykəltəraş Patrisiya Billinq öz əsərlərini dağılmaqdan qorumaq üçün bir sement qatqısı yaratmağı qarşısına məqsəd qoyur. Bir neçə sınaqdan sonra nəhayət 1970- ci ildə öz məqsədinə nail olur, dağılmayan gips hazırlayır. Tezliklə Billings bu materialın yanğına qarşı çox dayanıqlı olduğunu da aşkar edir.

Avtomobil üçün səsboğucu (susdurucu)

Bu akustik filtri isə 1917- ci ildə El Dolores Cons icad edib. Onun sayəsində dünya az da olsa sakitlik qazanıb.
 


Qəhvə üçün filtr

Melitta Benz sayəsində qəhvə sevənlər bir fincan qəhvə içmək üçün uzun, yorucu hazırlanma prosedurundan xilas olublar. Qəhvə üçün ilk filtr konusunu Melitta 1909- cu ildə tələbə dəftərinin vərəqindən hazırlayıb. 
 


Avtomobil şüşə təmizləyicisi

Bu gün avtomobillərin ön şüşəsini yağışdan, qardan təmizləyən ilk şüşə təmizləyicisini də qadın ixtira edib. 1903- cü ildə Meri Anderson adlı xanım düşən çovğun zamanı maşını tez-tez dayandıraraq şüşəni qardan təmizləmək məcburiyyətində qalan  sürücüyə yazığı gəlir və bu qurğunu ixtira edir. Lakin  "sürücülərin diqqətini dağıdır” bəhanəsi ilə 10 il patent ala bilmir. İllər sonra  avtomobillərin kütləvi şəkildə satışı, bu ixtiranın məşhurlaşmasına zəmin yaradır. Artıq sürücülərin maşınların şüşələrini silmək üçün sadəcə bir qolu çəkmələri kifayət edirdi. Həmin silginin elektrikli variantını da 1917- ci ildə yenə bir qadın Şarlotta Bricvud ixtira edib.
 


Qar təmizləyən maşın

Təmizliyin tək evdə deyil, küçələrdə də mütləq olduğunu düşünən katibə Sintiya Vestover 1892- ci ildə müasir qar təmizləyən maşınların "əcdadını” yaradır.
 


Qabyuyan maşın

Evində çalışan xidmətçinin sevimli çini dəstini və bir çox qiymətli qablarını sındırmasına qəzəblənərək qabyuyan maşını icad etməyə qərar verən qadın Jozefina Kokreyn. İstehsal etdiyi ilk maşın mis qazan içindəki təkəri fırladan mühərrikdən ibarət idi. Təzyiqli su ilə qabları yuyan ilk avtomatik qabyuyanı Kokreyn 1886- cı ildə patentləşdirib. 19- cu əsrdə evlərin əksəriyyətində maşını işlətmək üçün isti su sistemləri olmadığına görə Kokreyn bu texnikanı mehmanxanalara və restoranlara satmağa başlayır. Zamanla isə xanımların əlindən tutan bu qurğu evlərin ən lazımlı avadanlığına çevrilir.
 
 

Ət konservləri

1873 - cü ildə rusiyalı Nadejda Kojina Vyanada keçirilən ümumdünya sərgisində ət konservlərinin hazırlanması üsulunu təqdim edir və buna görə medalla təltif edilir.
 


Sualtı qayıqlar üçün periskop

1845-ci ildə Sara Meter tərəfindən patentləşdirilən bu cihazın köməkliyi ilə müşahidə edilən obyektlər arasındakı məsafə təyin edilir.
Dairəvi mişar
1800- cü illərin əvvəlində ağac kəsmək üçün mişarın hər iki başından tutacaq adama ehtiyac var idi. Lakin Tabita 1810- cu ildə icad etdiyi dairəvi mişarla artıq nəsə kəsəndə ikinci adama ehtiyac qalmır. Tabita Bebbit imzasını daşıyan bu icad mişar sənayesinin ən əhəmiyyətli vasitəsi kimi qəbul edilməyə başlayır.
 

 
"Blissymbol Printer”

Kanadalı ixtiraçı Reyçel Zimmerman 1980-ci ildə 12 yaşında olarkən "Blissymbol Printer” adlı yazı proqramını ixtira edib. Zimmermanın bir elm sərgisi üçün məktəb layihəsi kimi başladığı bu proqram beyin iflici kimi narahatlığı olan insanların ətrafla ünsiyyət qurmasını təmin edir.

Lazer üsulu ilə göz əməliyyatı 

Avropada yaşayan zənci qadın Patrisiya Batsa adlı xanım ilk dəfə olaraq gözlərin lazer üsulu ilə əməliyyatını həyata keçirib.   
Patrisiya Batsa katarakta əməliyyatında istifadə edilən yeni bir üsulu, lazerlə cərrahi müdaxiləni icad etdi və 1988- ci ildə patent alan ilk afro-amerikan qadın həkim olub.
         
İri həcmli kompüter 

Dr. Qreys Mörrey Hopper  ilk böyük miqyaslı kompüteri icad edib. İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində icra etdiyi işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM- Harvard Mark 1" -i icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını yazdırdı. Bu icad İT sahəsində inqilab hesab olunur.

Qatlanan yataq

Sara E. Qud qatlanan yatağı icad etdi və 1885-  ci ildə  patentini aldı.

Yanğın nərdivanları 

Ən faydalı icadlardan biridir. Texnologiyanın inkişafı ilə yüksələn binalar, ola biləcək bir yanğın riskinə qarşı müdafiəsiz qalmışdı. Ta ki 1887- ci ildə Anna Konnelli "yetər” deyənə qədər. Konnelli sayəsində saysız insanın həyatı xilas oldu.  Bütün dünyada binalar  daha etibarlı hala gəldi.
 

 
Çevirdi : Günel Dəniz