QADIN / KİŞİ
Günün qadını: Jin Marian Purdi Tarix : 18 Noyabr 2019, 14:40
Yazar : Qadinkimi.com
Elm tarixində adı unutdurulmağa çalışılan daha bir qadın; Jin Marian Purdi. İlk dəfə süni mayalanma yolu ilə uşaq doğumunun gerçəkləşməsi onun adı ilə bağlı olsa da, adı həmişə iki kişi həmkarının kölgəsində qalıb. 

İngilis mənşəli tibb bacısı və embrioloq Jin Marian Purdi 1978-ci ildə ilk dəfə süni mayalanma yolu ilə doğulan Luis Joy Brounun (Louise Joy Brown) doğumunda əməyi keçən üç elm adamından biri olub. Ancaq süni mayalanma texnologiyasının qurucularının adına Kershaus Kottec (Kershaw`s Cottage) xəstəxanası tərəfindən hazırlanan plakatda Purdiyə yer verilməmişdi. Plakatda təkcə Robert Eduards (Edwards) və Patrik Steptoe (Patrick) yer almışdı. Halbuki süni mayalanma prosesində embrional hüceyrələrin bölünməsinin ilk fərqinə varan məhz Purdi olmuşdu. 
Professor Robert Eduards Purdinin də adının süni mayalanmanın müəlliflərinin sırasına daxil edilməsinə çalışsa da, onun bu cəhdləri yerli səhiyyə rəhbərliyi tərəfindən rədd edilir. 

2010-cu ildə Eduards fiziologiya və tibb üzrə Nobel mükafatını alır. 39 yaşında həyatını itirən Purdinin uğurları isə elm tarixində gözardı edilərək unudulmağa çalışılır. 

1998-ci ildə klinikanın 20-ci ildönümü münasibətilə təşkil edilmiş bir konfransda çıxış edən Robert Eduards "Bu uğur iki deyil, üç insana aiddir” deyərək Jin Purdiyə haqqını təslim edir. 2018-ci ildə isə klinikanın 40-cı ildönümündə Jin Purdinin xatirəsinə bir tədbir təşkil edilir.
 
 

Çevirdi: Xumar Hüseynova
qadinkimi.com