BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
İrandakı etirazlarda daha bir gənc qız qətlə yetirildi Tarix : 04 Oktyabr 2022, 22:00
Yazar : Qadinkimi.com

İranda daha bir gənc qız 17 yaşlı Nika Shakarami Mahsa Amininin ölümündən sonra kütləvi etiraz aksiyalarında iştirak etdiyi üçün qətlə yetirilib. Günlərdir itkin düşən qızı işgəncə verərək öldürüb, sonra Kərəc şəhərinin çıxışına atıblar. 


Əxlaq polisi tərəfindən qaçırılan qızın cəsədi bir həftə sonra burnu tamamilə əzilmiş, kəllə sümüyü çoxsaylı zərbələrdən qırılmış halda təhlükəsizlik qüvvələrinə təhvil verilib.


17 yaşlı Nika Shakarami sentyabrın 20-də ölkədəki etiraz aksiyalarına qatılıb. Bu, ailəsinin onu gördüyü son gün olub. Daha sonra o itkin düşüb. Gənc qız ən son dostu ilə danışarkən polislərdən qaçdığını bildirib. On gün sonra ailəsi onun nəşini Kəhrizək həbsxanasının morqundan tapıb. 


Xəstəxana hesabatında Nikanın dəyənəklə vurulduğu və kəllə sümüyünün sındığı bildirilib. 


Beynəlxalq mediada yayılan xəbərlərə görə Shakaraminin ailəsi meyitin kimliyini müəyyən etmək üçün morqa getdiyində ailəyə qızlarının meyitini görməyə icazə verilməyib. Bibisi Ataş Shakarami də bu məlumatı təsdiqləyib. Ailəyə qızlarının yalnız üzünü bir neçə saniyəlik açıb göstəriblər. Ailəsinə dəfn mərasimi keçirməyə belə icazə verilməyib. 


Ailənin BBC Farscaya verdiyi məlumata görə onlar qızlarını atasının məmləkəti olan Xürrəmabadda dəfn etməyi planlaşdırıblar. Lakin yeniyetmənin cəsədi xəstəxana morqundan qaçırılaraq Tehrandan 40 kilometr aralıda yerləşən Veysyan kəndində ailədən gizli şəkildə dəfn olunub. 


Hadisədən sonra Xürrəmabad qəbiristanlığına toplaşan yüzlərlə insan rejim əleyhinə şüarlar səsləndirib.


 


qadinkimi.com