UŞAQ / BÖYÜK, HÜQUQLARIMIZ
Süpürgəçi anasıyla işə gedən qızcığaza TƏBİB yetişdi Tarix : 18 May 2021, 15:11

Süpürgəçi işləyən anası ilə hər səhər işə gedən qızcığazla tanış oldum.

Şəkil yayılan kimi Uşaq sığınacağının rəhbəri Kəmalə xanım DİN-ə müraciət edib, polislərimiz ailəni səhər beşdə tapıb sığınacağa gətiriblər, sağ olsunlar.

 

(Kəmalə xanımla kimsəsiz uşaqlar, köməyə ehtiyacı olanlar haqda uzun söhbətimiz oldu. Bu haqda ayrıca yazacam...)

 

Ora getdim. Qapının ağzı ailəyə ürəyi yanan adamla dolu idi. Zarafat edirəm, heç kim gəlməmişdi. Orda olanda Zamin adlı bir oğlan yaxınlaşdı, yüz manat yardım etdi, ordaca sığınacaq üçün kabab sifariş verib getdi. Bir də karta ayrı-ayrı adamların yolladığı iki yüz neçəsə manat yığılmışdı.

Bu şəkli çox adam faciəymiş kimi paylaşırdı. Gerçək faciə isə başqadı.


 

Əsl faciə Şövkətin dördüncü sinifdən məktəbdən çıxarılmasıdı. On altı yaşında heç bir sənədi-sənəti olmadan ərə getməsidi. Getdiyi evdə onunla əsir kimi davranılması, işgəncə görməsidi. Əsl faciə odur ki, bu qadını qayını bətnindəki ilk övladı düşənəcən döyüb. Faciə odur ki, bu qadın elə stresslər yaşayırmış ki, ikinci uşağı psixi qüsurlu doğulub. Ən böyük faciə isə odur ki, qadın həmin kişidən daha iki uşaq doğub. Faciə odur ki, anası doğ- düzələcək, deyirmiş ona. Lap, lap böyük faciə isə belə qadınlarımızın saysızlığıdı.


 

Bu hekayədə məni sevindirən bir məqam var. Nəhayət ağlı kəsəndə Şövkət xanım canını qurtara bilib, boşanıb. Süpürgəçi də olsa iş tapıb, daha artıq alçalmaya dözməyib. Qızını da, özünü də xilas edib. Bu zəhmətinə, dirənişinə görə sonunda həyat üzünə güldü. Bir fotoyla dünyası işıqlandı.

Fotoqraf Nuran bəy həmin gün yata bilmirmiş. Elə bil məni kimsə bayırdan səslədi deyir. Çıxdım çölə, gəzişdim, hara üz tuturdumsa, sanki məni köhnə dəyirmana tərəf yönəldirdilər. Birdən orada qarşıma bu ana- qız çıxdı. Qəribə və maraqlı mənzərəydi. Uşaq dirəşib süpürgəni istədi, bir az süpürəndən sonra anası əlindən aldı. Anında diksinib yuxudan ayılmış kimi oldum. Başladım çəkməyə. Məni çölə səsləyən səs bu dəfə də "paylaş, paylaş” deyirdi. Şəkli paylaşdım.