FEMİNİZM, BİLİM / DİN
Atamərkəzli dinlərdə qadın-kişi münasibətləri Tarix : 23 Noyabr 2022, 11:00
Yazar : Alov İnanna

E.Fromm dinləri anamərkəzli və atamərkəzli deyə iki qrupa ayırır və bunların əsas fərqini sevgi ilə əlaqələndirir. Anamərkəzli dinlərin və ya matriarxal cəmiyyətlərin özəyi ana sevgisi üzərindədir. Qadının doğuculuğu –  ilkin yaradıcı ünsürlərin ana kimi təsəvvür edilməsinə gətirib çıxartdı. Dünyaya insan gətirmək, candan can yaratmaq, o dövrdə ilahi hadisə kimi qiymətləndirilirdi, ona görə də ana ilə bağlı hər məqam müqəddəs sayılırdı.

 

İnsanın dünyaya gəlməsində atanın rolu bilindikdən sonra cinsi münasibətlər müqəddəs hesab edilməyə və dini ritualların tərkib hissəsinə çevrilməyə başladı. Yaxın və Uzaq Şərq ölkələrində "müqəddəs” məbəd fahişəliyi, Kamasutra, Tantra, yapon qeyşaları, yunan simpozium heteiraları və s. bu ritualların pozuq uzantılarıdır.


Təkallahlı dinlər olan atamərkəzli dinlərdə qadın-kişi münasibətlərində sevgi tələbi və təbliği yoxdur. (Tövratda "Süleymanın şeirləri” bölməsindəki erotik məzmunlu yazılar istisna edilir. Çünki, Sumer mətnləri oxunduqdan sonra həmin hissələrin sevgi tanrısı İnannaya yazılmış şeirlərin azacıq dəyişdirilmiş variantı olduğu üzə çıxdı). Tarixin ilk monoteist abidələrindən biri olan Talmudda qadın-kişi münasibətlərini davalı-şavalı görürük, orada göstərilir ki, yataq məsələləri üstündə Lilit acıq eləyib Adəmi tərk eliyir və bir daha onun yanına qayıtmır. Torpaqdan yarandığına görə özünü Adəmlə eyni statusda görən Lilitdən fərqli olaraq, ikinci arvad Həvva, Adəmin qabırğasından vücuda gəlir.

 

Amma hadisələrin sonrakı gedişində yeni ər-arvadın da davranışlarında sevgidən əsər-əlamət görünmür; onlar qadağan olunmuş meyvəni yeməklə Allahın əmrindən çıxmış olurlar, Allah bunun səbəbini Adəmdən soruşanda o, rahatca Həvvanı satır: "məni qadağan olmuş meyvəni yeməyə o məcbur elədi”. Və Allahın qəzəbinə tuş gəlmiş ər-arvad cənnətdən nəinki sevgili, hətta bir-birinə düşmən kimi qovulurlar: Bəqərə 36 və Əraf 24- də deyildiyi kimi: "...bir-birinizə düşmən kimi enin …”


Məsələnin ikinci tərəfi də var, Allah Həvvanı ikiqat cəzalandırır; o, dəhşətli doğum sancılarıyla Adəmin nəslini dünyaya gətirəcək, onun cinsindən olan hər bir qadın da ilk ananın günahının cəzasını çəkəcək. Yeri gəlmişkən, Allahın Həvvadan sonrakı bütün qadınları doğum sancısıyla cəzalandırmasını bir az anlamaq olar, bəs görəsən, qalan başqa dişi canlıların günahı nədir ki, onlar da Həvva nənənin badına getdilər?

 

Dişi olan heç bir canlıya seks asan başa gəlmir!

İudaizmin müqəddəs kitabı Tövratda Süleyman peyğəmbərin 700 arvadı (onların hamısı kral qızlarıdır) və 300 cariyəsi olduğu bildirilir. Bunlar azmış kimi Süleyman peyğəmbər Moav, Ammon, Edom, Sayda və Hithit ölkələrindən olan qadınları da "sevib” onlarla evlənir və arvadlarının qadın və kişi allahlarına da tapınıb Rəbbi qəzəbləndirir.

 

Çünki, Rəbbin İsrail xalqına etdiyi xəbərdarlığa məhəl qoymur: "Nə siz onların arasına girin, nə də onlar sizin aranıza girsinlər; çünki onlar sizi mütləq öz allahlarının ardınca sürüyüb yoldan sapdıracaqlar”. (Tövrat, Krallar,11:1-2) Belə məlum olur ki, arvad(lar)ın ərini sevməsi təqdirəlayiq sayılsa da, ərin arvad(ları)nı sevməsi "yoldan sapma” və Rəbbdən uzaqlaşmaq mənasına gəlir.


İudaizmin qadına baxışı olduqca mühafizəkar və sərtdir. Məsələn, dini qaydalara görə, zifaf gecəsi gəlinin bakirə olmadığı sübut olunarsa, onu daşqalaq gözləyir. (Tövrat, Qanunun təkrarı, 22:20)


Tövratda qadınların seksuallığına ikrah etmək üçün xeyli mətn var, məsələn, Tamar başına fahişə çarşabı taxıb qaynatası Yahudanı "yoldan çıxarır” və ondan ekiz oğlan doğur. (Tövrat, Yaradılış,19:36-38) Qaynata Yahuda çiçək kimi məsum təqdim edilir, hətta o gəliniylə söhbət edərkən belə, onun səsini tanımır! Yaxud Lutun qızları atalarını sərxoş edib ondan dünyaya uşaq gətirirlər. Burada da qızlar atalarını o qədər içirdiblər ki, atanın ağlına da gəlmir ki, qızları ona tələ qura bilərlər. (Tövrat, Yaradılış: 30-38)


Xristian peyğəmbəri İsanın xüsusi intim həyatı yoxdur. Bəlkə də buna görə, bu din intim münasibətlərə isti baxmır, axı İsa peyğəmbər özü də seks nəticəsində dünyaya gəlməyib. Hətta yüzillər boyunca xristianlar inanıblar ki, o, Məryəmin qoltuğundan doğulub.

 

Xristianlığın dini nümayəndələri isə, evlənmədən bütün ömürlərini yalnız İsaya həsr etməlidirlər. Əlbəttə, müasir  araşdırmalar rahib və rahibələrə cinsi münasibətin qadağan edilməsinin hardan qaynaqlandığını ortaya qoyur, ancaq buna xristianların öz cavabı var və bu cavab qadın-kişi münasibərlərindəki həm sevgiyə, həm də seksə qarşıdır. Orta əsrlərdə bir katolik keşişinin, bir rahibənin əks cinsi xəyal etməsi belə cinayət sayılıb; inkvizisiya dövründə bəzi rahibələr yuxuda özlərini cinsi münasibətlə məşğul ikən görəndə bunu özlərinə bağışlamaz, şeytanla əlaqədə olduqlarını güman edib, inkvizisiya hakimlərindən onları tonqalda yandırmalarını tələb edərlərmiş.

 


Təkallahlı dinlərin sonuncusu sayılan İslamda isə, vəziyyyət seksdən yanadır.

İslam ədəbiyyatında cariyələrindən başqa 10-a yaxın qadını olan Məhəmməd peyğəmbər haqda fəxarətlə "...onda 30 kişinin gücü vardı” yazılır.


Eləcə də dini təfsirlərdə, cənnətə düşəcək kişilər üçün də belə "gücün” keçərli olacağı vədləri boldur. Cinsi istək və güc qadınlar üçün fəzilət sayılmır, məsələn, bəzi islam ölkələrində qadın sünnətinə əxlaqi zəmin vermək üçün deyilən əsas fikir budur ki, "qadının yaxşısı seksual istəyi az olandır”.


Təkallahlı dinlərin heç biri islam dini qədər kişilərin cinsi arzularına  hesablanmayıb. Müsəlman kişilər həm bu dünyada, həm də o dünyada qadın sarıdan korluq çəkmirlər, onlar bütün ömürləri boyu dəfələrlə, hətta müsəlman olmayan qadınlarla da evlənə bilərlər, istəsələr müvəqqəti siğə də edə bilərlər, əsas kişinin "xoşudur”: "...xoşunuza gələn qadınlarla iki, üç və dördə qədər evlənə bilərsiniz...” (Nisa, 3)


Yaxud "…sizdən əvvəl kitab verilən ümmətlərin azad qadınlarıyla da … nigahlanmaq bu gün sizə halaldır.” (Maidə, 5)”


Müsəlman qadın isə bu dünyada ölənədək ərini daim başqa qadınlarla paylaşmağa, yaxud da paylaşmaq qorxusuyla yaşamağa məhkumdur; öldükdən sonra isə, əgər o, cənnətə düşərsə, əbədi gənc, gözəl və bakirə hurilərlə rəqabətə girməli olacaq. Əslində islamın müqəddəs kitabında kişilərdən fərqli olaraq qadınların cənnətdəki həyatı haqda bir kəlmə də yazılmayıb, görünür Məhəmməd peyğəmbərin –  "Mənə cəhənnəm əhli göstərildi, əksəriyyəti qadınlar idi. Siz qadınların çoxu cəhənnəm kötüyüdür.” –  deməsi buna görəymiş.


Yəhudilik və xristianlıqda olduğu kimi, islam dinində də qadın şeytani varlıqdır. Şeytan, qadın-kişi münasibətlərində kişilərin qarşısına qadın cildində çıxır. Qadınlara "meyl etmək”, "cahilləşməmək” üçün müsəlman kişi allaha sığınıb dua etməlidir: "...Allahım, zindan qadınların məni dəvət etdikləri şeylərdən daha yaxşıdır. Onların tələlərini məndən uzaq elə; Əgər sən onların tələlərini məndən uzaqlaşdırmasan, onlara meyl edərəm və cahillərdən biri olaram.” (Yusif, 33)


Doqquz yaşından etibarən ər evinə getməyə hazır sayılan müsəman qadınının əsas keyfiyyəti itaət qabiliyyətini nə dərəcədə reallaşdıra bilməyindədir. Bu qabiliyyətini ortaya qoymayanda isə onun döyülməkdən öncəki cəzası cinsi münasibətdən məhrum edilməsidir: "Dikbaşlıq etmələrindən qorxduğunuz qadınlara öyüd verin, yataqlarında onları tək qoyun, nəhayət döyün. Sizə itatət edərlərsə onların əleyhinə başqa yol axtarmayın." (Nisa, 34)

Müsəlman kişi tək qadınlı olmadığına görə cəzalandırdığı qadından yatağını ayırması, onun özü üçün fəlakət yaratmır, əks təqdirdə bu cəza ikt tərəfli olardı ki.

 


İslam hüququna görə 9, hətta 5 yaşındakı bir qız uşağı "şəhvət” mövzusu ola bilər.

Dünyanın kişilər üçün həzz verən maddi nemətləri içərisində qadın əvvəldə gəlir: "Qadın…(və) gümüş yüklü atlar, davarlar… dünya həyatının mətahıdır” (Əli-imran 12)


Müsəlman mütəkəllimləri nəsihətamiz bir şəkildə "əməli saleh qadın”ı belə təsvir edirlər: "Əsl müsəlman qadını malını, canını, vaxtını ərinə sərf edəndir, onu qısqanmadan o biri arvadlarının yanına göndərəndir.” Məsələn, Qəzzali, varlı ərindən qalan mirasla Əbul Həvariyə ərə gedən Rəbiyyəni ideal qadın kimi təqdim edir.

 

Əbul Həvari Rəbiyyə haqqında deyirmiş: "Bu qadının üstünə üçünü də aldım, Rəbiyyə mənə dadlı yeməklər yedizdirər, üzərimə gözəl ətirlər vurar və "buyur, o biri xanımlarının yanına get” deyərdi.” Buradan da göründüyü kimi islam mütəkəllimləri filosof Qəzzalinin simasında əsl müsəlman qadınını belə təsəvvür edir: müsəlman qadın ərinin başqa qadınlarla bağlı seksual arzularını həyata keçirməli, ərinin yadına seksual obyekt kimi düşəndə isə, istisnasız onun istəyini yerinə yetirməlidir.


Müsəlman qadınının sevib ərə getməsi də başqa bir problemlə əlaqəlidir, onun sevib-seçmək haqqı bəlkə də var, amma bu haqqın tanınması həmin qadının atasından, atası yoxdursa qardaşından, hətta oğlundan asılıdır: yetər ki, son sözü deyəcək bir kişi olsun: "…(qadınlarla) vəlilərinin icazəsi ilə evlənin…” (Nisa, 25)

 

Müasir dövrümüzdə islam aləmində qadın seksuallığıyla əlaqəli "narahatlıqlar” özünü zirvə nöqtəsi kimi aşağıdakı fətvalarda göstərir: bir neçə il əvvəl Səudiyyə mollalarından biri qadınlara dənizdə çimməyi qadağan edib, səbəb kimi dəniz sözünün kişi cinsində olmasını göstərib. Digər fətva isə, volosiped oturacağının seksual duyğu yaradacağı "qayğısıyla” qadınlara velosiped sürməyi yasaqlayır.


Belə dini yanaşmaların izi mentalitetimizin ana mövzusu olan "namus” anlayışında görünür: Azərbaycanda bir qadının namuslu olmasının əsas göstəricisi onun intim həyatındakı kişinin sayıdır. Azərbaycanda bir kişinin namuslu olmasının əsas göstəricisi də, ona doğma və qohum olan qadınların intim həyatındakı kişinin sayıdır. Qadınlarla bağlı "təcrübəlilik” kişi üçün gizli və aşkar fəxarət olsa da, kişilərlə bağlı "təcrübəlilik” qadın üçün rəzalət və həqarətdir.

 

Alov Inanna

 

qadinkimi.com